21 Dekabr 09:40
2 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib, amma Ermənistandan cavab yoxdur. Sizcə sülh pərdəsi nə vaxt aradan qaldırılacaq?

- Əslində, indi tərəflər sülhə daha yaxındır. Ötən günlərdə Nikol Paşinyan da ATƏT-in Minsk qrupu ilə bağlı açıqlama verib ki, münaqişə bitibsə, onunla məşğul olan qurumlar ləğv edilməlidir. Bu da Azərbaycanın tələblərindən biridir. Yəni görünən odur ki, müəyyən kommunikasiyalar davam edir. Bu baxımdan da Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının yekunlaşması çox yaxındır.

- Bu, nə vaxt baş verə bilər?

- Sadəcə olaraq bütün dünyada hazırda bir gözlənti var. Bu da ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın hakimiyyətə gəlişindən sonra baş verəcək. Çünki hazırda Türkiyə ilə Ermənistan arasında da intensiv danışıqlar gedir. Hətta kommunikasiyaların açılması ilə bağlı təkliflər paketi mövcuddur. Bu istiqamətdə qarşılıqlı görüşlər olub. Azərbaycanla Türkiyə bütün addımlarını birgə atdığından, Ankara ilə İrəvan arasında olan danışıqlar da Bakının bilgisi daxilində baş verir.

- Belə çıxır ki, Trampın hakimiyyətə gəlməmişdən öncə verdiyi “dünyaya sülh gətirəcəyəm” mesajı reallaşa bilər?

- Tramp Rusiya-Ukrayna müharibəsini tezliklə bitirə bilməyəcək. Yaxın Şərqdə də qəliz proseslər gedir. Belə olan halda ən asan və tez həll oluna bilən məsələ məhz Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsidir. Bu, eyni zamanda paralel olaraq Türkiyə-Ermənistan münasibətlərinin də normallaşması deməkdir. Çünki Azərbaycanla Ermənistan arasında yaşananlar dünya ictimaiyyətinin yaddaşında problemli münaqişə kimi qalıb.

- Hesab edirsiniz ki, gələn il üçün sülh şansları daha yüksəkdir?

- 2025-ci ilin yanvarın sonu fevralın əvvəlində sülhlə bağlı daha konkret bir görüntü olacaq. Ola bilər ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi və Türkiyə-Ermənistan arasındakı münasibətlərin normallaşması ilə bağlı razılaşmalar ABŞ-ın moderatorluğu ilə yaxın aylarda imzalansın. Bu da Trampın bayaqkı sualda qeyd etdiyiniz “dünyaya müharibə yox, sülh gətirəcəm” mesajının təsdiqi olacaq.

- Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması fonunda qısa zamanda sülh sazişinin imzalanması nə dərəcədə real görünür?

- Erməni tərəfi konstitusiyanı tezliklə dəyişdirə bilməz. Sözsüz ki, bu, Azərbaycan tərəfindən irəli sürülən haqlı bir tələbdir. Amma eyni zamanda bunun da bir proseduru var. Ermənistan Konstitusiyasında həmin müddəaların çıxarılması üçün referendum keçirilməlidir. Referendum üçün isə zaman lazımdır. Ən azından bunun üçün bir il müzakirələr aparılmalıdır. Qanunlar belə tələb edir.

- Konstitusiya dəyişikliyinə qədər hansısa keçid müddəanın imzalanması mümkün ola bilərmi?

- Qısa zamanda konstitusiya islahatlarına gedib, referendumla müddəaları aradan qaldırmaq mümkün görünmür. Ona görə də, tərəflərin razılığı ilə keçid dövr üçün çərçivə sazişi imzalamaq mümkündür. Bununla da məhz konstitusya dəyişikliyini Ermənistanın üzərinə öhdəlik kimi qoymaq mümkündür.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər