Gənclər siyasətimizin əsas məqsədi milli dəyərlərimizin daşıyıcısı olan gənclik yetişdirməkdir.

Teleqraf.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli “Qərbi Azərbaycana qayıdış” adlı toplantıdan öncə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkənin gələcəyi gənclərdən aslıdır: "Qərbi Azərbaycana qayıdış missiyasının əsas işi gənclərdən asılıdır. Tarixi torpaqlarımıza qayıtmaqdan ötrü milli dəyərlərə və dövlətçilik ənənələrinə bağlı gənclik yetişdirməliyik".

Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədri Şahin İsmayılov isə deyib ki, tarixi torpaqlara qayıdış məsələsində gənclər daha məlumatlı olmalıdırlar:

"Gənclərin istər təmsil olunduqları platformalar, istər sosial media, istərsə də digər ölkələrdəki fəaliyyətləri zamanı Qərbi azərbaycanlıların ötən əsrdə üzləşdikləri deportasiya və soyqırımlarla bağlı həqiqətləri çatdırmaları, aparılan işdə önəmli rola malikdir".