14:36
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və İran təxminən bir ildir strateji tərəfdaşlıq sazişini imzalaya bilmir. Rusiya və İran rəsmiləri oktyabr-noyabr aylarında verdikləri açıqlamalarda sazişin bu ilin sonunda imzalanacağını söyləyirdilər. Alınmadı. İndi də gələn ilin yanvarında imzalanacağını bəyan edirlər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, sazişin İran Prezidenti Məsud Pezeşkianın yanvarda Moskvaya səfəri zamanı imzalanacağı proqnozlaşdırılır:

“Yenə də tam əminlik yoxdur. Birincisi, bölgədə hadisələr o qədər sürətlə cərəyan edir ki, Pezeşkianın məhz yanvarda Moskvaya səfər edəcəyini söyləmək çətindir. İkincisi, İran hazırda enerji qıtlığı ilə üzləşib. Neft-qaz ölkəsi olan İranda işıqlar söndürülür, evlər və müəssisələrin qaz təminatında uzun fasilələr yaranır.

Bu arada, Rusiya baş nazirinin müavinləri Vitali Savelyev və Aleksey Overçuk Tehrana işgüzar səfərə yollanıblar. Yəqin strateji sazişin son bəndləri ətrafında müzakirələr aparacaqlar.

Bəs niyə haqqında çox danışılan strateji sazişi imzalamaq çətindir və tarix hər dəfə təxirə salınır? Axı söhbət iki strateji tərəfdaşdan gedir. Rusiya və İranın beynəlxalq məsələlərə baxışları oxşardır, hər ikisi Qərbin sərt sanksiyaları ilə üzləşib. İki ölkə İkinci Qarabağ Müharibəsi zamanı Ermənistana hərbi texnikanın çatdırılmasında da sıx əməkdaşlıq edib.

Rusiya-İran münasibətləri tarixində hər ikisi üçün daha bir önəmli hadisə baş verib. İran əvvəlcə Rusiyaya hərbi dronlar satmağa başlayıb, ardınca Tatarıstanda birgə müəssisə işə düşüb. Belə olan halda strateji sazişin imzalanmasına nə mane olur?

Moskva ilə Tehran arasında hazırki əməkdaşlıq formatı 2001-ci ildə imzalanan sənəd üzərində qurulub. Bu qarşlıqlı münasibətlər və əməkdaşlığın prinsiplərini müəyyənləşdirən müqavilədir, hər 5 ildən bir uzadılır. Moskva və Tehran bir müddət sonra qərara gəlib ki, bu müavilə hazırkı geosiyasi tələblər və dərinləşən əməkdaşlığa cavab vermir. İki ölkənin diplomatları və mütəxəssisləri 2022-ci ildən başlayaraq, strateji saziş üzərində fəaliyyətləri sürətləndiriblər”.

Elxan Şahinoğlu hesab edir ki, sazişin imzalanmasının ləngiməsi İranın sənədə hər dəfə yeni bəndlər təklif etməsi ilə əlaqəlidir:

“Təklif irəli sürüldükdən sonra onun Rusiya tərəfindən araşdırılması və qəbul olunması zaman tələb edir. İranın irəli sürdüyü bəndlərin nələrdən ibarət olması barədə məlumat yoxdur. Görünür, Tehran sonadək Moskvaya etibar etmir, düşünür ki, bir gün Rusiya-Ukrayna müharibəsi bitəcək və Kreml Qərblə münasibətləri normallaşdıracaq və Moskvanın Tehranla strateji tərəfdaşlığa ehtiyacı qalmayacaq. Buna görə də, Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki, Kreml imzalanacaq sənədə sadiq qalsın.

Saziş və sənəddə yer alacaq bəndlər bölgədə yaranacaq yeni reallıqlardan üstün olmayacaq. Rusiya və İranın maraqları bir gün toqquşa bilər. Hər iki ölkədə elə daxili hadisələr baş verə bilər ki, strateji əməkdaşlığın əhəmiyyəti azalsın. Suriya buna nümunədir. Əsəd rejimi dövründəki Suriya İran və Rusiyanın strateji müttəfiqi idi, indi isə Dəməşq Türkiyə ilə strateji müttəfiqlik münasibətləri qurur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər