Ermənistan Müdafiə Nazirliyinin təkzib açıqlamalarına baxmayaraq, yerli nəşrlər və sərhədyanı bölgələrin sakinləri Türkiyə PUA-larının ölkə ərazisində kəşfiyyat uçuşları həyata keçirdikləri iddiasından əl çəkmirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” bildirb.
Erməni nəşri iddia edir ki, Türkiyədən qalxan PUA Zəngəzura qədər uçub:
“Son bir neçə gündə Ermənistan səmasında görünən, çox güman ki, kəşfiyyat məqsədilə Türkiyədən uçan PUA ilə bağlı qəzetimizə məlumatlar daxil olub. Jurnalist Davit Qalstyan deyir ki, dekabrın 12-də Türkiyənin “Aksunqur” (Anka-2) pilotsuz uçan aparatı Ermənistan sərhədində cihazın növü və mənsubiyyətinə qədər bəlli olan məsafədə aşkar edilib”.
Mənbənin bir başqa iddiasına görə, iki “Bayraktar TB-2” PUA-sı isə Zəngəzurda görünüb.
Ermənistan Müdafiə Nazirliyi Türkiyə pilotsuz təyyarələrinin ölkənin səmasında görünməsi ilə bağlı iddiaları təkzib edib. Buna inanmayan nəşr qurumun sözçüsü Aram Torosyanla əlaqə saxlayıb. Torosyan növbəti dəfə bunu yalanlayıb.
“Dövlət sərhədinin hava ilə keçməsi halları olmayıb”, - sözçü bildirib.
“Hraparak” Torosyanın bu sözünə də inanmayaraq məqalənin davamında o iddianı irəli sürür ki, Türkiyə kəşfiyyat PUA-ları ilə dəhlizin keçəcəyi Zəngəzuru vizual nəzarətdə saxlamağa çalışır.
Mənbə bu iddiası çərçivəsində Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlunun Zəngəzur dəhlizi ilə bağlı son açıqlamasını xatırladıb. Nazir bu dəhlizin Türkiyə üçün önəmli layihələrdən biri olduğunu, bunun sayəsində Azərbaycan və Orta Asiyaya birbaşa çıxışın təmin ediləcəyini deyib.
Uraloğlunun sözlərinə görə, Azərbaycan öz ərazisində dəhlizin açılışını sürətləndirilmiş templə davam etdirir: “Zəngəzur dəhlizinin açılması isə Ermənistanın bütün öhdəliklərini yerinə yetirməsindən asılıdır”.