2023-cü il dekabrın 11-i BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi qərarı verildi. Həmin gündən ölkəmizə qarşı informasiya əməliyyatları kəskin hal aldı. Kampaniyanın getdikcə əlaqələndirilmiş formada aparılaraq kütləviləşməsinin qarşısı sözsüz ki, alınmadı idi. Məhz bu məqsədlə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası formalaşdırıldı. Bu komissiya tərəfindən qısa zamanda “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda Milli Məclisin deputatlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin, beyin mərkəzləri təmsilçilərinin, hibrid təhdidlər və kibertəhlükəsizlik üzrə ekspertlərinİN iştirakı ilə ictimai müzakirə keçirildi və məsələ ətrafında geniş fikir mübadiləsi aparıldı. Həmin müzakirənin yekunları və açıq mənbələrdən əldə edilən məlumatların təhlili əsasında 2024-cü ilin noyabrında Azərbaycan və ingilis dillərində “COP29-a qarşı hibrid hücumlar: Cəmiyyətimiz hibrid təhdidlərin qurbanı olmamalıdır!” adlı xüsusi hesabat hazırlandı.
Bu sözləri Teleqraf.com-a “COP29-a qarşı hibrid təhdidlər” mövzusu ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Millət vəkili hesab edir ki, 2023-cü il dekabrın 11-də COP29-un Azərbaycanda keçirilməsinə razılıq verilsə də, sonradan Qərbin müəyyən dairələri ölkəmizə qarşı total hücuma keçdilər:
“Onlar düşünürdülər ki, cəmi 11 aya Azərbaycan bu tədbiri yüksək səviyyədə təşkil edə bilməyəcək. Eyni zamanda Azərbaycan bütün hazırlıqları gördükdan sonra Qərb təzyiq göstərəcək, dünya dövlətlərinin əksəriyyəti burada iştirak etməyəcək. Ölkəmizin pis vəziyyətdə qalacağı xəyalını quranlar da vardı. Çünki hər iki “variant” Qərbin müəyən dairələrinə sərf edirdi”.
Deputat vurğulayıb ki, Azərbaycanın müstəqil siyasət yürütməsi Qərbin müəyyən dairələrini narahat edir:
“Xalqımız təbii sərvətlərinə özü sahibdir, ölkəmiz qərbin təsiri altında deyil, onun tələbləri ilə milli maraqlara zidd olan addımlar atmır. Belə bir halda qərbdəki müəyyən dairələr tərəfindən növbəti hiyləyə əl atıldı. Amma onların gözlədiklərinin əksinə olaraq Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 tədbirlərinə 197-i ölkədən 76 min insan gəldi. 80 ölkənin birinci və yaxud ikinci şəxsləri bu tədbirə qatıldı. Azərbaycan 2015-ci ildən bəri həll olunmayan bir məsələni, iqlim dəyişikliyinin qarşısını almaq üçün 300 milyard dollarlıq layihənin razılaşdırılmasına nail oldu. Azərbaycanın gücü burada da özünü göstərdi. Belə olan halda yenə də ölkəmizə qarşı təzyiqlər davam edir. Çünki bəzi ölkələrdə seçkilərdən sonra onların daxili işlərinə müdaxilə edilir. Bu, Azərbaycanda baş tutmadı, ölkəmizdə 2024-cü ilin fevralın 7-də Prezident, sentyabrın 1-də isə parlament seçkiləri keçirildi. Azərbaycan xalqı növbəti dəfə öz seçini etdi. Eyni zamanda Azərbaycan Rusiya-Qərb qarşıdurmasında beynəlxalq hüquqa və öz maraqlarına uyğun olaraq mövqe tutdu. Azərbaycan həmçinin bu gün bir çox dövlətlərin əməkdaşlıq etmək istədiyi bir ölkədir. Dövlətimiz öz problemlərini özü həll edir. Bu baxımdan da Azərbaycanı sakit buraxmaq istəmirlər”.
Aydın Mirzəzadəyə görə, Azərbaycana qarşı bu cür hücumlar xroniki hall alıb:
“Xalqımız artıq bu cür hücumlara öyrəşib. Amma bununla Azərbaycanı öz inkişaf yolundan, özünü təsdiqindən çəkindirmək qeyri-mümkündür. Görünən isə odur ki, bundan sonra da ölkəmizin daxili işlərinə qarışmaq istəyəcəklər. Azərbaycanda “5-ci kolon” yaratmaq iddiasına düşəcəklər. Bu cür qüvvələrin təsiri zəifdir. Bunun əksinə olaraq Azərbaycan beynəlxalq birlikdə böyük nüfuza malikdir. Ona görə də, bu cür “qətnamələr”, “çağırışlar” Azərbaycana qarşı “sanksiya” tətbiq etmək təşəbbüslərinin sonu yoxdur. Azərbaycanın bu qətiyyəti Qərbin müəyyən dairələrinin xoşuna gəlməsə də, ümumən dünyada hörmətlə qarşılanır”.