11:45
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə sülh müqaviləsini imzalaması üçün Ermənistana ciddi təzyiq göstərəcək. Artıq Ankara sülh prosesində son mərhələyə çatdığımızı bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə bildirib.

Ekspert qeyd edib ki, yekun sazişin bağlanması üçün Ermənistan bir sıra şərtləri yerinə yetirməlidir:

“Türkiyə sülh müqaviləsini imzalaması üçün Ermənistana ciddi təzyiq göstərəcək. Ermənistan Baş naziri Nikol Paşinyanın sülh prosesini gecikdirməsi Ankaranın regional siyasətini təhdid edir. Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin son sərhəd görüşünün də bu xüsusda olduğunu düşünürəm.

Yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən Müstəqillik Bəyannaməsinə istinadı Konstitusiyadan çıxarmalıdır. Həmçinin digər qəbuledilməz şərtlərini geri götürməli və Zəngəzur dəhlizini açmalıdır.

İranın da prosesə müdaxiləçi rolu zəifləyib. Tehranın Zəngəzur dəhlizi ilə bağlı təzyiq cəhdləri neytrallaşdırılıb.

Paşinyanın Fransa Prezidenti Makrona arxalanması öz hakimiyyətinin itirilməsi ilə nəticələnə bilər. Regionda əsas söz sahibi Azərbaycan-Türkiyə ittifaqıdır. Ermənistan isə kürəyini prosesi dəyişdirmək iqtidarında olmayan Fransaya yaslamaqla vaxtı öz əleyhinə çevirir.

Artıq Türkiyə xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsinin son mərhələsindəyik və ya buna yaxınıq. Hakan Fidan həmçinin Ankaranın ikitərəfli danışıqları dəstəklədiyini söylədi. Son mesaj İrəvana ünvanlanıb ki, kənar qüvvələri prosesə daxil etmək cəhdi qəbul edilməyəcək”.

Məhəmməd Əsədullazadə istisna etmir ki, Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı son telefon danışığında sülh müqaviləsi ilə bağlı mühüm müzakirə aparılıb və bəzi məqamlar razılaşdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər