19 Dekabr 2024 09:37
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib, amma Ermənistandan cavab yoxdur. Sizcə, sülh yazışmaları nə vaxt başa çatacaq?

- Sülhlə bağlı olan mətnlərin dəyişməsi normal haldır. Nəticənin olması isə sual altındadır. Çünki mövzular və mövqelərə dəyişməz olaraq qalır. Bu, Ermənistanın əsas məsələlərin həllini uzatması ilə bağlıdır. Burada tarixi hadisə Ermənistanın işğalçı siyasətini həyata keçirənlərin Bakıda məhkəmə qarşısına çıxmasıdır (Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı ümumilikdə 2548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin işi müvafiq olaraq məhkəməyə göndərilib). Yəni erməni hərbi cinayətkarların artıq Azərbaycanda məhkəməsi başlayıb. Erməni işğalını həyata keçirən ünsürlərin üzərində tarixi mühakimə yürüdüləcək. Əslində burada məhkum olunan şəxslər deyil, Ermənistanın işğal siyasətidir. Ermənistan dövləti yaranarkən özünün müstəqillik bəyannaməsində Azərbaycana qarşı işğal siyasətini rəsmi olaraq bəyan edib. Məhz bu siyasət indiki qanun qarşısına çıxarılır. Beləliklə Bakıda tarixi Nürnberq (Almaniyanın Nürnberq şəhərində 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək təqsirləndirilən şəxs qismində beynəlxalq hərbi tribunal qarşısında dayanmış Üçüncü Reyxin ali dövlət və hərbi xadimləri göstərilib) prosesinə bənzər məhmkəməsə olacaq. Burada ideoloji, hərbi, insanlığa qarşı cinayətlər məhkum ediləcək.

- Müharibənin bitməsindən 4 ildən də çox zaman keçib, amma iki qonşu ölkə hələ də öz aralarında heç bir sülh müqaviləsi imzalaya bilmir. Formal nöqteyi-nəzərdən belə çıxır ki, Ermənistanla Azərbaycan hələ də müharibə şəraitindədir. Bu, hansı risklər yaradır?

- Hazırda real vəziyyət göz qabağındadır. Ermənistanda işğalçı siyasət hələ də rəsmi şəkildə davam edir. Fakt Ermənistan işğalçılıq siyasətindən rəsmi şəkildə imtina etmək istəmir. İndi biz sülhlə bağlı olan mətnin mübadiləsindən danışırıq. Amma əsas məsələ qalıb. Çünki İrəvan özünün işğalçı mahiyyətini saxlayır. Ermənistanın qanunlarında Azərbaycana qarşı işğalçı mahiyyət qalır. Ona görə də, təhlükələr qalır. Sözsüz ki, güc nisbətində bu müayisə olunmasa da reallıq ortadadır. Azərbaycanın hərbi üstünlüyü, Azərbaycan-Türkiyə tandemi mövcuddur. Bu o demək deyil ki, ermənilər beynəlxalq patronlarının arxasında gizlənib işğalçı siyasətini davam etməlidir.

- Nikol Paşinyan Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmadığını iddia edir. Bu hansı məntiqlə izah oluna bilər?

- İndiki Ermənistan hakimiyyəti bu cür bəyanatları ilə siyasi məsuliyyətdən boyun qaçırmağa çalışır. Məqsədləri məhz budur. De-fakto olan məsələlər var. Ermənistan Azərbaycanın ərazilərini işğal edib və hələ də öz konstitusiyasında ölkəmizə qarşı ərazi iddiası var. Bunu necə gizlətmək olar? İndi ermənilər bundan boyun qaçırmağa çalışır.

- Bu halda hansı sülhdən danışmaq olar?

- Ermənilərə törətdikləri əməllərdən boyun qaçırmaq üçün imkan yaratmaq olmaz. Hələ sülh sazişi imzalanmayıb amma erməni tərəfi iddia edir ki, guya Azərbaycan kimisə tutub saxlayıb. Faktiki isə həmin adamlar hərbi canilər, insanlığa qarşı cinayət törədən adamlardır. Türkləri millət olaraq düşmən elan edən siyasət bu gün məhkəmə qarşısındadır. Ona görə də, hadisələrin arxasında gizlənən qeyd etmək lazımdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər