11 Avqust 2020 16:12
4 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər Azərbaycanda toy biznesindəki ifrat təmtərağın qarşısını pandemiya tənzimləyib. Doğrudur, toy mərasimlərinin keçirilməməsi bu sektordan böyük gəlir götürən bəzi iş adamlarının narazılığına səbəb olub. Amma nəzərə almaq lazımdır ki, gəlir yeri toy biznesindən asılı olan on minlərlə insan var. Ərzaq məhsulları , spirtli içkilər biznesi, musiqiçi, gözəllik salonları biznesi, geyim icarəsi, taksi, gül biznesi və sair. Bu gün adıçəkilən biznes sektorunda çalışan on minlərlə vətəndaş düşdükləri mövcud vəziyyətdən şikayətçidirlər. Ölkədə bu qədər insanın yalnız toy biznesindən asılı olması ürəkaçan deyil. Etiraf edək ki, inkişaf etmiş və etməkdə olan ölkələrdə toy biznesindən asılılıq Azərbaycandakı səviyyədə deyil. Bu zaman ortaya sözügedən biznesin ləğvi, əvəzinə istehsalat və sənaye müəssisələri yaradılması zərurəti çıxır.

Maraqlıdır, restoran biznesinin yerini Azərbaycan cəmiyyəti üçün faydalı olan hansı biznes növü tuta bilər?

Fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov Teleqraf-com-a bildirib ki, Azərbaycanda islahatların vacib olduğu sahələrdən biri də toy və yas mərasimləri ilə bağlıdır: “Hər iki sahə əsasən oliqarxların əlində cəmləşib. Artıq israfçılıq nəticə etibarilə vətəndaşın zərərinə olan bir biznes növüdür. Buradan qazanan ancaq restoran və yas mərasimləri evlərinin sahibləridir. Müasir Qərb ölkələri ilə Azərbaycanı müqayisə etsək, qeyd etməliyəm ki, ölkəmizdə bununla bağlı acınacaqlı durum var. Hansısa güclər xalqın bu tələbatı üzərində manipulyasiya edərək böyük biznes şəbəkəsini qura bilib. Cəmiyyət səviyyəsində kimsə başqasından geri qalmamaq yarışına çıxır. Vətəndaşlar hətta bankdan kredit götürərək həmin şadlıq saraylarında böyük sayda insanı əhatə edən məclislər təşkil edirlər. Bunu toy biznesinin vətəndaşlar üçün neqativ nəticələrinə misal olaraq göstərilə bilərik”.

Sosioloq hesab edir ki, bu gün Azərbaycanda toy və yas mərasimlərinin keçirilməsində pandemiya dövrünün müsbət nəticəsi olub: “İllərdir ki, inzibati resurslarla qarşını ala bilmədiyimiz toy mərasimləri pandemiyanın diktə etdiyi şərtlər nəticəsində öz məzmununu və formasını dəyişməkdədir. Düşünmürəm ki, pandemiya dövrü bitən kimi, proses əvvəlki ənənəvi qaydalarına eynilə qayıdacaqdır. Əlbəttə ki, çox ciddi dəyişikliklər proqnozlaşdırıram”.

Ağasəlim Həsənov təklif edir ki, böyük əraziləri əhatə edən restoran və yas mərasimi zallarının yerində istehsal müəssisələrinin açılması məqsədəuyğun olar: “Məlum məsələdir ki, bir ölkənin inkişafı orta təbəqənin formalaşması ilə ölçülür. İstehsalı zəif olan ölkə elementar məhsulları xüsusən Çindən, Türkiyədən idxal edir. Olmazmı ki, həmin şadlıq saraylarının binalarında Azərbaycanda istehsal müəssisələri olsun?! Tutaq ki, sahibkar toy biznesini düşünərək orada öz işlərini həyata keçirirdi. Bu gün həmin şadlıq sarayının binasında tikiş evi və ya qadın-kişi geyimlərini istehsal edən müəssisə açmaq mümkündür.

Hazırda Azərbaycana yüngül sənaye məhsulları əsasən xarici ölkələrdən idxal olunur. Məgər bu şadlıq saraylarının binasında bir corab fabriki açmaq olmazmı?! Yaxud da istehsalı üçün çox da böyük texnoloji avadanlıqlar tələb olunmayan sahələr var ki, həmin şadlıq saraylarının binalarında quraşdırıb istehsal həyata keçirmək olar”.

Mütəxəssis istehsalın restoran biznesindən fərqinin çox böyük olduğuna diqqət çəkib: “İlk növbədə istehsalçı ölkə xarici ölkələrin tələbatlardan doğan asılılığı aradan qaldırır. Yəni, yerli məhsul ortaya çıxır. İkinci, istehsal prosesinə minlərlə işçi cəlb olunur. Bundan əlavə, istehsalın səviyyəsi artdıqca dövlət vergi ödəmələrinin səviyyəsi də qalxır. Bununla da elementar məhsullar üçün xarici ölkələrə üz tutan sahibkarlar yerli fabrik və ya zavodların məhsullarını almaqla xeyri vətənə verə bilərlər. Düşüncələri dəyişmək və istehsala yönəlmək lazımdır. Toy biznesindən milyonlar əldə etmiş oliqarxların əlində istehsal müəssisələri qurmaq çox asan bir işdir”.

Ağasəlim Həsənova görə, orta təbəqəsi inkişaf etməmiş ölkə zəif ölkə hesab olunur: “Orta təbəqənin formalaşması isə birbaşa sahibkarlıq fəaliyyətindən və istehsaldan asılıdır. İstehsalçı ölkə və ya toplum həmişə diktə edən tərəf olur. Çünki əlində hər hansı bir məhsulu və ya brendi var və o, müasir bazar iqtisadiyyatı şəraitində öz məhsulu ilə bazarda diktə edir. Amma istehlakçı cəmiyyət adətən asılıdır. Qlobal iqtisadi böhran baş verəcək və yaxud da valyutaların məzənnəsində dəyişmələr baş verəcək, nəticədə həmin ölkə vətəndaşları yaranmış vəziyyətdən əziyyət çəkəcəklər. Beynəlxalq ticarət dövriyyəsində əsas işlənən xarici valyuta dollardır. Buna görə dollarda asılılıq həmişə risk yaradan amildir. Yerli istehsal olanda dollardan asılılıq da minimum səviyyəyə enir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər