18 Avqust 2020 10:07
2 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz koronavirusun haqqında məlumatsız olsaq da, o, qısa zaman kəsiyində nəfəsimizi kəsməyi bacardı. Qorxduq, həm yoluxmaqdan, həm də yoluxdurmaqdan... Amma onlar bir gün belə olsa bu mübarizədən çəkinmədilər. Söhbət pandemiya xəstəxanalarında bizi qorumaq üçün ön cəbhədə mübarizə aparan, həyatlarını təhlükə altına atan "gözəgörünməz qəhrəmanlar"dan - həkimlərdən gedir. COVID-19 ölkəmizə ayaq basan gündən onlar könüllü olaraq bu mübarizəyə qoşuldular. Maraqlıdır, ailəsindən xeyli müddət uzaq qalan, görünməz düşmənlə üz-üzə mübarizə aparan həkimlərimizin əməyi necə qiymətləndiriləcək? Özlərinin belə bir istəyi varmı?

Teleqraf.com-un əməkdaşı pandemiya xəstəxanalarında çalışan həkimlərlə söhbətləşib, onların təəssüratını öyrənib. Eyni zamanda həkimlər onların bu fədakarlığına cəmiyyətin münasibətindən, hansı istiqamətdə dəyərləndirilməsi barədə istəklərindən söz açıblar.

Virus ölkəmizdə təsdiqləndiyi tarixdən bu günə qədər iş başında olan ölkənin baş infeksionisti Cəlal İsayev bildirib ki, tibb işçiləri, həkimlərimiz bu mübarizədə ən yüksək risk altında olanlardır və onların əməyi ölkə başçısının əmrinə əsasən qiymətləndirilir, əmək haqlarının 3-5 misli verilir: “Bu qiymətləndirmə çox dəyərlidir. Lakin bundan başqa həyatını itirən tibb işçilərimiz var, onların barəsində müvafiq təşkilatlar düşünməlidir. Ümid edirəm ki, istər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, istər TƏBİB, istərsə də Səhiyyə Nazirliyi tərəfindən bu barədə qərar qəbul olunacaq.

Tibb işçilərimiz arasında yoluxub, xəstəliyi ağır keçirənlər oldu. Biz çox dəyərli mütəxəssislərimizi itirdik. Mən həddindən artıq təəssüflənirəm, bu, mənə çox pis təsir göstərdi. Lakin dünyasını dəyişən həkimlərimizə hər hansı titulun verilməsinin tərəfdarı deyiləm. Bizdə "əməkdar həkim", "xalq artisti" kimi adların verilməsi sovet dövründən qalma bir ənənədir, dünyanın heç bir yerində insanlara belə ad verilmir. Sənətçini də, həkimi də elə öz adı ilə tanıyıb, qiymət verirlər. Doğrudur, bu adların verilməsi müəyyən mənada insanları həvəsləndirir. Amma insan öz vəzifə borcunu yerinə yetirir və nə qədər savadlı olub öz işini qurarsa, o qədər də hörməti artacaq. Bu, cəmiyyət qarşısında vəzifə borcumuzdur. Bunu istər maddi cəhətdən qiymətləndirsinlər, istərsə də yox. Hesab edirəm ki, həkimlərimiz bunu nəzərə almadan əllərindən gələn qədər çalışırlar”.

Pandemiya xəstəxanasında 4 ay fasiləsiz çalışanlardan biri də reanimotoloq Vüsalə Mirzəyevadır. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında xidmət göstərən həkim bu müddətin onlar üçün xeyli ağrılı keçdiyindən danışıb: “Bizim xəstəxanamız ilk pandemiya xəstəxanası oldu. 23 martdan bir gün belə dincəlmədən iyulun 26-dək işlədim. Biz reanimotoloqlar xəstələrlə birbaşa təmasda olurduq. Aprel ayında asimptomatik xəstələri müalicə edirdik. Lakin may ayında yoluxma sayı artdı, may və iyun ayları çox çətin, stressli keçdi. Bir gecədə şöbədən iki əziz həmkarımızı itirdiyimiz oldu. Xəstələrimizə xəstə kimi yox, doğma insan kimi baxırdıq. Xəstələrimizdən narazılığımız olmadı, evə gedəndə də xoş sözlər dedilər. Amma onların yaxınlarından çox kobud rəftar gördük. Təəssüf ki, aralarında saatın neçə olmasından asılı olmayaraq yazıb təhqir edənlər oldu. Başa düşürəm, onlar üçün də ağırdır, yaxınlarını itiriblər, lakin biz əlimizdən gələni etdik. Biz haqqımızda yazılan nalayiq fikirlərə layiq deyilik”.

