26 Dekabr 19:50
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Nikol Paşinyan 1994-cü ildən danışıqlarda Qarabağın Azərbaycanın tərkibində qalması ilə bağlı müzakirələr aparıldığını deməsi opponentlərinin hiddətinə səbəb olub. Görünən isə odur ki, erməni cəmiyyətinin və siyasi kəsimin bu reallığa yanaşması dəyişməyib...

- Əslində, Paşinyan növbəti dəfə yanlışlığa yol verib. Çünki hər şey 1993-cü ildən başlayıb. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrindən heç bir ilkin şərt olmadan boşaldılması ilə bağlı qətnamələri qəbul edilib. Məhz BMT-nin hamıya məlum olan 4 qətnaməsi Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq birlik tərəfindən bir daha tanınması demək idi. 1994-cü ildə isə Bişkekdə Azərbaycanla Ermənistan arasında atəşkəs rejimi elan olunub. Ona görə də 1993-cü ildən aparılan danışıqlar Azərbaycanın haqlı mövqeyinin ifadəsi, Qarabağ da daxil olmaqla, ölkəmizin ərazi bütövlüyünün təminatına hesablanmışdı.

- “Muxtariyyətlə” bağlı mövzu nə vaxt rəsmi şəkildə gündəmə gətirilib?

- 1997-cü ildəki tarixi Lissabon sammitində isə Azərbaycanın ərazi bütövlüyü bir daha özünü yüksək səviyyədə təsbit etdi. Sadəcə, orada qeyd edilib ki, Qarabağa Azərbaycanın tərkibində ən yüksək idarəetmə hüququ verilə bilər. Daha sonra aparılan danışıqlar da məhz bu kontekstdə olub.

- İddia edilən “müstəqillik” məsələsi nə vaxtsa danışıqlar mövzusu olubmu?

- Mən xarici işlər naziri olduğum dövrdə və ondan əvvəl heç vaxt Qarabağa hansısa formada “müstəqillik” verilməsi məsələsi müzakirə olunmayıb. Ermənilər bununla bağlı düşünə bilərdi. Hətta keçmiş Ermənistan prezidentləri Robert Köçəryan, Serj Sarkisyan bununla bağlı nəsə deyə bilərdi. Amma bunlar əsaslı ola bilməzdi. Çünki ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və BMT-nin məlum qətnamələri vardı.

- Erməni tərəfinin əsas məqsədi nə idi?

- Onlar istəyirdi ki, müharibəsiz Qarabağı Ermənistanın tərkibində saxlasınlar. Sözsüz ki, yekunda bu heç də müharibəsiz alınmadı. Qarabağ əsl sahibində qalası oldu. Azərbaycan Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müharibə ilə status-kvonu kökündən dəyişdi.

- İndiki halda Ermənistan rəhbərliyi vaxtilə münaqişənin həll variantı kimi irəli sürülmüş “Madrid prinsiplərini” də təndiq edir...

- O vaxt bu prinsiplər qəbul ediləndə, müxtəlif yanaşmalar təklif edilirdi. “Madrid prinsipləri” qəbul ediləndə də erməni tərəfi həll variantı ilə yanaşı, Qarabağda rəy sorğusunun keçirilməsini təklif edirdi. Daha sonra “referendum” məsələsi gündəmə gətirildi.

- Azərbaycan dövlətinin bir hissəsində hansısa referendumun keçirilməsinə hansı halda razılıq verilə bilərdi?

- Elə biz də danışıqlarda onlara dedik ki, bu, Azərbaycan konstitusiyasına uyğun deyil. Sonra isə iddia etdilər ki, keçmiş Dağlıq Qarabağda yaşayanlar öz “status"larını müəyyənləşdirmək üçün rəy sorğusu keçirsinlər.

- Azərbaycanlılar olmadan bu necə mümkün idi?

- Sözsüz ki, belə bir şey etmək real olaraq mümkün deyildi. Biz də dedik ki, azərbaycanlıları oradan zorla qovub çıxartmısınız. Sorğunu kimlərin arasında keçirəcəksiniz?

- “Rəy sorğusunu” hansı ərazilərdə aparmaq niyyətləri vardı?

- Burada söhbət heç də keçmiş Dağlıq Qarabağ və onun ətrafında işğal edilmiş 7 rayondan getmirdi. Onlar iddia edirdilər ki, 1988-ci ilə qədər o bölgədə yaşamış azərbaycanlıların iştirakına razı idilər.

- “Sorğuda” əsas sualı necə qoyacaqlarını deyirdilər?

- Ermənilərin bununla bağlı gizli planı vardı. Həmin sorğuda da “müstəqilliyə razısınızmı” sualını qoyacaqlarını demişdilər. Biz isə bunu rədd edərək, belə bir sorğu olacaqsa, bütövlükdə Azərbaycan xalqının bu prosesdə iştirakını önə çəkirdik. Çünki bu sırf ərazi bölgüsüdür və Azərbaycan xalqı öz ərazisi ilə bağlı qərar verməlidir. Bölücülük isə Azərbaycan konstitusiyasına zidd olan əsas amildir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər