Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Teleqraf.com həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, son aviaqəza barədə fikirlərinizi bilmək istərdik...
- Yeni ili xoş əhval-ruhiyyə ilə qarşılamaq istəyən xalqımız üçün çoxsaylı insan itkisi ilə nəticələnən bu bədbəxt hadisə çox üzücü oldu. Prezident səfərə gedərkən yarıyoldan geri döndü, ölkədə matəm elan elan olundu.
Dünyasını dəyişənlərə bir daha Allahdan rəhmət, yaxınlarına səbr, yaralılara şəfa diləyirəm. Qəzanın hansı səbəbdən baş verməsini hökumət komissiyası araşdırmalardan sonra açıqlayacaq. Amma Rusiya araşdırmaların nəticəsini gözləmədən dərhal bildirməliydi ki, həmin vaxt hava hücumundan müdafiə sistemi hansısa uçan obyektə Qroznı ətrafında atəş açıb, ya yox. Bunu dostluq və müttəfiqlik münasibətlərimizin hazırki yüksək səviyyəsi diqtə edir. Dimitri Peskovun “biz ekspertizanın nəticəsi elan olunmayana qədər heç bir şərh verməyəcəyik”,-açıqlaması başa düşülən deyil. “Sübut edə bilsəniz, etiraf edərik”,-yanaşmasına oxşayan bu mövqe çox üzücüdür. Ümumiyyətlə, Qroznıya PUA hücumlarının olduğunu hamı bilirdi, ona görə həmin şəhərə uçuşlara icazə verilməməliydi. Şimali Qafqaza uçuşların dayandırılmasını düzgün qərar hesab edirəm.
Məni qardaş qazax xalqının sadə təmsilçilərinin dünyasını dəyişənlərin xatirəsini əziz tutaraq səfirliyimiz önünə gül qoyması və yaralılar üçün qan vermələri çox təsirləndirsə də, Qazaxıstanın qəzanın səbəblərini araşdıran Komissiyanın tərkibinə Azərbaycandan olan mütəxəssisləri buraxmaması da ciddi məyus etdi.
- Təyyarənin vurulma ehtimalı böyükdürmü?
- Təyyarənin göyərtəsindəki qəlpə deşiklərinin çıxıntılarının bayırdan içəriyə doğru olması açıq-aydın görsənir, bu və sağ qalanların ifadələri təyyarənin yerdən vurulması ehtimalını gücləndirir. Sözsüz ki, təyyarə göyərtəsindəki belə deşiklərlə Bakıdan havaya qalxmayıb. Quşların təyyarə ilə toqquşması səbəbindən füzülyajda belə deşiklərin açılmasının mümkünsüzlüyünü başa düşmək üçün mütəxəssis olmaq lazım deyil. Təyyarə vurulubsa, böyük səhvə yol verildiyi deyilməli, üzr istənilməli və həlak olanların yaxınlarına kompensasiya təklif olunmalıdır. Müharibələrdə təəssüf ki, günahsız insanlar da qurbana çevrilir. Biz Vətən müharibəsində səhvən Rusiya vertolyotunu vuranda dərhal bunu etdik. Bu gün xalqımızı həmrəyliyə çağıraraq və əlavə söz-söhbətin qarşısını almaq üçün ölkədə fəaliyyət göstərən partiyalar birgə bəyanatla çıxış edərək, qısa bir müddətdə icimaiyyətə məlumat verilməsini istəyiblər.
- Qüdrət bəy, Rusiyanın Azərbaycanda atom elektrik stansiyası tikməsi təkilifinə də münasibətiniz maraqlı olardı...
- Azərbaycanda elektrik enerjisi çatışmazlığı olanda mən özüm belə bir təşəbbüslə çıxış etmişdim ki, AES tikintisi məsələsi müzakirə edilsin. Hal-hazırda biz enerji satırıq, ona görə bu, bizim üçün o qədər də aktual deyil. Müasir dövrdə təhlükəsiz alternativ enerji mənbələrindən istifadəyə üstünlük verilir. Bu istiqamətdə texnologiya son illərdə çox inkişaf edib. İndi ölkəmizdə günəş və külək enerjisindən istifadə istiqamətində böyük layihələr həyata keçirilir. Azərbaycanın ərazisi balaca olduğundan qəza olarsa bütün ölkə radioaktiv tullantılarla çirklənə bilər. Yaponiyada, Ukraynada qəzanın hansı ekoloji fəlakətlərə yol açdığının şahidi olduq. Ona görə vətəndaşlarımız bu məsələyə çox həssas yanaşır. Atom elektrik stansiyası yüksək təhlükəsizlik standartlarına cavab verəcəksə və Rusiya öz vəsaiti ilə bunu tikirsə, ən başlıcası, xalqımız da bunu dəstəkləyəcəksə niyə də olmasın. Amma müqəddəs kitabımız Quranda yazılıb ki, Allah insanlar üçün vacib olan işləri bəyənir və həmin işi görənləri mükafatlandırır. Bu gün bizim üçün iri maliyyə tutumlu vacib işlər Bakıda metro tikintisi, neft emalı zavodunun şəhərdən kənara çıxarılması, Bakıda və ətraf qəsəbələrdə kanalizasiya sisteminin yenidən qurulması və bu kimi digər işlərdir. Rusiya metro tikintisi sahəsində böyük uğurlar əldə edib.Yalnız Moskva şəhərində 2010-2023-cü illərdə 112 metrostansiya tikilib, bunun 14-ü 2023-cü ilə təsadüf edir. Müqayisə üçün qeyd edim ki, son 6 ildə Avropa İttifaqında cəmi 119 metrostansiya tkilib. Ona görə Rusiya tərəfinə təklif edə bilərik ki, Bakıda 70-80 stansiyadan ibarət dairəvi metro xətti tik, özün istifadə et, çəkdiyin xərcləri qarşıla. Eyni qaydada Səngəçalda müasir neftayırma zavodu tikintisinə, Bakının və ətraf qəsəbələrin kanalizasiya xətlərinin çəkilişinə, tullantı sualarının təmizlənməsi üçün müasir qurğuların tikilməsinə investisiya qoy. Rusiya ilə bizim üçün zəruri olan istiqamətlərdə iqtisadi əlaqələrin inkişafına diqqət yetirməliyik.
- Qüdrət bəy,Tramp Rusiya ilə Ukrayna arasında 3 ilə yaxın davam edən müharibəyə son qoymaq üçün Ukraynanı ərazi güzəştlərinə çağırır və problemin birdəfəlik həllini istəyir. Yaxın aylarda bunu mümkün sayırsınızmı?
- Trampın dedikləri Putinin dedikləridir. Onun qonşu dövlətləri ABŞ-yə birləşdirmək, Panama kanalı barədə və s. qeyri-ciddi açıqlaması da Rusiyaya beynəlxalq birlik qarşısında haqq qazandırmaq cəhdidir. Putin istədiyi torpaqları alana qədər müharibə davam edəcək və Tramp da bacardığı formada ona dəstək olacaq. Son vaxtlar Ukraynanın bəzi ərazilərini ciddi döyüş olmadan Rusiyaya təslim etməsi də buna xidmət edir. Gözlənilməz nəsə baş verməsə Ukrayna kapitulyasiya aktını imzalayacaq.
- Gürcüstanda hakimiyyət dəyişkliyinin baş vermə ehtimalı nə qədərdir?
- Seçkilərdən sonra xalq seçkinin nəticələrini qəbul etdi və müxalifətin çağırdığı etiraz aksiyalarına dəstək vermədi. Çünki müxalifət və ATƏT-in müşahidə missiyası səsvermədən dərhal sonra seçkinin nəticələrinin saxtalaşdırılmasına dair ciddi faktlar ortaya qoya bilmədi. Qərbdən maliyyələşən, maksimum bir neçə min ictimai fəal etiraz aksiyalarına qoşuldu. Amma iqtidarın qərarsızlığı, bəzən aşırı və yersiz zorakılığa əl atması, Avropa İttifaqına üzvlüklə bağlı danışıqların dayandırılması haqqında heç kimə lazım olmayan açıqlaması və buna görə Qərbdən edilən təzyiqlərin artması etiraz aksiyalarına qoşulan insanların sayını son günlər xeyli artırdı. Etiraz aksiyalarına qoşulanların sayı qarşıdakı günlərdə daha da artacaqsa, ya yeni seçkilərə gediləcək, ya da ölkədə fövqəladə vəziyyət elan olunmalıdır. Bu zaman Qərbin təsiri böyük olan silahlı qüvvələr öz neytrallığını qoruyub saxlayacaqmı? Hər şey bundan asılı olacaq. Biz qanuni hakimiyyəti dəstəkləsək də, Gürcüstan bizim üçün strateji əhəmiyyət kəsb edən ölkə olduğundan, hakimiyyəti kim təmsil edəcəksə onunla da əməkdaşlığımızı davam etdirməliyik, Suriya və Əfqanıstan nümunələrində olduğu kimi.