“Tbilisi Gürcüstan, Azərbaycan və Türkiyə arasındakı üçtərəfli əməkdaşlıq formatına böyük əhəmiyyət verir”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın X iclasında deyib.
O, bu formatın müxtəlif istiqamətlərdə uğurlu fəaliyyətinin ümumi maraqlara daha çox fayda gətirəcəyini bildirib.
“Ölkələrimiz müdafiə, mədəniyyət, təhsil, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, səhiyyə, turizm və gömrük sahələrində sıx əməkdaşlıq edirlər. Gürcüstan bu sahələrdə əməkdaşlığın bundan sonra da inkişafına və dərinləşdirilməsinə hazırlığını ifadə edir”, - İ.Kobaxidze söyləyib.
Baş nazir Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Orta dəhliz layihələrinin əhəmiyyətinə də toxunub. Qeyd edib ki, birgə səylər enerji təhlükəsizliyinin və enerji müstəqilliyinin təmin edilməsinə və təşviqinə də yönəldilməlidir.