Xəbər verildiyi kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sərhədlərin delimitasiyası prosesində irəliləyiş olduğunu bildirib. Bundan əvvəl Baş nazir Nikol Paşinyan da sülh müqaviləsinin 90 faizinin razılaşdırıldığını qeyd etmişdi. Məsələ ilə bağlı Azərbaycan tərəfindən də müsbət açıqlamalar verilməkdədir.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov da Ermənistanla razılığın mümkünlüyündən danışıb. Lakin qonşu ölkənin əməlləri ilə istəkləri arasında ziddiyyətlər mövcuddur. “Hraparak”ın məlumatına görə, Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının 13-14 nəfərlik qrupu Cermuk (İstisu) istiqamətində daimi məskunlaşıb.
Maraqlıdır, bu məsələlər fonunda Azərbaycan - Ermənistan arasında sülh müqaviləsinin imzalanması nə dərəcədə realdır?
Mövzu ilə bağlı Teleqraf.com-a danışan siyasi şərhçi İlyas Hüseynov bildirib ki, bütün hallarda Azərbaycanın haqlı tələbləri yerinə yetirilməlidir:
"Son açıqlanan rəqəmlərə görə, Azərbaycan - Ermənistan arasında sülh müqaviləsinin 90 faizi razılaşdırılıb. Ölkəmizin irəli sürdüyü haqlı tələblər mütləq şəkildə yerinə yetirilməlidir. Ermənistan konstitusiyasının dəyişdirilməsi əsas hədəf və sülh üçün maneədir. Çünki onun preambulası Ermənistanın Müstəqillik Aktına istinad olunub. Sözügedən məsələ mütləq şəkildə öz həllini tapmalıdır. Çünki Azərbaycan Nikol Paşinyanla yox, Ermənistan Respublikası ilə sülh imzalamaq istəyir. Prosesin ləng getməsinə baxmayaraq, sərhədlərin delimitasiya və demarkasiya məsələsində müsbət nəticələr əldə olunub. Şimal istiqamətində sərhədlərimiz demarkasiya edilib".
Ekspert vurğulayıb ki, Aİ-nin Ermənistandakı mülki missiyası destruktiv fəaliyyətini davam etdirməkdə maraqlıdır:
"Bir müddət əvvəl Azərbaycanla sərhəddə Polşa Prezidenti Andjey Duda gəlmişdisə, indi də bu fəaliyyəti Fransanın Ermənistandakı səfiri Olivye Dekottini davam etdirib. Onlar müşahidə missiyasının müddətini və say tərkibini artırmaq istəyirlər. Bu da qruplaşmanın başqa məqsəd güdməsinin təzahürüdür. Digər məsələ isə ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Hesab edirəm ki, bu addım Ermənistanda hökumət böhranına, kənar geosiyasi mərkəzlərin adıçəkilən ölkədə ixtişaş yaratmasına gətiririb çıxarmayacaq. Minsk qrupunun ləğvi birbaşa Paşinyan Adminstrasiyası və Ermənistan Xarici İşlər Nazirliyi ilə bağlıdır. Keçmişdəki bütün danışıqlar formatının ləğv edilməsi məsələsini Ermənistanın irəli sürməsi bizdə əminlik yarada bilər".