Qazaxıstan Senatının sədri Maulen Aşimbayev Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, qurum rəhbəri qəza ilə bağlı bəzi yanlış açıqlamaların verildiyini deyib.
“Baş verənlərin, təyyarə qəzasının, bu faciənin səbəbləri məlum deyil. Xüsusi komissiya işləyir. Qazaxıstan, Azərbaycan və Rusiyanın müvafiq strukturlarının nümayəndələri cəlb olunub. Mütəxəssislərimiz bu ölkələrin nümayəndələri ilə birgə işləyirlər. Dərhal bir fotoşəkil əsasında nəticə çıxarmaq, bunun hansısa hərəkətlərin nəticəsi barədə deyilənlər fərziyyə və əsassız ifadələrdir”, - Aşimbayev vurğulayıb.
Onun sözlərinə görə, indiki şəraitdə belə bəyanatların verilməsi yanlış və qeyri-etikdir. Sədr əlavə edib ki, bu cür ifadələr müəyyən şəxslərin özləri üçün müəyyən dividendlər qazanmaq istədiklərini göstərir.
“Komissiya, mütəxəssislər işləyir, ekspertlər hər şeyi izləyir, nəticə çıxaracaqlar. Bu ölkələrin heç biri - nə Azərbaycan, nə Rusiya, nə də Qazaxıstan məlumatları gizlətməkdə maraqlıdır. Bütün məlumatlar ictimaiyyətə açıqlanacaq. Heç kimin şübhəsi olmamalıdır. Mütəxəssislərə nəticə çıxarmaq və vətəndaşlara çatdırmaq imkanı vermək lazımdır”, - deyə Aşimbayev qeyd edib.