09:09
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycanla Ermənistan sərhədinin dəqiqləşməsində "Almatı razılaşması" daha çox önə çəkilir. Erməni tərəfi bu razılaşmaya mümkün qədər daha çox istinad etməyə çalışır. Bu, rəsmi Bakı üçün nə dərəcədə məqbul variant hesab edilir?

- Burada ziddiyyətli məqamlar çoxdur. Əgər "Almatı razılaşması" erməni tərəfini qane edirdisə, niyə vaxtilə Ermənistanın sabiq prezidenti hərbi cani Robert Köçəryan başqa cür yozurdu? Elə həmin razılaşmadan sonra Azərbaycanın Qarabağ və Şəqri Zəngəzuru əhatə edən əraziləri Ermənistan tərəfindən işğal edildi. Ona görə də sülh danışıqlarında dayaq nöqtəsi o olmalıdır ki, Ermənistanın hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddiası olmasın. Eyni zamanda sülh danışıqlarında bütün məsələlər aydın olmalıdır. Ancaq "Almatı sazişi"nə istinad edilsə və hüquqi-normativ aktlarda qonşu ölkəyə qarşı ərazi iddiası qalsa, bu, sözsüz ki, sülh müqaviləsini kövrək edəcək. Erməni tərəfinin bu kimi açıqlamları daimi danışıqlar prosesinə zərbə vurub. Çünki onlar problemin həllində açar rolunu oynayan nöqtələrdən, ifadələrdən istifadə etmək əvəzinə, həmişə məsələyə dolayısı yolla yanaşıblar. Burada əsas məqsədin nədən ibarət olduğunu hər kəs bilir.

- Sərhədlərlə bağlı müzakirələr aparılsa da, Azərbaycanın eksklav ərazilərinin taleyi nədənsə arxa plana keçir. Bir çox hallarda ərazi mübadiləsi gündəmə gətirilir. Həll yolu nədən ibarət ola bilər?

- Əslində, eksklav məsələsi həllini tapacaq ən asan istiqamətlərdən biridir. İndi əsas məqsəd Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Danışıqlar da məhz bu istiqamətə köklənib. Delimitasiya və demarkasiya, həmçinin eksklavlar sülh müqaviləsindən sonra danışılacaq məqamlardır. Məhz bundan sonra sərhəddin hansısa istiqamətində razılığa gəlmək olar.

- İndiki halda prosesin arxa planda saxlanılmasına səbəb nədir?

- Bütün məsələlərin həlli, sərhədlərin dəqiqləşməsi və müəyyənləşməsi əslində, indiki halda Azərbaycana sərf etmir. Çünki hələ də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını davam etdirir. Bunun fonunda maraqlı hadisələr yaşanır.

- Erməni tərəfini arxayın salan cəhətlər nədən ibarətdir?

- Hazırda maraqlı hadisələr yaşanır. Fransa Prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə ötən həftə Nikol Paşinyanın ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla ayaqüstü olsa da, görüşü təşkil edildi. Fransa tərəfi bu məsələdə elçiliyi öz üzərinə götürərərək, Ermənistanın baş nazirini və xarici işlər nazirlərini Qərbin ayrı-ayrı liderləri ilə görüşdürür. Bu isə o deməkdir ki, Makron erməni məsələsinin gündəmdən salınmaması üçün əlindən gələni edir. Nəticə etibarı ilə ABŞ-ni da öz tərəfinə qoşmaq üçün Makron tərəfindən addımlar atılır.

- Yaxın Şərqdə olanların Cənubi Qafqazdakı hadisələrə təsiri haqqında nə demək olar?

- Hazırda Suriyada baş verənlərin regiona təsiri olacaq. Bəşər Əsəd hakimiyyətdən uzaqlaşdı. Bu ölkədə xeyli sayda kürd yaşayır. Kürdlərin gələcək taleyi və bu əsasda orada yaşayan ermənilərin vəziyyətinə aydınlıq gətirilməlidir. Eyni zamanda Cənubi Qafqazda erməni məsələsinə aydınlıq gətirilməsi Fransa və bəzi Qərb dairələri arasında yenidən xristian amilinin ortaya atılması ilə nəticələnəcək. Bununla da xristianlıq meylləri güclənmiş olacaq.

- Bölgəyə kənar güclərin müdaxiləsi fonunda Azərbaycanın yanaşması necə olacaq?

- Cənubi Qafqazda hazırda dinamik hadisələr baş verir. Ötən həftə Azərbaycanda baş tutan həbslər, Gürcüstanda Maydan meyilləri (Ukrayna Maydan hərəkatı) qərbin burada istənilən halda surpiriz etməyə hazır olduğunu göstərir. Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesi, ümumiyyətlə, Cənubi Qafqazın taleyi qlobal kontekstlərdəki proseslərdən asılı olacaq. Amma bütün bunlara baxmayaraq, hər kəs bilməlidir ki, Azərbaycan dövləti, möhkəmdir. Azərbaycanı daxildən və xaricdən əzmək mümkün deyil. Cənubi Qafqazda kənar qüvvələrin həyata keçirməyə çalışdığı bütün planlar Azərbaycan tərəfindən pozulacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər