Xəbər verildiyi kimi, hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir. Bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklifində öz əksini tapıb. Qeyd olunub ki, dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.
Maraqlıdır, sözügedən dəyişikliyə hansı zərurətdən ehtiyac yaranıb?
Məsələ ilə bağlı Teleqraf.com-a danışan ehtiyatda olan polkovnik, Silahlı Qüvvələrin veteranı və hərbi ekspert Şair Ramaldanov hesab edir ki, bu addım çoxdan atılmalı idi:
"Zaman-zaman belə təkliflər ortaya çıxırdı. İndi isə konkret addım atılır. Müvafiq qurumlarımız beynəlxalq təcrübəni öyrəniblər. Əhalinin da buna dair fikirləri nəzərə alınıb. Gənclərin hərbi xidmətə çağırılması ilə bağlı suallar çox idi. Bir şəxs 30 yaşına qədər xidmətə yararsızdırsa, 5 il ərzində də dəyişən şey olmayacaq.
Ümumilikdə isə bu yaşdan sonra insan həm psixoloji, həm də fiziki olaraq hərbiyə tam yararlı sayıla bilməz. Onların bir çoxu həmin vaxt evli olur. Qanun təsdiq olunduqdan sonra insanlar gələcəkləri ilə bağlı planlarını rahat şəkildə qura bilərlər. Bunu da əlavə etmək istərdim ki, bəzən Azərbaycan mentalitetinə görə, hərbi xidmət keçməyənlərin ailə qurması da çətinləşir. Ona görə də bu proses daha çox sosialyönümlüdür".
Şair Ramaldanov vurğulayıb ki, dəyişiklik Azərbaycan Ordusunun kompleksləşdirilməsinə mane olmayacaq:
"Son xidmət yaşının 35 olması özünü doğrultmadı. Düzdür, həmin vaxt dövrün reallıqların nəzərə alaraq bu qərar verilmişdi. Zaman keçib, artıq bir çox problem öz həllini tapıb. Torpaqlarımız işğaldan azad edilib. Buna görə də qanunun təsdiqi ordunun kompleksləşdirilməsinə mane olmayacaq. Həmçinin bu, təhlükəsizliyimizə təhdid törmətmir.
Baxın, müharibə şəraitində səfərbərlik elan edilir və orada yaş həddi qeyd olunur. Bundan başqa, bunu həqiqi hərbi xidmət məsələsi ilə qarışdırmaq olmaz. 18 yaşı tamam olan Azərbaycan vətəndaşı xidmətə yollanacaq.
Qeyd etdiyim kimi, Qarabağ işğaldan azad olunub, şərti sərhəddə Azərbaycan əsgəri xidmət keçir və indiyə qədər heç bir problem müşahidə edilməyib. Ümumilikdə, bu qanun ölkə vətəndaşının xeyrinədir və faydalı olacaq".