28 İyul 2020 16:45
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən sığorta fonduna özünüməşğulluq tədbirlərinin təşkilinə 63 735 400 manat pul ayrılıb. Pandemiya şəraiti ayrılan vəsaitin aidiyyəti üzrə xərclənməsinə mane olur”.

Bunu Teleqraf.com-a Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov deyib.

O bildirib ki, prosedur qaydalara görə, özünüməşğulluq proqramına cəlb olunanlar təlim prosesini keçməlidir: “Artıq ilin yarısı arxada qalıb. Hazırkı pandemiya şərait təlimlərin keçirilməsinə imkan vermir. Buna görə də, hökumət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifi ilə təlimlər keçmədən həmin aktivlərin insanlara verilməsini nəzərdə tutan qərar hazırlayıb.

Yeni qərar əsasən, pandemiya başa çatandan sonra buna nəzarət ediləcək və təlimlər yenidən təşkil olunacaq. Prinsipcə qərarı düzgün qiymətləndirirəm. Çünki əks halda ayrılan vəsait xərclənməmiş qalacaq və növbəti ilə keçəcək. Özünüməşğulluq proqramına cəlb olunanlar da sənəd verib gözləyirlər. İlkin məlumatlara görə, bu il ərzində 12 min işsiz şəxsin özünüməşğulluq proqramına cəlb edilməsi planlaşdırılır”.

Sahib Məmmədov "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanun layihəsinin xərclərinin istiqamətlərini xatırladıb:

“2020-ci ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri 5 milyon, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 5 milyon, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 2 mulyon, əmək yarmarkaları və əmək birjalarının təşkilinə 500 min, haqqı ödənilən ictimai işlərin təşkilinə 2 milyon, özünüməşğulluq tədbirlərinin təşkilinə 63 735 400, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 3 milyon, peşə standartlarının hazırlanmasına 2 milyon, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 43 milyon manatın yönəldilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, iyulun 27-də Baş nazir Əli Əsədov işsiz və işaxtaranlarla bağlı Qərara düzəliş edib. Dəyişikliyə əsasən, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış özünüməşğulluğa cəlb edilən şəxslər 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən, yerli qurumların köməkliyi ilə tərtib etdikləri biznes-planlar əsasında seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunacaqlar.

ƏƏSMN-yi xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra bu Qərarın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb edilməsini təmin edəcək.


Müəllif: Yeganə Oqtayqızı