Təhsil Nazirli Emin Əmrullayev Milli Məclisin Elm və Təhsil komitəsi ilə videoformatda konfrans keçirib. Konfransda dünyanı bürüyən COVID-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə olunub.
AMEA-nın birinci vitse-prezidenti, Elmi Şuranın sədri, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü İsa Həbibbəyli bu gün keçirilən görüşlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- İsa müəllim, bu gün keçirilən müşavirə ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Hansı təklifləriniz səsləndi?
- Bu gün Təhsil Nazirliyinin keçirdiyi müşavirə beynəlxalq əhəmiyyəti olan ciddi məsələyə, pandemiya şəraitində dərs ilinin hansı şərtlər altında başlanmasına həsr olunmuşdu. Bu, indiki vaxtda hamının cavab tələb etdiyi sualdır. Təhsil Nazirliyinin bu məsuliyyətli vəzifəni təkbaşına yox, geniş şəkildə Milli Məclisin Elm və Təhsil Komitəsi ilə birlikdə geniş müzakirə edərək ictimai müzakirəyə çıxarması çox əhəmiyyətli məsələdir. Bu, düzgün addımdır və hesab edirəm ki, belə müzakirələr hələ davam edəcək. Bu, elə məsələdir ki, cəmiyyətin fikri öyrənildikdən sonra ortaq qərarların qəbul edilməsi daha çox fayda verə bilər. Deputatların bir çoxu, o cümlədən mən də o fikirdəyəm ki, yeni dərs ilinə differensiallaşdırılmış yanaşma ilə balanslaşdırma əsasında başlamaq daha münasibdir. Epidemioloji vəziyyəti nəzərə alaraq dərslərin bir qisminin onlayn, bir qisminin ənənəvi qaydada keçirilməsini təmin etməklə yeni dərs ilinə başlamaq olar.
- Yeni dərs ili nə vaxt başlaya bilər, proqnozunuz varmı?
- Bu sual müzakirə mövzusudur. Millət vəkillərinin də bu barədə müxtəlif fikirləri var. Bu, epidemioloji şəraitdən asılı olacaq. Epidemioloji vəziyyət imkan verərsə, payız aylarında dərslərin ənənəvi qaydada keçirilməsinə üstünlük vermək əhəmiyyətli olacaq. Çünki qış aylarında yoluxma riskləri bir qədər də arta, genişlənə bilər.
- Necə düşünürsünüz, dərs saatlarının azaldılması ilə ənənəvi dərslər keçirilə bilərmi?
- Dərs saatlarının azaldılması haqqında Təhsil Nazirliyi təşəbbüs irəli sürüb. Mən bunu doğru hesab edirəm, dərslərin 30-35 dəqiqə ərzində keçirilməsi vacibdir.
Mənim təkliflərimdən biri də birnövbəli məktəblərin iki növbəli rejimə keçidi, sosial məsafənin gözlənilməsi ilə tədris prosesini təşkil etməyə şərait yaradacaq. Eyni zamanda siniflərdə şagirdlərin sayının minimuma endirmək lazımdır. Mövcud təkliflərdə 20 nəfər qeyd olunub, mən bunun 10-12 nəfərdən ibarət olmasını məqsədəuyğun hesab edirəm. Yoluxma riskini mümkün qədər azaltmaq lazımdır. Komitədə təmsil olunan deputatların hamısı bu məsələyə müsbət yanaşdılar, çox faydalı fikirlər irəli sürdülər. Təhsil Nazirliyi ilə Elm və Təhsil Komitəsinin birgə keçirdiyi müzakirə pandemiya dövrü yaşayan ölkələr üçün taleyüklü əhəmiyyətə malik olan yeni dərs ilinin başlanmasına, ortaq qərara gəlinməsinə zəmin hazırlaya bilər. Müzakirələr davam edir. Mən Təhsil Nazirliyinin mövzunu ictimaiyyət və cəmiyyət ilə müzakirə edərək qərar qəbul etmək yanaşmasını faydalı hesab edirəm.
- Sizcə, Azərbaycanda distant təhsil üçün şərait varmı?
- Təhsil Nazirliyi mart ayından başlayaraq iyun ayına qədər ölkə miqyasında distant təhsili mümkün qədər təşkil edə bildi. Artıq bu sahədə müəyyən ənənə, təcrübə formalaşıb. Əgər pandemiya şəraiti ənənəvi dərslərin keçirilməsinə imkan verməsə, distant təhsil sahəsində indiyədək toplanan təcrübə bundan sonra o işi daha da inkişaf etdirməyə imkan verəcək. Həm də "Təhsil haqqında" Qanunda da distant təhsil təhsilin növlərindən biri kimi təsdiq edilib. Doğrudur, ənənəvi təhsil bütün dünyada ən effektiv, keyfiyyətli olan təhsil forması kimi düşünülüb. Amma mövcud şərait insanların sağlamlıq risklərini də nəzərə alaraq, distant təhsilin miqyasının genişlənməsini tələb edir. Bu sahədə təcrübə var və daha da inkişaf edəcək.
- Maraqlıdır, ucqar kəndlərdə vəziyyət necə tənzimlənəcək?
- Orada məktəblərin çoxu birnövbəlidir, şagirdlərin sayı da azdır. Orada dərsləri ikinövbəli təşkil etməklə, şagirdlərin sayını azaltmaqla, sinifdə ara məsafəsi saxlamaqla ənənəvi dərsləri keçmək mümkün ola bilər.
- Rusiya dünyada ilk koronovirus vaksinini qeydiyyatdan keçirdi. Ölkəmiz bu istiqamətdə hansı işləri görür?
- Türkiyədə 8 elmi kollektiv yeni vaksin hazırlama haqqında layihəsini onların Elm və Tədqiqatlar mərkəzinə təqdim edib. Türkiyə rəhbərliyi onlardan ikisinin insanlar üzərində sınaq testlərinin aparılmasına icazə verib. 8 vaksinin hazırlanmasında azərbaycanlı alimlər də iştirak edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tərlan Məmmədov Ağdəniz Universiteti ilə AMEA-nın Molekulyar Biologiya İnstitutunu birgə təmsil edərək, bir neçə başqa azərbaycanlı alimlərlə birlikdə o layihələrdə çox yaxından iştirak edir. Onların da layihəsi ölkə miqyasına çıxarılan 8 layihənin arasındadır.
- Pandemiya dövrü başlayandan bu günə qədər fasiləsiz şəkildə iş başında olan elm adamlarındansınız. Özünüzü koronovirusdan necə qoruyursunuz?
- Ölkə prezidenti cənab İlham Əliyev ölkəmizdə qabaqlayıcı tədbirləri həyata keçirmək baxımından bütün dünya ölkələrini qabaqladı. Məhz bu səbəbdən Azərbaycan mübarizənin ilk günündən başlayaraq, eyni zamanda indi yoluxma sayı ən az olan ölkələrdən biridir. Eləcə də alimlərimiz qabaqlayıcı tədbirlər barədə xeyli təkliflər irəli sürüblər. Xalq təbabətində, dərman bitkiləri arasında, immunitet sisteminin yüksəldilməsi ilə bağlı xeyli elmi mülahizələr cəmiyyətə təqdim edildi. Hesab edirəm ki, ölkəmizdə dövlət səviyyəsində yaradılan bu şərait, vətəndaşların görülən tədbirlərin vacibliyini başa düşüb məsuliyyətlərinin artmasının müşahidə olunması, eyni zamanda qabaqlayıcı tədbirlərin görülməsi Azərbaycanda bundan sonrakı mərhələlərdə də pandemiyanı az itkilərlə başa vurmağa şərait yaradacaq. Azərbaycan günəşli ölkədir. İnfeksiya əleyhinə zəruri olan D və C vitamini günəşin tərkibində çoxdur. Azərbaycan günəşli günlərin sayına görə dünyada ilk onluğa daxil olan ölkələrdəndir. Buna görə günəş, təbii iqlim şəraiti, ölkəmizdə dövlət səviyyəsində aparılan tədbirlər, alimlərin ideyalarının tətbiqi bundan sonrakı mərhələlərdə ölkəmizdə risklərin az olmasına, itkilərin minimuma endirilməsinə, insanlarımızın öz fəaliyyətini bərpa etməsinə şərait yaradacaq.
- Maraqlıdır, vaksin təsdiqləndiyi halda vurduracaqsınızmı?
- Siz niyə arzu edirsiniz ki, mənim vaksinə ehtiyacım olsun? Mən maksimum çalışacam ki, vaksinə ehtiyacım yaranmasın. Arzu edirəm ki, sizin timsalınızda hər bir azərbaycanlı virusa yoluxmasın və vaksinə ehtiyac olmasın. Hələ ilkin vaksinlərin sağalmağa nə qədər təsir edəcəyini müəyyənləşdirməyə vaxt lazımdır. İlkin vaksinlər risklidir, sınaqdan çıxmalıdır, təcrübələr aparılmalıdır. Arzu edirəm ki, xalq təbabəti, dövlət tədbirləri ilə virusa qalib gələk və vaksinə xüsusi ehtiyac yaranmasın.