13:17
353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycanla Avropa Şurası Parlament Assambleyası (AŞPA) arasında heç bir dialoq mövcud deyil. Bu qurum özünü elə bir quyuya salıb ki, buradan onun qısa zamanda çıxması inandırıcı deyil. İndi isə AŞPA, Avropa Birliyi, ABŞ ətrafındakı proseslər tamamilə fərqli istiqamətdə cərəyan etməyə başlayıb.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

“AŞPA müstəqil təşkilat deyil. Bu qurum öz müstəqilliyini çoxdan itirib. İki kontekstdə təşkilat nüfuzunu heçə endirdi”, - deyə o qeyd edib.

Komitə sədri hesab edir ki, AŞPA-da Frank Şvabe (Almaniyalı ermənipərəst deputat) kimi şəxslər artıq “hökmranlıq” edir: “Ona görə də AŞPA-nı getdikcə cılızlaşdırır, ucuzlaşdırır və daha çətin, gərgin vəziyyətə salırlar. Bu özlüyündə həmin təşkilatda olan mənfi elementlərdən biridir”.

Səməd Seyidova görə, hazırda AŞPA-nın Avropada və dünyada nüfuz təsiri getdikcə aşağı düşür: “Demək olar ki, bu təşkilatın mövqeyi heç nədə nəzərə alınmır. Bu isə Avropa Birliyinin, ABŞ-nin daxilində baş verən proseslərlə bağlıdır. Ona görə də AŞPA-nın durumu daha çox Avropa Birliyində və ABŞ-də baş verən məsələlərdən asılıdır. Çünki bu qurum müstəqil olaraq öz sözünü deməkdən könüllü şəkildə imtina edib. Qeyri-obyektiv qərarların qəbulu, ikili standartların üst səviyyəyə qaldırılması və böyük səhvlər AŞPA-nı indiki hala salmış oldu”.

Qeyd edək ki, yanvarın 24-də Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bunun AŞPA-dan Azərbaycana qarşı qeyri-obyektiv qərarların verilməsi ilə bağlı olduğu açıqlanıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər