6 Avqust 2020 15:42
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karantin rejiminə heç kim əvvəldən hazırlıq görməmişdi. Nəşriyyat olaraq biz internet üzərindən satışa, oxucular isə onlayn sifarişə hazır deyildilər. Pandemiya dövrünə qədər çox az sayda oxucu sayta baxıb sifariş verirdi. Karantin zamanı isə onlayn satışa tələbat nisbətən artdı.

Bunu Teleqraf.com-a açıqlamasında "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib.

Onun sözlərinə görə, onlayn satışa tələbat nə qədərə artsa da, dükan daxilində kitab satışından əldə olunan gəliri əvəzləmir: “Ən yaxşı halda gün ərzində 5-6 sifariş olur ki, şəhərin müxtəlif yerlərinə çatdırırıq. Onlayn satış real kitab dükanlarını əvəzləmədiyinə görə kitab mağazalarının açılması üçün Operativ Qərargaha iki dəfə müraciət etmişik.

Yazıçılar, elmi-tərəqqi, mədəni mühitin bərpasını düşünən insanlar da bu müraciəti dəstəklədilər. Hələ ki bir reaksiya yoxdur. Ümid edirəm ki, növbəti qərarlarda bu müraciət nəzərə alınacaq”.

Hazırda nəşriyyata dəymiş ziyanın hesablandığını deyən Şahbaz Xuduoğlu hər ay gəlirlərinin azaldığını qeyd edib: “Çalışdıq, bu müddət ərzində işçiləri ixtisar etməyək. Bu günə qədər bütün əməkdaşlarımız bizimlədir. Mağaza olmasa da, onlayn satışdan əldə olunan gəlirlə, ehtiyat resurslarla onların maaşını ödəməyə çalışırıq. Karantinin ilk aylarında mövcud vəziyyəti qoruyub saxlasaq da, növbəti aylarda ziyanla işlədik.

İşimizi indi də görürük, kitablar nəşr edirik, amma o kitabları satmağa mağaza yoxdur. Kitablar anbarda qalır”.

Şahbaz Xuduoğlu pandemiya dövründə xarici ölkələrdə olan kitab satışı ilə Azərbaycandakı vəziyyəti müqayisə edib: “Türkiyə, Almaniya kimi ölkələrdə kitab mağazaları bağlanmadı. Bəzi ölkələrdə bu proses sahibkarların öz öhdəsinə buraxıldı, onlara kompensasiya verildi ki, əməkdaşların maaşını ödəyib, dövriyyəni artırsınlar. Nəşriyyatları vergilərdən, kommunal xərclərdən azad edən ölkələr də oldu.

Yaxud həmin ölkələrdə dövlət nəşriyyata daha çox kitab sifariş etdi ki, onun xərci azalsın. Beləliklə, gəlir əldə edərək əməkdaşlarının əmək haqlarını da ödəyə bilsinlər. Və ya güzəştli kreditlər verdilər.

Təəssüf ki, bu halların heç biri bizdə olmadı. Nə Təhsil, nə də Mədəniyyət Nazirliyi kitabxanaları üçün nəşriyyatlar dəstək niyyəti ilə bizə kitab sifariş verməyib. Bunlar olmalıdır axı, niyə olmasın? Biz belə addımları gözləyirik”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər