ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İranın nüvə silahı hazırlamasının qarşısını almaq məqsədilə onun nüvə obyektlərinə qarşı qabaqlayıcı hava hücumlarına icazə verə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Trampın komandası güclü iqtisadi sanksiyalarla yanaşı, hərbi güc və ya hərbi təhdiddən istifadə etməklə İranı çəkindirmək və nüvə proqramını pozmaq üçün maksimum təzyiq strategiyasını hazırlayır.
Tramp ilk iqtidar dövründə Tehrana qarşı hərbi gücdən qaçmağı seçsə də, hesabatda qeyd olunur ki, bu dəfə Yaxın Şərqdəki dramatik dəyişikliklər, xüsusən də son aylarda “Hizbullah”ın İsraillə savaşda ciddi itkilər yaşaması və Suriya lideri Bəşər Əsədin devrilməsi fonunda bu mövqeyini yenidən nəzərdən keçirir.
Planla tanış olan mənbələr ABŞ nəşrinə deyiblər ki, Tehranı çəkindirmək üçün hərbi təzyiqdən istifadə üçün müxtəlif yollar var.
Variantlardan birinə görə, ABŞ bu məqsədlə bölgəyə daha çox qüvvə, gəmi və döyüş təyyarəsi göndərə, İsrailin hücum imkanlarını gücləndirə bilər. Mənbələrin fikrincə, iqtisadi sanksiyalarla birləşən bu addımlar İranı çəkindirəcək. Bu plan uğursuz olarsa, ABŞ daha döyüşkən mövqe tuta və birbaşa hərbi güc tətbiq etməklə İranı hədələyə bilər.
Materialda qeyd edilir ki, strategiya hələ yekunlaşdırılmayıb, Trampın yanvarda Ağ evə ikinci qayıdışına qədər dəyişə bilər.