Azərbaycan Respublikasının iqamətgahı Londonda yerləşən İrlandiyadakı səfirliyi Azərbaycanın paytaxt Dublin şəhərindəki Fəxri Konsulunun təqdimatı ilə bağlı təntənəli qəbul təşkil edilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə İrlandiya Respublikası Parlamentinin Nümayəndələr Palatasının spikeri Şon Oferghail, Fəxri Konsul Terri Leyden, İrlandiyada akkreditə olunmuş səfirlər və diplomatik korpusunun digər nümayəndələri, parlament üzvləri, ictimai xadimlər və Azərbaycan icmasının fəal üzvləri iştirak ediblər.
Açılış mərasimi Azərbaycan və İrlandiya dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Fəxri Konsul Terri Leyden çıxışında prezident İlham Əliyev tərəfindən bu şərəfli və məsuliyyətli vəzifəyə təyin olunmasından qürur duyduğunu bildirib. O, Azərbaycan mədəniyyətini və dəyərlərini İrlandiyada daha geniş təbliğ etməyə çalışacağını vurğulayıb.
"Mən Azərbaycanla İrlandiya arasında mövcud dostluq əlaqələrini daha da möhkəmləndirmək üçün var gücümlə çalışacağam," - deyə Leyden qeyd edib.
Daha sonra çıxış edən səfir Elin Süleymanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı əsasında bu ilin mart ayında təyin olunan fəxri konsul Terri Leydenə fəaliyyətində uğurlar arzulayıb, bu təyinatın Azərbaycan İrlandiya ikitərəfli münasibətlərinə xüsusi töhfə verəcəyini qeyd edib.
Çıxışında ölkələrimiz arasında dostluq və əməkdaşlığın əhəmiyyətini vurğulayan diplomat İrlandiya və Azərbaycanın əməkdaşlığını tarixi və mədəni əlaqələr əsasında daha da genişləndirməyə davam edəcəklərini fikirlərinə əlavə edib:
"Fəxri Konsul Leydenin təyinatı ölkələrimiz arasında körpü rolunu oynayacaq və iqtisadi, mədəni, təhsil sahələrində yeni imkanlar yaradacaq".
Səfir həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün sferalarda gücləndiyini, bütün regiona və dünyaya sülh carçısı kimi səs saldığını vurğulayıb. O, ilk dəfə azərbaycanlı icmanın bu şəkildə bir yerə gəldiyini qeyd edib, həmvətənlərimizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib və icmamızı dövlətimizin ətrafında birləşməsi və bayrağımızı uca tutmağa çalışmalarına çağırıb.
Səfir Bakıda keçirilən COP29-un uğurlu nəticələrinin əldə olunmasında verdikəri töhfəyə görə İrlandiya nümayəndə heyətinə öz minnətdarlığını bildirib.
Əsas qonaq qismində çıxış edən İrlandiya Parlamentinin Nümayəndələr Palatasının Spikeri Şon Oferghail İrlandiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
"Biz, parlament olaraq, xalqlarımız arasında dialoqu və əməkdaşlığı dəstəkləyirik və daha çox sahədə müştərək layihələrin həyata keçirilməsinə açığıq," - deyə Oferghail bildirib.
Ş.Oferghail 2023-cü ildə İrlandiyada səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin spikeri Sahibə Qafarova ilə görüşü məmnuniyyətlə xatırlayıb, parlamentlərarası əlaqələrin beynəlxalq müstəvidə vacibliyini vurğulayıb.
Dünyada baş verən qanlı münaqişələrə diqqət çəkərək və İrlandiya xalqının sülhə doğru aparılan mürəkkəb tarixçəsinə istinad edərək spiker Oferghail Azərbaycan Ermənistan arasında dayanıqlı sülhün bərqərar olmasına dəstəyini ifadə edib və Azərbaycan tərəfinin qonşu Ermənistanla normallaşma üzrə atdığı addımları qeyd edib.
Tədbirin rəsmi hissəsinin sonunda səfir Azərbaycan bayrağını təntənəli şəkildə Fəxri Konsula təqdim edib. T.Leyden iki ölkə arasında qarşılıqlı münasibətlərin və dostluğun inkişafı üçün səylə çalışacağını bildirib.