Həmkarlarının əməyinin qiymətlənirilməsi haqqında danışan fədakar həkim dünyasını dəyişən həkimlərə ad verilməsinin vacib olduğunu qeyd etdi: “Bu müddətdə biz çox dəyərli həkimlərimizi itirdik, Teymur Cəfərov, Kərəm Yaqubov. Mən kariyerama başlayandan Kərəm həkimlə çalışırdım, qızıl kimi insanlar idilər. Teymur həkimin 5 yaşında qızı var, yoldaşı da tibb bacısıdır. Xəstələrin evdə ambulator müalicəsi aparılanda, Teymur həkim tam təmənnasız gedib o xəstələri müalicə edirdi. Mən yoluxmadım, bəxtim gətirdi. Lakin çox həkim dostum virusa yoluxub sağaldı, ölə də bilərdilər. Biz ölümü göz önünə alaraq oraya getdik. Pandemiya xəstəxanasında işlədiyimiz üçün prezident tərəfindən əmək haqqımızın 3-5 mislinin ödənilməsi ilə bağlı qərar var. Bizə deyiləndə ki, sizə əlavə pul veriləcək, çox təəccübləndik. Bundan artığını tələb edə bilmərik. Lakin ən azından dünyasını dəyişən həkimlərə təşəkkür olaraq “fədakar həkim” , “qəhrəman həkim” adları verilsin. Biz təmənna güdmədən bu işə başladıq və əgər ikinci dalğa baş versə, mən yenə də bu mübarizəyə qoşulacağam”.

Bu mübarizəyə qoşulub, ailəsindən, övladlarından 3 ay ayrı qalan həkim-terapevt Məlahət İsayeva deyir ki, həkim bir əsgərdir və ölkəsinin ağır günündə çağırışa səs verəcək, lazım gəlsə insanlara yardım etmək üçün könüllü olaraq ön cəbhəyə gedəcək: “Pandemiya dalğası ölkəmizi bürüyəndə biz həkimlər TƏBİB-nin çağırışına səs verdik, ayağa qalxdıq. Yalnız bir devizimiz vardı, “insanlar dardadır və onlara yardım edəcəyik”. Həkimlərin çəkdiyi əziyyət heç nə ilə ölçülməz, 5 misli pul ilə belə. Kənardan baxana hər şey asan gəlir. Hər gün gözləri qarşısında boğularaq ölən insanların stresini yaşayan həkim gündə on dəfə ölür. Etdiyi yardımlara baxmayaraq əlindən heç bir şey gələ bilməyən həkim tərləmiş eynəyinin altından xəstəsinə göz yaşları ilə baxır. Dönüşü geri mümkün olmayan xəstəsinin üzünə gülümsəyir, “sən sağalacaqsan” deyir. Görəsən həkimin keçirtdiyi stress, həyəcan, hər dəqiqə xəstəsinin ölüm qorxusu onun özünün ömrünün yarısını almayacaqmı? Kim həkimlərimizin sonrakı taleyini düşündü? Kim həkimlərin sağlamlığını qorudu? Həkimlər arasında neçə-neçə şəkər, arterial hipertenziyalı, ürək-damar sistemi, revmatik, böyrək xəstələri, anemiyası olanlar da vardı. Hər gün onların vəziyyətini, təzyiqini, şəkərini kim yoxladı?"

Məlahət İsayevanın fikrincə, tibb məntəqələri yaradılmalı və hər gün həkim işə başlamazdan əvvəl onun təzyiqi yoxlanmalı, hərarəti, şəkəri ölçülməli idi: "Düzdür, son aylar artıq hərarət ölçülürdü. Həkim 10-12 saat ac, susuz ayaq üstə, tərin içində hava keçirtməyən skafandrın içində çalışırdı. Günlərlə çəki, bədənindəki vitaminləri, mineralları, zülaları itirirdi. Gecələr səhərə kimi ağır xəstənin başı üstündə oyaq qalmaq, onun hər dəqiqə halının pisləşəcəyindən qorxmaq sizcə asan idimi? Görəsən həkimləri təhqir edən o insanlara hava keçirtməyən skafandırı geyindirib tərin içində 10-12 saat ac, susuz saxlayıb, mikrofonu əllərinə versək oxuya bilərlərmi? Yorulub taqətdən düşməzlər ki? Danışmağa heyləri olarmı?”

Məlahət İsayeva pandemiya xəstəxanasında çalışaraq dünyasını dəyişən həkim kolleqalarının ailələrinə yardım olunmasını istədiyini bildirib: “İlk olaraq pandemiyadan həyatını itirən həkimlərin ailələrinə yardım olunsun, onlara ad verilsin. Həkimlərin maaşı 5 misli olaraq qalsın. Həkimlər üçün binalar tikilsin, həkimlərə “qəhrəman tibb işçisi” fəxri adı verilsin. Tələbə övladlarının illik xərcləri dövlət hesabına ödənilsin. Həkimlərin bütün müayinə və müalicəsi, əməliyyatları dövlət hesabına olsun. Həkimə veriləcək qiymət budur. Həkim bu gün aldığı maaşı geri qayıtdıqdan sonra immunitetini gücləndirmək üçün dərmanlarına, müalicəsinə verir. 3 ay ATU-nun Tədris Cərrahiyyə Klinikasında pandemiya ilə mübarizə apardım. 10 saat ayaq üstə durmaq, yuxusuz gecələr, ac, susuz saatlar məni haldan saldı, immunitetim düşdü. Təcili əməliyyat stoluna uzandım.

