10:45
262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- ATƏT Parlament Assambleyasının Nazirlər Şurasının son iclasında bir çox məsələlər müzakirə edilsə də, Minsk Qrupunun buraxılması ilə bağlı fikirlər səslənmədi. Sizcə, bu lazımsız qurumu saxlamaq, ona maliyyə ayrımaqda məqsəd nədir?

- Həmin toplantıda Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov tərəfindən bir daha bəyan edildi ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulmalıdır. Belə bir təşkilat artıq gündəmdən çıxarılmalıdır. Çünki bundan sonra bu qurumun qalmasının, mənası, əhəmiyyəti yoxdur. Azərbaycanın sülh istiqamətində atılan və atılacaq addımları insanların, cəmiyyətlərin, beynəlxalq təşkilatların gözü önündədir. Əslində, problem heç ATƏT-lə bağlı deyil. Baş verən son hadisələr fonunda ATƏT-in yeni təhlükəsizlik sistemində özünə necə yer tapacağı da maraqlıdır. NATO-nun hansı funksiyanı yerinə yetirəcəyi belə sual altındadır. Bu halda Avropa Parlamentindən və Avropa Şurasından danışmaq belə yersizdir.

- Qərbdəki daxili ziddiyyətlərin bu qədər dərinləşməsi hansı amillərlə bağlıdır?

- ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bəyan etdi ki, NATO üzvü olan Avropa ölkələri öz paylarını verməsə və üzərlərinə düşən vəzifələri icra etməsə, Amerika təşkilatdan çıxa bilər. Bu əslində daxildəki problemləri bir daha təsdiq etdi. ATƏT-də isə vəziyyət aşağı-yuxarı eynidir. Türkiyənin sabiq xarici işlər naziri Firudin Sinirlioğlunun ATƏT baş katibi vəzifəsinə gəlməsi müsbət hal olsa da, beynəlxalq təhlükəsizlik sistemi tam olaraq dağıdıldı. Bunun əvəzində isə yenisi yaranmadı. Əslində, onun necə yaranacağını da hələ heç kəs bilmir. ATƏT Avropada Təhlükəsizlik və Əməkdaşlığa cavabdeh təşkilat olsa da, nə təhlükəsizlik, nə də ki, əməkdaşlıq qalıb. Bunun əvəzində müharibə var. Ona görə də, ATƏT-in bundan sonrakı dönəmdə proseslərin gedişində özünə nə dərəcədə yer tapması ciddi suallar yaradır.

- Qeyri-müəyyənlik bundan sonra hansı regionları əhatə edəcək?

- Rusiya-Ukrayna müharibəsinin bundan sonra hansı istiqamətdə gedəcəyi bəlli deyil. Yaxın Şərqdə gedən proseslər hər kəsə məlumdur. Bu bölgədə də ciddi proseslər cərəyan edir. Çünki Suriyadakı proseslərin və hadisələrin tez bir zamanda normal məcraya düşməsi indandırıcı deyil. Orada hələ ciddi hadisələr olacaq. Artıq Rusiya-Ukrayna cəbhəsində də son mərhələ yaxınlaşır. Son mərhələdə isə hadisələr bir qayda olaraq daha da şiddətlənir. Bu şiddətlənmə Avropada da özünü göstərəcək. Almaniyada və Fransada vəziyyət hazırda gərgindir.

- Cənubi Qafqaza bu proseslərin təsirini necə dəyərləndirirsiniz?

- Yaşadığımız region heç də bu proseslərdən kənarda deyil. Gürcüstanda gedən proseslər, Ermənistanın açıq şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmayacağını bəyan etməsi əslində, bu bölgədə də vəziyyətin heç də asan olmadığını göstərir.

- Azərbaycan tərəfinin ABŞ dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə üçtərəfli görüşdən (Azərbaycan-ABŞ-Ermənistan) imtina etməsi də diqqətdən yayınmadı. Görünür, ABŞ administrasiyasının son davranışları fonunda rəsmi Bakı Ağ evin moderatorluğuna etimad etməyib...

- Söhbət heç də Cozef Bayden administrasiyasının gələn ilin yanvarın 20-də hakimiyyəti təhvil verməsindən, yəni Blinkenin təmsil olunduğu komandanın ömrünün az qalmasından getmir. Faktiki olaraq Bayden administrasiyası o qədər pislik edib ki, Azərbaycan-Amerika münasibətlərinə xələl gətirəcək elə addımlar atılıb ki, boş, mənasız, yalan və böhtana söykənən məsələlər gündəmə gətirilib ki, onlarla danışmağın heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün Baydenin nə deməsi heç bir əhəmiyyət kəsb etmir. Heç media da onun açıqlamalarını yaymır. Ona görə də Blinkenin davranışları və adekvat olaraq Azərbaycan Xarici İşlər nazirinin vermiş olduğu qərarlar tam məntiqlidir. Əslində, mənasız bir şeyə vaxt sərf etmək düzgün deyil. Azərbaycanın mövqeyi aydındır. Blinkenin gethagetdə belə təşəbbüsə düşməsi anlaşılan deyildi. Onun indi oyanması və davranışlarının təhlilinə ehtiyac belə qalmayıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər