"Təhlükənin böyüyü, kiçiyi olmaz. Azərbaycan terrordan uzaq, daxili sabitliyə sahib ölkədir. Bu, asanlıqla əldə edilməyib. Azərbaycanın sabit ölkələr siyahısında olması ölkə başçısı İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir".
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
"Dünən ölkənin informasiya məkanında ən diqqətçəkən xəbər "Əhmədli" metrostansiyası yaxınlığında şübhəli, sahibsiz məktəbli çantasının tapılması və bununla bağlı Fövqaladə Hallar Nazirliyinin (FHN) ciddi tədbir keçirməsi idi. Düzdür, hadisə ilə əlaqədar sosial şəbəkələrdə müxtəlif fikirlər var. Bir qrup insan sual edir ki, kiçik çantaya görə, bu qədər ciddi əməliyyata nə ehtiyac var idi. Ancaq başa düşmək lazımdır ki, təhlükənin böyüyü, kiçiyi olmaz. Mümkün təhlükə ehtimalının yoxlanılması üçün dövlətin ciddi sistemi var. Dünənki hadisə bir daha onu sübut etdi ki, bütün narahatlıq və şübhəli məqamlar dövlət tərəfindən ciddi diqqətdə saxlanılır. Baxın, təxribatçı qüvvələr məktəbli çantasından istifadə edib müvafiq qurumların, o cümlədən Azərbaycan dövlətinin hadisəyə reaksiyasını öyrənmək istəyə bilərdi. Reaksiya olmadıqda isə buna oxşar başqa addımlar da atılar ki, bu da insan təlafatı ilə yekunlaşar. Düzdür, metrostansiyanın yaxınlığında aşkar edilən çantadan təhlükəli bir şey çıxmadı. Lakin vətəndaşın təhlükəsizliyi üçün lazım olan bütün tədbirlər operativ şəkildə icra edilir", - deyə deputat söyləyib.
A.Mirzəzadə bildirib ki, Prezident İlham Əliyevin yaratdığı təhlükəsizlik modeli sayəsində Azərbaycan vətəndaşının həyatı hər zaman diqqət mərkəzində saxlanılır:
"Əməliyyatı keçirən şəxsin həyatını təhlükəyə atması igidlikdir. Xırda məsələdə dövlətin göstərdiyi böyük reaksiyadan qürur duydum. Belə peşəkar vətən övladının olması məni fərəhləndirdi. Həm Azərbaycan vətəndaşı, həm də xaricdə olanlar dövlətin məsələyə nə qədər ciddi yanaşdığını gördü. Qoy, bizim 100 şübhə ehtimalımız səhv çıxsın. Ancaq onlardan birini gözümüzdən qaçırsaq, böyük faciə baş verə bilər. Fəqət, bir daha vurğulamaq istəyirəm ki, vətəndaşlarımızın təhlükəsizliyi əmin əllərdədir".