Görəsən xəstə həkim xəstə insanı sağalda bilərmi? Gəli,n bu barədə düşünək. Həkimləri “bu sənin borcundur” deyib qınamayaq, təhqir etməyək. Sadəcə başa düşək və kömək edək”.

Pandemiya dövründə 5 aydır koronoviruslu xəstələri müalicə edən həkimlərimizdən biri də radioloq Aydın Əliyevdir. O, pandemiya ilə mübarizə aparan həkimlərin və digər tibb personalının nələr yaşadığını və nə hisslər keçirdiyini sözlə ifadə etməyin çətin olduğunu bildirdi: “Bilavasitə işin içərisində olmayanlar nə qədər təsəvvür etsə belə bunu yaşamaq tam fərqlidir. Bir deyim var: kənardan baxana döyüş asan gəlir. Həqiqətən də belədir. Bir dəfə iş yoldaşlarımdan üçü eyni vaxtda yoluxdu və onlarla təqribən bir metrlik məsafədə olmuşduq, söhbət etmişdik. Onlarda koronavirus aşkar edildikdə nələr düşündük? Həmin gün evə getmədim, yoluxub ailə üzvlərimi yoluxdura biləcəyimi düşündüm, 10 yaşlı şəkərli diabet xəstəliyi olan oğlumu yoluxdurmuş olsam onun bu xəstəliyi necə keçirəcəyi həyəcanını yaşadım. Özüm yoluxub xəstəliyi ağır keçirmə ehtimalının olduğunu, hətta ola bilsin bir daha ailəmi, övladlarımı görə bilməyəcəyimi təsəvvür edib çox vahimələndim. Amma yaxşı ki, maska taxmışdıq, test analizi verdik, cavablar hazır olana qədər bəlkə də 10 il qocaldıq. Bizim klinika pandemiya ilə əlaqədar karantin xəstəxanası elan edilən ilk günlərdən başda professor Surxay Musayev, baş həkim Fəridə Hacıyeva olmaqla bütün kollektiv mübarizə meydanına atıldıq, xalqımızın sağlamlığı uğrunda savaşa başladıq. Çox ağır günlər yaşadıq. Əməkdaşlarımızdan hər dəfə yoluxanların olduğunu eşitdikcə sarsılırdıq amma “mübarizəyə davam” dedik. Şükürlər olsun, dövlətin və vətəndaşların birgə fəaliyyəti nəticəsində yoluxma sayı azalıb, amma bu, qətiyyən bizi arxayın salmamalıdır. Çünki düşmən hələ tam ölməyib, hər an yoluxma sayının artma riski var. Hər yerdə sosial məsafəni, qapalı yerlərdə mütləq maska geyinməyi və şəxsi gigiyena qaydalarına əməl etməyi unutmamalıyıq”.

Aydın Əliyev hesab edir ki, pandemiya ilə mübarizədə həyatını itirmiş tibb işçilərinin ailələrinə kompensasiya verilməlidir: “Bu, proses indi edilməlidir ki, digər tibb işçiləri üçün də motivasiya olsun. Ən azından 30-40 yaş arasında vəfat etmiş həkim ailələrinə 100 000, digər tibb personalının ailələrinə isə 50 000 AZN ödənilsə yaxşı olar.

Bununla yanaşı, pandemiya ilə mübarizədə iştirak etmiş həkim və digər tibbi personal iştirak müddətinə görə - neçə həftə və ay çalışıbsa ona uyğun mükafatlandırılmalıdır”.

Bir ay müddətində modul tipli xəstəxanada xidmət göstərən tibb bacısı Lətafət Novruzova da çox gərgin və ağır bir rejimində işlədiklərini söylədi. Onun sözlərinə görə, dövlət çalışdığı modul tipli xəstəxananı bütün dərman vasitələri və tibbi avadanlıqla təmin etməsinə baxmayaraq, xəstələrin sayının çoxluğu, işin ağırlığı və geyindikləri xüsusi geyim onlara olduqca çox əziyyət verib: “Təəssüf ki, həkimlərimiz və tibb bacıları dünyasını dəyişdi. Özüm də iki dəfə müvazinətimi itirib yıxılmışam, amma hər ikisində ilkin tibbi yardımdan sonra yenidən işimə davam edirdim. Çox sağ olsun baş həkimimiz bizə motivasiya verirdi və qayğımıza qalırdı”.

Lətafət Novruzova da həmkarlarına qoşularaq könüllü şəkildə xidmət göstərən tibb işçilərinin əməyinin dəyərləndirilməsinin vacibliyini qeyd etdi: “Bizimlə Orxan İbrahimov adlı həkim çalışdı. O həkim heç bir müəsissədə işləmir. Amma bütün işçilər şahiddir ki, o necə fədakarlıq göstərdi. Onlarla xəstəyə sağlamlığını qaytardı, bütün xəstələr ondan razı qaldılar. Belə həkimlərimizin əməyi mütləq qiymətləndirilməlidir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər