20:08
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Mətin bəy, Zəngəzur dəhlizi ətrafında müzakirələr yenidən çoxalıb. Yenidən ABŞ prezidenti seçilmiş Donald Trampın birinci hakimiyyəti dövründə dəhlizlə bağlı “Bolton planı” (2019-cu ildə ABŞ prezidentinin sabiq milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton) gündəmə gətirilir. Bu planın reallaşması nə dərəcədə inandırıcı görünür?

- Hər halda indi dünya 2019-cu ildəki səviyyədə deyil. Artıq qlobal regional müstəvidə yeni reallıqlar formalaşıb. Ona görə də, regionla xüsusən də Cənubi Qafqazla, Zəngəzurla bağlı Trampın hansı mövqeni nümayiş etdirəcəyi qeydi-müəyyəndir. Amma ümimilikdə Zəngəzur dəhlizinin açılması ABŞ Administrasiyasmnın maraqlarına uyğundur. Sözsüz ki, onlar dəhlizin Rusiyanın nəzarəti ilə açılmasını istəmirlər. İran isə Zəngəzur dəhlizinin açılmasına qarşı israrlı mövqe sərgiləyir. Son aylarda isə İran ətrafında baş verən hadisələr onun proseslərə təsir gücünün zəifləməsinə səbəb olub. Bu kontekstdə İran əvvəlki dövrlərdə olduğu kimi indiki halda Zəngəzur dəhlizinin açılmasına qarşı ciddi müqavimət göstərə bilməyəcək.

- Tehranın dəhlizlə bağlı mövqeyinin neytrallaşdırılması üçün hansı təsirli addımlar atıla bilər?

- Sözsüz ki, İran yenə də köhnə ritorikanı davam etdirə bilər. Amma bu ritorikanın arxasında əvvəlki illərdə olduğu qədər güclü iradə yoxdur. Bunun da səbəbi son dövrlərdə İran ətrafında baş verən proseslərdir. Yaxın Şərqdə İran ciddi problemlərlə üzləşib. Artıq İrana aid olan proksi-qüvvələr zəiflədilib. Suriyada Tehran bütün təsir imkanlarını itirib. Təbii ki, bütün bunlar İranın regional siyasətinin iflasa uğramasının təsdiqidir. Ona görə də, bu qədər problemlərlə üzləşən, daxili sosial, siyasi çətinliklər yaşayan bir ölkənin Zəngəzur dəhlizinin açılmasına qarşı uzun müddət müqavimət göstərəcəyi mümkün deyil. Təbii ki, İran tərəfi Zəngəzur dəhlizinin açılmasını arzulamır. Çalışacaqlar ki, buna mümkün qədər maneə olsunlar. Amma əvvəlki illərdə olduğu qədər İranın burada təsirinin böyük əhəmiyyət daşıyacağı gözlənilmir.

- Zəngəzur dəhlizinə nəzarətin hansısa beynəlxalq korporasiya tərəfindən həyata keçiriləcəyi açıqlanmışdı. Amma ortada 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmanın şərtləri var. Bu paradoks necə aradan qaldırıla bilər? Çünki üçtərəfli bəyanatda kommunikasiyaların Rusiyanın nəzarətindən açılması əksini tapıb...

- Kommunikasiyaların açılması ilə bağlı Ermənistanın öhdəliyi 2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində açıq şəkildə qeyd edilib. Burada əks olunub ki, Ermənistan Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında maneəsiz kommunikasiya əlaqəsinin qurulmasını təmin etməlidir. Maneəsiz hərəkət isə beynəlxalq hüquqda dəhlizi xarakerizə edən bir rejimdir. Təəsüf ki, Ermənistan bu günə qədər həmin öhdəliyi yerinə yetirmir. Kommunikasiya xəttinin açılması fonunda təhlükəsizlik məsələsi Rusiyanın dövlət sərhəd xidmətinə həvalə olunub. Erməni tərəfi isə məsələdən yayınmaq üçün müxtəlif manevrlər edir. Hətta iddia edirlər ki, hansı qərb strukturu və ya korporasiyası dəhliz üzərində nəzarət edə bilər.

- Azərbaycanın kommunikasiya xəttlərinin açılması ilə bağlı əsas tələbi nədən ibarətdir?

- Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında münasibətlər, o cümlədən normallaşma prosesi tərəflərin üzərinə götürdüyü öhdəliklər çərçivəsində olmalıdır. İlk növbədə açılacaq kommunikasiya xəttinin təhlükəsizliyinə əminlik olmalıdır. Burada bütün vəzifələrin tam olaraq Ermənistana həvalə edilməsi arzu olunmur. Çünki erməni tərəfinin təhlükəsiz gediş-gəlişə maneə olmayacağı ilə bağlı əminlik yoxdur. Ona görə də, Azərbaycan üçtərəfli bəyanatla Ermənistanın üzərinə götürdüyü öhdəliklərin icra edilməsinin tərəfdarıdır. Artıq Zəngəzur dəhlizinin Azərbaycan hissəsində xeyli işlər görülüb. Nəzərdə tutulan yol infrastrukturunun böyük bir hissəsi çəkilib. Eyni davranışı isə Ermənistan sərgiləmir.

- Bir çox hallarda isə kommunikasiya xəttlərində qarşılıqlı həll variantından bəhs edilir...

- Danışıqlar prosesində müəyyən fikirlər, ideyalar ortaya çıxa bilər. Bunlar da təbii ki, müzakirə edilərək konsensusla öz həllini tapmalıdır. Amma əsas tələb odur ki, tərəflər konstruktiv mövqe sərgiləsin. Ermənistandan da gözləntilər məhz bundan ibarətdir. Çünki kommunikasiyaların açılması hər iki tərəfin maraqlarına uyğundur. Təəsüf ki, Ermənistan bu reallığı dərk edə bilmir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər