COVID-19 yayılan gündən insanlarda infeksion xəstəliklərlə bağlı narahatlıqlar artıb. Yarım ilə yaxındır ki, virusun əsarəti altında yaşasaq da, infeksion xəstəliklərin əlamətləri barəsində məlumatsız olanlar da az deyil.
Teleqraf.com xəbər verir ki, infeksion xəstəliklərin əlamətləri haqqında danışan həkim-infeksionist Vüsalə Yaşar əksər infeksion xəstəliklərdə yüksək temperatur müşahidə edilsə də, əsas əlamət olmadığını deyib.
Onun sözlərinə görə, infeksion xəstəliklər zamanı adətən tərləmə, nəbz sayında artma, təzyiqin enməsi, tənəffüs sayında artma, halsızlıq, huş dəyişikliyi kimi yanaşı əlamətlərdən biri ve ya bir neçəsi müşahidə olunur:
“Bununla yanaşı, infeksion xəstəliklər zamanı dəri və selikli qişada səpkilər əmələ gəlir. Məsələn, qızılca, məxmərək, skarlatina, suçiçəyi kimi xəstəliklərdə spesifik səpgilər görülür.
Sarılıq zamanı viral hepatitlər, mononukleoz, leptosperoz, xolangit və sairə infeksiyalar zamanı dəri və selikli qişalar sarala bilər”.
İnfeksionist bildirib ki, asqırma, öskürmə, burun axma tənəffüs yolları infeksiyası əlamətləridir.
“Müxtəlif lokalizasiyalı ağrılara isə müxtəlif nahiyələrin iltihabi prosesləri zamanı qarın boşluğunda maye toplaması, orqan böyüməsi, bağırsaq sancıları zamanı rast gəlinir.
Bununla yanaşı, uretral, vaginal axıntı adətən cinsi yolla yoluxan xəstəliklər zamanı görülən əlamətdir. Sidik ifrazı prosesinde deyişikliklər isə sidik yolları infeksiyaları əlaməti ola bilər”.
Sümük-oynaqlardakı infeksiyaların adətən həmin nahiyələrin ağrısı, qızartı, şişkinlik, həssaslığı ilə özünü göstərdiyini deyən infeksionist bunu çox zaman revmatoloji xəstəliklərlə fərqləndirməyə ehtiyac yarandığını qeyd edib:
“Limfa vəzilərindəki böyümələr onkoloji, autoimmun olduğu kimi infeksion səbəbli də ola bilir. Məsələn HIV, toksoplazmoz, CMV, və digər hallarda yaranır. Hətta ürək qişalarının iltihablanması da infeksion səbəbdən ola bilər. Həyat üçün ağır risk daşıyan hallardan sinir sisteminin infeksiyaları, sepsis və sairə sayılır ki, bunlarda da qızdırma və digər əlamətlər müşahidə olunur”.