12 Avqust 2020 14:39
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnanclı insanların məscidlərdə ibadət etmək arzusu başadüşüləndir, mən də bunu arzu edirəm. Hər birimiz istəyirik ki, məscidlər açılsın və insanlar orada ibadət etsin. Amma bu gün şərait dəyərləndirilir. Ümumiyyətlə, bütün ölkələrdə kütləvi tədbirlərlə bağlı qərar ən sonda verilir. Hətta başqa yumşalmalar olsa da, kütləvi tədbirlər keçirmək mümkün deyil. Çünki virusun ən çox yayılma təhlükəsi kütləvi tədbirlər, xüsusilə qapalı mühitlərdə baş verir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında “Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

O bildirib ki, qarşıdan gələn Məhərrəm ayı ilə əlaqədar məscidlərin açılması məsələsi müzakirə olunur və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də öz fikirlərini bildirir:

“İnsanlar daha çox məscidlərə axışdığı üçün hər kəsin qaydalara riayət edib-etməyəcəyi bilinmədiyinə görə heç bir icma bu məsuliyyəti öz üzərinə götürə bilmir. Şəraitə uyğun olaraq məscidlərin açılmasının mümkün olmaması barədə qərar qəbul olunub. Bir din xadimi olaraq biz də bu prosesdə iştirak edir və optimal qərarların qəbul olunmasına çalışırıq. Amma şərait və virusun yayılma təhlükəsi bizi bu məsələdə dözümlü yanaşmağa məcbur edir. İnsan sağlamlığı dində çox önəmli məsələdir.

Böyük din alimləri də bu gün bu məsələnin vacibliyini vurğulayırlar. İnsanların sağlamlığına təhlükə yaradacaq ayinlərin dini nöqteyi nəzərdən də həyata keçirilməsi düzgün hesab olunmur. Məsələn, Ramazan ayı boyunca kütləvi tədbirlər keçirilmədi. Həcc ziyarəti demək olar təxirə salındı, çox məhdud sayda insan orada iştirak etdi. Hələ virusun yayılma təhlükəsi mövcud olduğu üçün məscidlərin açılması mümkünsüz görünür. Bu mövzu hər zaman diqqət mərkəzindədir. Nə din xadimləri, nə də QMİ bu məsələyə biganə yanaşmır. İnsan sağlamlığı çox önəmli məsələdir və qərarlar qəbul edilərkən bu nəzərə alınmalıdır”.

Hacı Şahinin sözlərinə görə, bu il dini tədbir və mərasimlər canlı yayım vasitəsilə həyata keçiriləcək: “Çalışacağıq ki, insanların mənəvi ehtiyacları qismən də olsa bu şəkildə icra olunsun. Ramazan ayı boyunca da canlı xütbələr olurdu, insanlar evlərində o ayinləri icra edirdilər. Əlbəttə, bu istəyi anlayırıq, amma vəziyyəti də başa düşmək lazımdır.

Bir sıra müsəlman ölkələrində də bu proses gedir. Məsələn, hətta Kərbəlada Aşura günü kütləvi tədbirlər keçirilməyəcək. Din xadimləri məsələnin vacibliyini başa düşərək qeyd etdilər ki, bu ayinlər icra olunsa, yoluxma sayı kəskin arta bilər. Bu məsələ nəzərə alınmalıdır. Bu mövzuda dinimizin qaydalarının təbliğ etdiyi prinsiplər çox önəmlidir və insanlar tərəfindən indiyədək anlayışla qəbul edilib”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər