Bu gün İslam aləminin qardaşlıq və barış bayramı hesab olunan Qurban bayramı qeyd olunur.
Teleqraf.com xəbər verir ki, bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü Məkkədə Həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
Qurban həm şəxs, həm də cəmiyyət üçün müxtəlif faydaları olan maddi ibadətdir. İnsan qurban kəsməklə Allahın əmrinə tabe olur və şəhadət şüurunu qoruduğunu açıq şəkildə nümayiş etdirir. İnsanlar qurban kəsməklə Həzrəti İbrahim və oğlu İsmayılın Allahən hüzurunda yerinə yetirdikləri müvəffəqiyyətli imtahanın xatirəsini yeniləyir və bənzər bir itaətə hazır olduqlarını göstərirlər.
Qurban cəmiyyətdə qardaşlıq, həmrəylik ruhunu saxlayır. Sosial bərabərliyin olmasına öz töhfəsini verir. Xüsusilə də ət almaq imkanı olmayanlar və ya yoxsulların yaşadığı ərazilərdə bu əməli icra edərək onlara yardım əli uzatmaq daha məqsədəuyğundur.
Bir insanın qurban kəsməsi üçün aşağıdakı şərtlərə uyğun olması vacibdir:
1. Müsəlman olmaq.
2. Ağıllı və həddi-buluğa çatmış olmaq.
3. Sakit olmaq.
4. Müəyyən qədər maddi imkana sahib olmaq.
Qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah yanında bəyənilmiş əməllərdən hesab olunur. Qurbanlıq heyvan şəriət qaydalarına uyğun olaraq kəsilərkən “Bismillаhi və billаhi vəllаhu əkbər” deyilməlidir. Qurbаn duаsının охunması məsləhətdir. Bu müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilməlidir. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil.
Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanların qurban kəsilməsi məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Qurban ətinin satılması haramdır.
Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Bir neçə şəxs cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsə bilər. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissəni kasıb ailələrə, üçüncü hissəni isə hədiyyə kimi qohum-əqrəbalara paylanması tövsiyə olunur.
Qeyd edək ki, bu il Qurban bayramı ilə əlaqədar olaraq 31 iyul, 1, 2, 3 avqust tarixləri qeyri-iş günüdür.