Azərbaycan və Türkiyə arasında hərbi-strateji anlaşma - Şuşa Bəyannaməsi ölkəmiz üçün güclü, dayanıqlı, ən vacibi işlək bir təhlükəsizlik çətiridir.
Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyasının sədri Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Ermənistanın rəsmi şəxsləri və ictimai fikir adamları bu müqavilə ilə bağlı hay-küy salmışdılar ki, Şuşada imzalanan sənəd məhz Ermənistana qarşıdır:
“Mən bir neçə dəfə elə Ermənistanda yayımlanan TV kanallara müsahibələrimdə onlara başa salmağa çalışdım ki, özünüz haqqınızda çox yüksək fikirdəsiniz, bu müqavilə kiçik Ermənistana qarşı deyil, sizə ordumuz bir kənara, elə yol polisimiz bəs edər. Şuşa Bəyənnaməsi Azərbaycana daim şimal və cənubdan gələn təhdidləri yox etmək, Rusiya və İranı çəkindirmək üçün imzalanıb. Azərbaycan-Türkiyə stateji ittifaqı Cənubi Qafqazın əsas güc və təhlükəsizlik mənbəyidir.
Dünən Ermənistanın ABŞ ilə imzaladığı əməkdaşlıq müqaviləsi ciddi müzakirə olunur, bu mənada bir neçə vacib məqamı vurğulamaq lazımdır:
- Gedər ayaq olan Bayden administrasiyası ilə imzalanan bu sənədin işlək olması sual altındadır;
- Bu müqavilə Azərbaycana qarşı deyil, bizim bu sənədi belə təqdim etməyimiz yanlışdır, sənəd Rusiya və İrana qarşı imzalanıb. Qoy elə Rusiya və İran narahat olub, Ermənistanla münasibətlərini aydınlaşdırsınlar. Bizim mövqeyimiz belə olmalıdır ki, zatən Azərbaycan haqlı və hüquqi cəhətdən üstündür, biz Cənubi Qafqazda sülh və əmin- amanlığın bərqərar olmasına çalışırıq;
- Ermənistanda Rusiya hərbi bazaları var. Ermənistanın Rusiyadan iqtisadi-siyasi asılılığı dəhşətli dərəcədədir. Rəsmi İrəvanın ABŞ ilə müqaviləsi Rusiyanı əsəbləşdirib, Ermənistana qarşı hansısa hərəkətə keçəcəksə, əsas məsələ odur ki, biz bu məsələdən tam kənarda qalaq, özləri bilərlər;
- Bu gün Ermənistan Rusiyanın sanksiyalardan yan keçməsi üçün əsas mərkəzlərdən biridir, əsasən də Rusiyanın qiymətli daşlar və qızıl alveri Ermənistan üzərindən gedir. Rusiya Ermənistan üzərindən özünə lazım olan yarımkeçiricilər və elektron avadanlıqlar alır. ABŞ, Qərb bunu görmür? Görür, sadəcə sərf edir, özü də hamıya sərf edir. İndi görək bu mexanizm dağılacaqmı? Düşünmürəm. Ermənistanın hər iki stulda oturmaq istəyi hər iki tərəfi qıcıqlandıracaq, bizə gözləmək düşür”.
Natiq Cəfərli vurğulayıb ki, Ermənistanın Cənubi Qafqazda təhlükəsiz yaşamasına, inkişaf etməsinə tək bir ölkə - Türkiyə zənamət verə bilər:
“Gec-tez məhz bu konsepsiya qalib gələcək.
Azərbaycan isə Tramp administrasiyası ilə strateji əməkdaşlıq müqaviləsi bağlamağa hazırlaşır, bunun anonsunu eşitmişik. Məncə, doğru qərar olacaq. Bundan başqa, son 6-7 ayda, hətta Trampın qalib gələcəyi ehtimalının aşağı olduğu dövrlərdə belə, bir neçə dəfə publik çıxışlarımda demişdim, indi də bu fikirdə qalıram – Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında normallaşma sənədləri məhz Trampın iştirakı ilə imzalanacaq. Çünki ən rahat imzalana biləcək 90, hətta Ermənistanın ATƏT-in Minsk Qrupu kimi mənasız qurumun ləğvinə razı olması ilə 95 faizlik hazır sənəd var.
Trampın “mən dünyaya sülh gətirəcəm” mesajını təsdiq edəcək ilk addım kimi Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan sənədləri imzalanacaq. Bundan sonra Cənubi Qafqazdan Rusiyanın məhz Azərbaycan və Türkiyənin addımlarına görə sıxışdırılması daha da sürətlənəcək. Ona görə də dünən Ermənistan-ABŞ arasında imzalanan sənədə təmkinli yanaşmalıyıq, bu sənədin Azərbaycana qarşı olduğunu söyləmədən, Rusiya və İrandan Ermənistana qarşı gələcək “qapazları” bu işə qarışmadan gözləməliyik”.