29 İyul 2020 14:51
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan radio məkanında xarici FM dalğalarının yayımlanması hamıya məlumdur. Yerli FM dalğalarının xüsusən sərhəd ərazilərində yayımı isə müşkülə çevrilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) məsələyə aydınlıq gətirib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, televiziya və radio yayımları hər bir ölkə ərazisində müvafiq radioyayım vericiləri vasitəsilə həyata keçirilir və relyefdən asılı olaraq qonşu ölkələrin ərazilərində qəbul edilə bilər: “Belə hallar sərhədyanı dövlətlərin ərazilərində müşahidə oluna bilər. Hazırda Respublika və İctimai radio proqramları FM tezlik diapazonunda demək olar ki, bütün ölkə ərazisində yayımlanır.

Azsaylı əhalisi olan kiçik dağ kəndlərindən belə bu və ya digər radio proqramlarına tələb yarandıqda və əhali tərəfindən müraciət olunduqda yeni yayım vericiləri həmin ərazilərdə qurulur. Ölkə üzrə əhatə dairəsi az olan radio proqram istehsalçıları tərəfindən müvafiq müraciət olduqca, yeni radiovericilər tələb olunan ərazidə qurularaq yayım təmin edilir. Bu məsələ özəl radio proqram istehsalçılarının sifarişindən asılıdır”.

Nazirlik bildirir ki, Azərbaycan radiolarının maneəsiz (interferensiyasız) yayımının təmin edilməsi üçün uyğun radiotezlik kanalları araşdırılır və müvafiq qaydada koordinasiya edilir: “Maneə təsiri yarandığı halda aidiyyəti texniki tədbirlərin görülməsi təmin olunur”.

Nazirlikdən o da qeyd olunub ki, kənar yayımların ölkə ərazisində qəbulu mütəmadi araşdırılır: “Milli maraqlara uyğun olaraq Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrini nəzərə almaqla müvafiq tədbirlər görülür".

Azərbaycan ərazisindən radio proqramların qonşu ölkələrin ərazisində yayımlanmasına gəlincə, nazirlik belə halların dövlətlərin sərhəd zonalarında mövcud olduğunu diqqətə çatdırıb:

“Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən televiziya və radioproqramları da relyefdən asılı olaraq qonşu ölkələrin ərazisinə nüfuz edə, həmçinin ölkələrin müxtəlif ərazilərində qəbul edilə bilər. Ümumiyyətlə, relyefdən və yayım avadanlığının texniki göstəricilərindən asılı olaraq müxtəlif kənar radio və televiziya proqramları sərhədyanı ölkələrin ərazisində müşahidə oluna bilər”.

Qeyd edək ki, media eksperti Ələsgər Məmmədli saytımıza müsahibəsində Azərbaycan radio məkanında İran, Rusiya, hətta Ermənistan FM dalğaları yayımlanması ilə bağlı bəzi qurumların məsuliyyətini yada salmışdı. Ekspert vəziyyətin belə şəkil almasının səbəbini Azərbaycan radiotezliklərinin boş buraxılmasında və regional radioların olmamasında görür.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər