09:18
2 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla Ermənistanın Sünik bölgəsində (Zəngəzur – red.) Rusiya konsulluğunun genişləndirilməsi məsələsini gündəmə gətirməsi heç də təsadüfi deyil. Sözsüz ki, bu gün Zəngəzur bir sıra dövlətlərin maraq dairəsindədir. Rusiya ilə yanaşı, İran da bu bölgədə yer almaq niyyətindədir. Bir müddət öncə İranın həmin bölgədə konsulluq açması da bu məqsədlərdən yaranıb. İndi isə Rusiya Zəngəzurda konsulluq açmaq niyyətini ifadə edib.

Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib.

“Rusiya həm də Zəngəzur dəhlizinin açılması məsələsində özünün xüsusi rolunu önə çəkməyə çalışır. Moskva bu məsələdə 10 noyabr 2020-ci ildə imzalanmış (Azərbaycan, Rusiya və Ermənistan) bəyanata əsaslanır. Həmin bəyanatın 9-cu bəndinə görə, kommunikasiya xəttlərinin təhlükəsizliyi Rusiya Sərhəd Xidməti tərəfindən təmin olunmalı idi”, - deyə o qeyd edib.

Ekspert son dövrlər Rusiya ilə Ermənistan arasında fikir ayrılığına səbəb olan məsələlərdən birinin də Zəngəzur dəhlizinə nəzarət mexanizmi ilə bağlı olduğunu bildirib:

“İrəvan heç bir halda Zəngəzurdan keçən kommunikasiya xəttlərinin təhlükəsizliyini təmin etməyə razılıq vermək istəmir. Məhz Rusiya XİN rəhbəri Sergey Lavrovun mövqeyi bu kontekstdə dəyərləndirilə bilər”.

Mətin Məmmədli hesab edir ki, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi birmənalıdır:

“Rəsmi Bakı son 4 ildə dəfələrlə bəyan edib ki, Ermənistan regional kommunikasiya xəttlərinin açılması ilə bağlı öhdəlikləri nəhayət yerinə yetirməlidir. Üçtərəfli bəyanatda bu məsələ öz əksini tapıb. Bakının mövqeyi hüquqa, məntiqə əsaslanır. Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmin edilməsi ilə bağlı Ermənistan üzərinə öhdəlik götürüb. İndiyə kimi İrəvan bu öhdəlikləri icra etmir”.

Qeyd edək ki, Rusiya hökuməti Azərbaycanla sərhəddə yerləşən Qafan şəhərində (Zəngəzur bölgəsi) baş konsulluğun açılması ilə bağlı razılaşmanı təsdiqləyib. Beləliklə Rusiyanın Gümrüdən başqa Qafanda da baş konsulluğu olacaq. Bu Rusiyanın Ermənistandakı ikinci konsulluğudur.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər