6 Dekabr 20:29
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a bildiriblər ki, Sahibə Qafarova "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq parlament konfransının əhəmiyyətinə toxunub. Deyib ki, tədbir ölkələrimizin siyasi həyatında parlamentlərimizin rolu, qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsi məsələlərinə həsr olunub. Eyni zamanda, bu tədbir Azərbaycan və Türkiyə parlamentlərinin işbirliyi, birgə fəaliyyəti məsələlərinə də diqqət yetirməyə imkan verəcək.

Görüşdə vurğulanıb ki, ölkələrimiz bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirirlər. Əlaqələrimizin dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə - müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd edilib. Vurğulanıb ki, Şuşa Bəyannaməsinin imzalanması münasibətlərin daha da genişləndirilməsinə təkan verib. Azərbaycan-Türkiyə birliyi regional sabitlik, təhlükəsizlik üçün olduqca mühüm amildir.

Fuad Oktay növbədənkənar parlament seçkilərinin uğurla təşkili münasibətilə təbriklərini çatdırıb. O, Türkiyədən böyük heyətin seçkiləri müşahidə etdiyini diqqətə çatdırıb.

TBMM-in komitə sədri ölkəmizin qazandığı bütün nailiyyətlərin qardaş ölkə olaraq Türkiyəni sevindirdiyini, bu gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağının dalğalanmasının qürurverici olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin parlamentlər müstəvisində də uğurla davam etdirildiyi bildirilib. Parlament sədrləri, o cümlədən dostluq qrupları arasında sıx təmasların bu münasibətlərə mühüm töhfələr verdiyi vurğulanıb. Eyni zamanda, parlamentlərimizin ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli əməkdaşlıq formatının da mövcud olduğu qeyd edilib.

Tərəflər beynəlxalq parlament platformalarında qarşılıqlı dəstək və birgə fəaliyyətin də vacibliyini xüsusilə qeyd ediblər. Bəzi dairələr tərəfindən ölkələrimizə qarşı ikili standartlar, təzyiq, şantaj, böhtan kampaniyaları aparıldığı bir şəraitdə parlamentarilərimizin qarşılıqlı fəaliyyətinin daha böyük önəmə malik olduğu vurğulanıb.

F.Oktay, həmçinin AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması barədə qətnaməsini tənqid edib. Deyib ki, AŞPA-nın bu qərəzli və haqsız qərarı təşkilatın özünün nüfuzuna və etibarlılığına xələl yetirir. O qeyd edib ki, AŞPA bu səhvini düzəltməlidir və Türkiyə tərəfi də hər dəfə bu məsələ ilə bağlı xəbərdarlığını qarşı tərəfin diqqətinə çatdırır.

Görüşdə ötən ay Azərbaycanın ev sahibliyi ilə yüksək səviyyədə keçirilən COP29 barədə də fikirlər səsləndirilib.

Söhbət zamanı, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər