12 Avqust 2020 16:01
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 4,5 aydır ki, millətimiz, xalqımız və dövlətimiz SARS-COV-2 pandemiyasindan əziyyət çəkir. 500-dən artıq vətəndaşımız, o cümlədən bilavasitə COVID-19 xəstələrinin müalicəsində iştirak edən həkim, orta və kiçik tibb işçiləri, texniki tibbi heyətin üzvləri bu virusun qurbanları olublar. 40 minə qədər yoluxmuş insan xüsusi rejimli xəstəxanalarda müalicə olunub və olunur.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm deyib.

Onun sözlərinə görə, yüngül simptomlu azı 150-200 min insan evdə müalicə olunub və hazırda müalicəsi davam edir: "Bu murdar xəstəlik və onun ağırlaşmalarından vəfat etmiş həkimlərin yarısını şəxsən tanıyırdım, ikisi tələbə, biri iş yoldaşım idi. Hamısı da fəal əmək qabiliyyətli, gənc, cavan və orta yaşlı idi. 2 yaxın qohumum bu virus səbəbilə vəfat edib, biri hazırda reanimasiyadadır. Bacım və qardaşımın ailələrinin bütün üzvləri yoluxub və evdə uğurla müalicə olunublar”.

Müstəqil Həkimlər Birliyi şərti adlı birliyin yaradılmasının təşəbbüsçüsü və təsisçilərindən biri olan Ədalət Rüstəm qeyd edib ki, birliyin hazırladığı və Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərdiyi 20 maddəlik təkliflər paketi ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb, qısa müddətdə yarım milyondan artıq insan bəyənərək dəstəkləyib: “Hazırda birliyimiz əhaliyə yönəlik tövsiyələr və məsləhətlər paketi üzərində işləyir. Məqsəd payız aylarında gözlənilən 2-ci dalğanın təsirlərinin və itkilərin mümkün qədər az olmasına nail olmaq üçün xalqımıza və dövlətimizə dəstək olmaqdır. Birliyimizin ikinci əsas fəaliyyət istiqaməti bu ağır infeksiyanın qurbanları olmuş həkimlərin, tibb və texniki tibbi işçilərin ailələrinin sosial müdafiəsinin daimi və normal gücləndirilməsi uğrunda fəaliyyət göstərməkdir. Nəticədə insanlarımızın bir hissəsini bu təhlükəli infeksiyanın və onun törətdiyi ağır xəstəliyin mövcudluğuna inandıra bilmədik. ”.

Onun sözlərinə görə, virusun varlığına inanmayan insanlar daxili yoluxma hadisələrinin əksəriyyətinin birbaşa baiskarı və səbəbkarlarıdırlar: “Onların müəyyən hissəsi yoluxdu və ətrafdakıları da yoluxdurdular, hazırda da yoluxdurmaqda davam edirlər. Bu günə qədər hər 5 ölümdən 4-ü bu insanların cahilliyinin, nadanlığının qurbanları oldular. Onların ölümü bu tiplərin vicdanına yazılıb. İnanmayanların bir qismi savadsızlıq, cahillik və nadanlıq ucbatından inanmırlar. Digərlərini isə karantin rejiminin dərhal aradan qaldırılmasını istəyən və ona qarşı olanlar, əks qüvvələr təşkil edir. Bu qüvvələrə çoxmilyonluq qazanclarını itirən oliqarxlar, restoran-şadlıq evlərinin sahibləri, toy müğənniləri və digərləri aiddirlər. Sonuncular insanların cahil hissəsi üzərində məharətlə manipulyasiya edirlər, olmazın şaiyələr, böhtanlar yayırlar. Onlardan biri, dünən mənim üzümə qırmızı-qırmızı dedi ki, “Doktor televiziyada çıxışına baxdım. Yəqin aparıcı cibinə 500-1000 manat pul qoyub deyib ki, çıxışında de ki, virus var, xəstələr var”. Özü də mənim kimi ömrü boyu ailəsinə 1 manat da olsun haram pul, haram çörək aparmayan insana bu sözləri dedi. Təbii ki, o dərhal layiqli cavabını aldı”.

Ədalət Rüstəm vurğulayıb ki, virusun varlığına inanmayıb, ətrafı təhlükəyə atan bu tip insanlar və onların başında duran əks-qüvvələr, onların təmsilçiləri, karantin rejimini qəsdən, bilərəkdən pozanlar, polisə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına tabe olmayanlar, onlara müqavimət göstərənlər sərt cəzalandırılmasalar nəticə əldə etmək mümkün olmaz: “4 ay əvvəl dediyimi bir daha təkrarlayıram. Əhalinin inanmayan hissəsinin inandırılmasının yolu karantin rejimini dəfələrlə pozanların, kobud pozanların, polisə tabe olmayanların və müqavimət göstərənlərin müəyyən müddətlərdə (30-100 saat) xüsusi rejimli koronavirus xəstəxanalarında sanitar, potter, texniki işçi və başqa tipində işlədilməsindən keçir. Tam hüquqi əsaslar və yerli məhkəmələrin qərarları ilə bu iş təşkil olunmalıdır”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər