14 Yanvar 15:05
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistanla bağlı daha sərt mesajlar səsləndirdi. Rəsmi Bakının açıq tələbləri bir daha önə çəkildi. Verilən mesajların effektivliyini necə dəyərləndirmək olar?

- Post-konflikt və sülh prosesi müəyyən mərhələlər keçməlidir. Artıq birinci mərhələ baş çatdı. Azərbaycana qarşı işğalın hərbi nəticələri aradan qaldırılıb. Amma həllini tapmalı olan məsələlər var. İşğalçı siyasətin siyasi hissəsi Ermənistanın “ideologiyasından” götürülməlidir. Üçüncü, Ermənistan Respublikasının (Ermənilər indi öz ölkələrini belə adlandırır) əsas dövlətçilik “ideologiyasının” məzmununda Azərbaycana və qismən də Türkiyəyə qarşı ərazi iddialarını rəsmi olaraq əsas siyasətlərinin hədəfi kimi qoymuşdular. Ona görə də bu mənfur ideologiyanı addım-addım dağıtmaq lazımdır. İkinci Qarabağ müharibəsindən sonrakı müddətdə, yəni son iki ildə Azərbaycanla Ermənistan arasında çərçivə sülh sazişinin detalları müzakirə olunurdu. Amma bu sənədə imza atılmaması onun rolunun heç də müsbət olmaması ilə izah edilmir. Çünki bu danışıqlar, təmaslar nəticəsində ermənilərə və digər beynəlxalq oyunçulara Azərbaycanın prinsipləri bəyan edilib.

- Sizcə, Azərbaycanın post-konflikt dövrü ilə bağlı əsas hədəfi nədən ibarətdir?

- Mövcud reallıq indi tamam başqa müstəvidədir. Hətta Azərbaycanla Ermənistan arasında indi müzakirə edilən mövzular 4 il öncədən tamam fərqlidir. Azərbaycanın ədalətli mövqeyi addım-addım beynəlxalq gündəmdə Ermənistanın təbliğatını alt- üst edir. Bunlardan ən əsası, Ermənistan konstitusiyasında mövcud olan ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması ilə bağlıdır. Eyni zamanda Zəngəzur dəhlizinın açılması, tarixi torpaqların yəni, Göyçə mahalının mövzusu gündəmin əsasını təşkil edir.

- İndi Bakı və İrəvan danışıqların hansı mərhələsindədir? Qarşıda hansı məqsədlər var?

- Ermənistanda Azərbaycana qarşı uzun on illiklər formalaşmış yanlış ideologiya onların gündəmindən çıxmasa, məsələ bitməyəcək. Bu halda münaqişə başa çatmış hesab edilmir. Məhz belə reallıqda isə davamlı sülh mümkün olmayacaq.

- Azərbaycanın tələblərindən biri də rəsmi İrəvanın Qərbi Azərbaycan İcması ilə danışıqlara başlaması ilə bağlıdır. Ermənistan bu istiqamətdə hansı addımlar atmalıdır?

- Söhbət insan hüquqlarından gedirsə, Ermənistan buna əməl etməlidir. Azərbaycan uzun müddət ikili standartlarla üzləşib. Keçmiş münaqişə nəticəsində Azərbaycan ictimaiyyəti böyük zərər çəkib. Amma indiyə kimi müzakirə olunan mövzu Qarabağ ermənilərinin taleyi ilə bağlı idi. Qalan mövzulara diqqət ayrılmırdı. Sözsüz ki, bu heç də ədalətli yanaşma deyildi. İndi rəsmi Bakı Qərbi Azərbaycan mövzusunu gündəmə gətirib. Əgər kimsə insan hüquqları haqqında söhbət açmaq istəyirsə, bu, paralel şəkildə ola bilər. Qərbi azərbaycanlıların Ermənistana qayıdışı və hüquqları ilə bağlı müzakirələr aparılmalıdır. Bu, əslində, Ermənistana növbəti mesajdır ki, proseslərə birtərəfli yanaşmaq mümkün olmayacaq. İnsan hüquqları mövzusu sərhədlər tanımayan və millətindən asılı olmayaraq, hər kəsə şamil olunur. Beynəlxalq qanunların tələbi belədir. Ermənistan da gec-tez buna əməl etmək məcburiyyətindədir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər