Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycanın sülhlə bağlı əsas tələblərindən biri də ATƏT-in Minsk Qrupundan imtina ilə bağlıdır. Ermənistan ancaq sülh sazişindən sonra Minsk Qrupundan imtinanın mümkünlüyünü gündəmə gətirir...
- Sülhə əsas maneələr hələ də mövcuddur. Hətta Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları da hələ qüvvədədir. Onun hansı şəkildə bu sənəddə əksini tapması sual altındadır. Ona görə də proseslərin davamında hər şey ortaya çıxacaq. Çünki Ermənistan tərəfi bir çox məsələlərin həllində o qədər də həvəsli görünmür. Bu da onların iddialarının hələ də mövcudluğu ilə izah olunur.
- 2024-cü ildə iki ölkə arasında aparılan sülh danışıqlarında xeyli irəliləyişlər əldə edildi. Bu il üçün əsas gözləntilər nədən ibarətdir?
- Yekun sülh və yaxud çərçivə razılaşması iki ölkə arasında bütün problemlərin həlli demək deyil. Bu əslində hamıya bəlli olan məsələdir. Ona görə də sülh anlayışına bir qədər geniş baxmaq lazımdır. Çünki hansısa bir sənədə imza atılsa belə, bu, əslində, proseslərin hansısa mərhələsini tamamlamış olur. Amma yekun sülh müxtəlif sahələri əhatə edir.
- Bütün məsələlərin bir sülh sazişində həlli ilə bağlı yanaşmalar necədir? Hansı tələblər var?
- Burada sosial-ictimai konsensusla bağlı məsələlər mövcuddur. Əsas amil şüurlu və bir-birinə yanaşma baxımından sülhmeyilli dəyişikliklərin olmasıdır. Azərbaycan və Ermənistan cəmiyyətlərinin buna yanaşması çox önəmlidir. Çünki bu proses hələ də qalır. Əgər bu il üçün sülhə ümidlər varsa, əsas işlər də görülməlidir. Yəni, bəzən bu və ya digər sənədi prosesin yekunu kimi göstərmək çox da məntiqli görünmür. Ona görə də bu məsələyə diqqət edilməlidir. Sülh prosesi davam etməlidir.
- Azərbaycanın əsas məqsədi nədən ibarətdir? Yekun sülhü necə təsəvvür etmək olar? Burada əsas meyarlar necə təsvir ediləcək?
- Yekun və əhatəli sülh Bakının əsas məqsədləri sırasındadır. Faktlar və reallıqlar hər iki cəmiyyətə aydınlaşmalıdır. Çünki ictimaiyyətin əksəriyyəti bu yaxınlarda Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının olmasından xəbər tutub. Bundan öncə həmin iddiaların sülh prosesinə təsiri nisbi idi. Ermənistan konstitusiyasında olan həmin iddialar aradan qaldırıldıqdan sonra onların azərbaycanlılara sülh və dostluq hissləri ilə yanaşacağını da düşünmək olmaz.
- Belə çıxır ki, cəmiyyətlərin sülhə hazırlanması və yanlış ideologiyaların aradan qaldırılması hələ uzun müddət davam edə bilər...
- Sülh dedikdə, məhz bu amillər nəzərdə tutulmalıdır. İki ölkə arasında düşmənçiliyə birdəfəlik son qoyulmalıdır. Amma görünən odur ki, erməni cəmiyyəti buna hazır deyil. Formal olaraq, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək istəmirlər. Bu gün Ermənistan cəmiyyətində və media məkanında revanşizmdən başqa heç nə eşidilmir. Əsas problem məhz budur.
- Bu yanlış ideologiyaya necə son qoymaq olar?
- Proses gedir. Ermənistanın siyasi elitası yavaş-yavaş bunu qəbul etməyə başlayır. Artıq onlar cəmiyyətlərinə suallar verməyə başlayırlar. Cəmiyyətdə bu mövzular müzakirə olunmalıdır.
- Sizcə, "Ermənistan" dedikdə, o ölkənin vətəndaşları nəyi və hansı əraziləri nəzərdə tuturlar?
- Elə məhz bu mövzu aydınlaşmalıdır. Erməni cəmiyyətində bu anlayışlar ortadan qalxmalıdır. Mifik və yaxud indiki real Ermənistanın mövcudluğu qəbul edilməlidir. Anlamalıdırlar ki, onların dövlətçilik anlayışları bir layihə idi. Bu türklərə qarşı formalaşdırılmış məqsədlərə xidmət edən dövlətçilik oyunu olub. Məqsəd Türkiyəyə və Azərbaycana problemlər yaratmaq idi. Erməni cəmiyyəti bunu nəhayət dərk etməlidir. Bir neçə əsr davam etmiş oyuna indi son qoyulduğunu başa düşməlidirlər. İndi erməni cəmiyyətinin buna hazır olub-olmaması aydınlaşmalıdır.