Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycanın haqlı tələblərinə qarşı Ermənistandan başqa bəzi qərb siyasətçilərinin, diplomatlarının “dözümsüzlüyü” nə ilə bağlıdır? Avropa Parlamentinin Fransadan olan deputatı Natali Luazo kimi şəxslərin “narahatlığına” səbəb nədir?
- Onlar ona görə narahat olur ki, həqiqət üzə çıxır. Əsrlər, on illiklər boyu gizlədilən hadisələr haqqında detallar aşkarlanır. Elə Qərbdəki bəzi siyasətçiləri də qorxudan bu amillərdir. Çünki Azərbaycanın yeni yaratmış olduğu reallıqla illər boyu qurulmuş yalan və böhtan piramidası faktiki olaraq darmadağın olur. Ona görə də bu gün onların işi, gücü Azərbaycana qarşı çıxan həmin qurumları, strukturları dağılmaqdan, parçalanmaqdan qoruyub saxlamaqdan ibarətdir. Natali Luazo onların içərisində olanlardan bidirir. Bu adam birbaşa Fransa Prezidenti Emmanuel Makrondan tapşırıqlar alaraq, Avropa Parlamentində destruktiv fəaliyyətlə məşğuldur. Çünki ermənilərin revanşist iddialarını Luazo özü üçün əsas “xətt” seçib.
- Son zamanlar Qərbi azərbaycanlılar məsələsinə qarşı da qərbdən qərəzli və ikili yanaşmalar sərgilənir. Bu nə ilə bağlıdır?
- Sözsüz ki, həmin qüvvələrin qorxduğu məsələlərdən biri də Qərbi azərbaycanlıların ədalətli şəkildə geri qayıdışıdır. Qərbi Azərbaycanla bağlı həqiqətlərin üzə çıxması, tarixdə azərbaycanlıların etnik təmizləməyə məruz qalması kimi faktlar həmin şəxsləri təşvişə, təlatümə salıb. Onlar də məhz bu reallığa qarşı “mübarizə” aparırlar. Amma bu məsələdə heç bir “uğur” qazana bilməyəcəklər. Çünki Azərbaycanın apardığı siyasət dünyada öz yerini tutur. Daha çox qurumlar, təşkilatlar, şəxslər Azərbaycan tərəfindən səslənən fikirlərə diqqətlə qulaq asmağa başlayıb. Prezident İlham Əliyevin dünyaya göndərdiyi mesajlar bu mənada mühüm önəm kəsb edir.
- 2024-cü il Azərbaycanla Ermənistan arasında sülh və daşıqlar prosesində müəyyən nəticələr fonunda gələn ildən gözləntilər nədən ibarətdir?
- Bu il ölkəmiz üçün uğurlu bir təqvim oldu. İlk dəfə Azərbaycan tarixində ərazilərimizin və suverenliyimizin tam təminatı fonunda prezident və parlament seçkiləri keçirildi. Eyni zamanda COP29 kimi mühüm beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi böyük tarixi bir hadisə idi. Bununla yanaş, Ermənistanla aparılan sülh danışıqları fonunda bir sıra müsbət nəticələrin əldə olunması kimi amillər mövcuddur. Qazax rayonunun Ermənistanın işğalı altında olan 7 kəndindən 4-nün Azərbaycana təhvil verilməsi, həmin istiqamətdə 12 km-lik sərhəddin delimitasiya edilməsi kimi irəliləyişlər xüsusi ilə qeyd edilməlidir. Ona görə də 2024-cü il 2025-ci il üçün vacib əsaslar yaradıb. Bu reallığı artıq hansısa formada çevirmək, dəyişdirmək mümkün deyil.
- Nikol Paşinyanın son günlər Qarabağla bağlı etirafları proseslərə necə təsir edə bilər?
- Təbii ki, “Paşinyanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımalıydım” deməsi vacib bir etirafdır. Ermənistan daxilində sülh prosesinə qarşı çıxan və revanşist qüvvələrin sərgiləmiş olduğu mövqeyə baxmayaraq, onu saxlamaq mümkün olmayacaq. Çünki indiki dinamikanı saxlamaq mümkün deyil. Ona görə də 2025-ci ildə sülh müstəvisində daha çox irəliləyişlər əldə olunacaq. Beləliklə, Azərbaycana qarşı “işləyən” qüvvələr özlərini ifşa edəcəklər. Faktiki olaraq kriz içərisindəki AŞPA, mənasız qərarlar icad etməklə məşğul olan Avropa Parlamenti lazımsız struktura çevrilməkdədir. Fransa məhz qərəzli və riyakar mövqeyinə görə, beynəlxalq müstəvidə özünü ifşa etməkdədir. Bu proseslər gələn il özünü daha kəskin şəkildə göstərəcək. Azərbaycanın apardığı xarici siyasət daha yüksək səviyyədə qəbul olunmağa başlayacaq.