15:08
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycana gələcək Türkiyə xarici işlər naziri Hakan Fidanın azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat, enerji məsələləri, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesindəki son gəlişmələr müzakirə olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Ankahaber” məlumatlı mənbələrə istinadla yazıb.

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi sayta bildirib ki, səfər çərçivəsində iki ölkə arasında 15 milyard dollarlıq ticarət hədəfinə çatmaq üçün atılacaq addımlar, başda turizm, səhiyyə, təhsil və kənd təsərrüfatı olmaqla bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi səyləri də gündəmdə olacaq:

“Fidan Bayramovla qlobal məsələlər və yaxın regiondakı problemlər, xüsusilə Azərbaycan-Ermənistan sülh prosesi, Suriya, Qəzza və Ukraynada baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparacaq”.

Nazirlik rəsmisi Türkiyə ilə Azərbaycan arasında 2010-cu ildə prezidentlər səviyyəsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradıldığını xatırladaraq, 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə bu çərçivədə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldildiyini söyləyib.

Diplomat Azərbaycan və Ermənistan arasında gedən prosesləri dəyərləndirərkən deyib: “Azərbaycanın 2023-cü ildə işğal olunmuş əraziləri üzərində tam suverenliyini bərqərar etməsi ilə Cənubi Qafqazda davamlı sülh, sabitlik və regional rifah üçün tarixi fürsət pəncərəsindən istifadə etmək səyləri daha da genişlənib”.

Türkiyənin Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalamaq və mehriban qonşuluq münasibətləri qurmaq istəyini ifadə edən rəsmi əlavə edib:

“Türkiyə bu anlayışla həm Azərbaycan, həm də Ermənistanı bu tarixi fürsəti əldən verməməyə təşviq etməyə davam edir və əldə edilən müsbət irəliləyişləri alqışlayır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər