19 martdan etibarən ölkəmizdə tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar bu il vətəndaşlar çimərlik arzularının üzərindən xətt çəkməyə hazırlaşırdılar. Lakin çoxsaylı istək və ekspertlərin apardığı təhlillərdən sonra Nazirlər Kabineti yanında Operativ Qərargah avqustun 5-dən çimərliklərin açılması barədə qərar qəbul etdi.
Teleqraf.com-un əməkdaşları paytaxtda yerləşən çimərliklərdən birinə gedib, oradakı vəziyyətlə tanış olublar.
Pandemiya dövrü səbəbilə girişdə və çimərlik daxilində vətəndaşların özlərini qorumaları üçün təlimatlar yerləşdirilib.
Çimərliyə gələnlər ailə üzvləri xaric sosial məsafənin qorunmasına diqqət yetirirdilər. Vaxtaşırı olaraq vətəndaşların qaydalara riayət etməsi üçün səsli təlimatlar səsləndirilirdi.
Təmizliyin qorunması üçün çimərliyin müxtəlif ərazilərində, eyni zamanda geyinmə otaqlarının qarşısında tullantı qabları yerləşdirilmişdi. Bununla yanaşı çimərliyin təmizliyinə cavabdeh şəxslər də havanın isti olmasına baxmayaraq iş başında idilər.
Müşahidələrimizə görə uzun müddət qapalı vəziyyətdə yaşayan vətəndaşlar çimərlik mövsümündən maksimum istifadə etməyə çalışırdılar.
Foto və video: Pərviz Həşimi