Bakı və İrəvan uzun müddətdir sülh müqaviləsi layihəsinin 17 bəndindən 15-nin artıq razılaşdırıldığını bəyan edir. Tərəflər yalnız iki bənd üzrə konsensusa gələ bilmirlər: Avropa İttifaqı (Aİ) müşahidəçilərinin Ermənistandan çıxarılması, beynəlxalq məhkəmələrdə qarşılıqlı ittihamların geri götürülməsi.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” yazır.
Nəşr qeyd edir ki, Ermənistan Baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibədə Azərbaycanın hər iki məsələ ilə bağlı təklifləri ilə razılaşdığını bildirib:
“İrəvan razılaşdırılmış 15 bənd üzrə sülh müqaviləsini imzalamağa hazır olduğunu açıqlayıb, Bakı bu təklifi qəti şəkildə rədd edərək bəyan edib ki, saziş bütün bəndlər razılaşdırıldıqdan sonra imzalanacaq”.
Mənbə bildirir ki, İrəvan müqavilədə 300 min azərbaycanlının Ermənistana (Qərbi Azərbaycan) qaytarılması ilə bağlı bənd olmadığını təkzib etməsinin əksinə, Bakının tələbini reallaşdırmağa imkan verəcək razılaşdırılmış bənd var:
“Beynəlxalq hüquqa əsaslanan həmin bəndə görə, tərəflər dini, irqi, dil mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyinə təminat verir, vətəndaşlığından asılı olmayaraq, onların mədəni hüquqları və dini təzahürləri qərəzsiz təmin edilməlidir”.
“Hraparak”ın iddiasına görə, razılaşdırılmış bir bənd də Ermənistanın istifadəyə yararsız Metsamor atom elektrik stansiyası və sərhəddə ətraf mühiti çirkləndirə biləcək oxşar fəaliyyətlərin dayandırılması ilə əlaqəlidir: “Burada qeyd olunur ki, ətraf mühitin təhlükəsizliyini təmin etməyi və gələcək nəsillər üçün layiqli həyat şəraitini təmin etməyi qarşısına məqsəd qoyan tərəflər, xüsusilə bir-birinin sərhədlərinə bitişik ərazilərdə ətraf mühitin çirklənməsi risklərinin qarşısını almaq üçün əməkdaşlıq etməlidirlər”.
“Razılaşmanın bəndlərindən biri də odur ki, tərəflər öz dövlətləri daxilində qarşı tərəfə qarşı separatçı bəyanatlar verən qruplara qarşı mübarizə aparmalıdırlar”, - məqalədə vurğulanır.
Qeyd edək ki, rəsmi Bakının sülh müqaviləsinin imzalanması üçün əsas tələbi Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. Digər tələb isə İrəvanın ATƏT-in Minsk qrupunun buraxıldığını qəbul etməsi ilə əlaqəlidir. Ermənistan hələlik bu yöndə əməli addım atmayıb.