21 Avqust 2020 11:10
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya dövründə yeni tədris ilində dərslərin ənənəvi qaydada keçirilməsi aktual müzakirə mövzusudur. Vətəndaşlar hesab edirlər ki, virusun kütləvi müşahidə edilmədiyi, yoluxmanın az olduğu narıncı zonalarda dərslər ənənəvi qaydada olaraq tədris olunmalıdır. Lakin ekspertlər bununla razılaşmırlar.

Mövzu ilə bağlı Teleqraf.com-a danışan ölkənin baş infeksionisti Cəlal İsayev bildirib ki, insanların kütləvi şəkildə toplaşması infeksion xəstəliklərin yayılmasında ən münbit şəraitdir:

“Məktəblərdə şagirdlər birlikdə toplaşır, bu isə virusun yayılması üçün əlverişli mühit yaradır. Bu nöqteyi nəzərdən tədris müəssisələrinin açılması tövsiyə olunmur. Narıncı zonalarda isə tədrisin ənənəvi qaydada bərpasına risk etmək olmaz. Yoluxan insanlar arasında xəstəliyi əlamətsiz keçirənlər də var. Buna görə də belə addımın atılması məqsədəuyğun hesab edilmir”.

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin direktoru Kamran Əsədov isə rənglərə və zonalara görə tədrisin başlayıb-başlamaması haqqında qərar verməyin yanlış olduğunu bildirib: “Hazırkı epidemoloji vəziyyətə əsasən konkret deyə bilmərik ki, virus bu regionda var, sabah olmayacaq. Bu gün yoluxmamış şəxs sabah yoluxmuş ola bilər. Nəzərə alaq ki, təhsil öz ətrafında 2 milyondan artıq insanı birləşdirir və bu kifayət qədər hərəkətlilik deməkdir. Hər hansı bir zona və rəng fərqi qoymadan eyni qaydalar çərçivəsində ölkə ərazisində yeni tədris ili başlamalıdır. Növbəlilik prinsibi əsasında səhər, günorta və aşxam, həftənin 1,3,5 və ya 2,4,6 günlər dərslərin keçirilməsi mümkündür. Eyni zamanda dərs müddəti azaldılmalıdır. Elə bölgələr var ki, daha əvvəl yoluxma olmasa da, daha sonra karantin zonası elan edildi. Bu, dəyişəbilən haldır. İnsanlar hərəkət edirlərsə, virusu nəzarətdə saxlamaq mümkün olmayacaq”.

Kamran Əsədovun fikrincə, dərslərin ənənəvi qaydada bərpasının yeganə həll yolu qaydalara riayət etməkdir: “Heç kim qaydalara riayət etmir. Düşünürəm ki, sərt qərarlar tətbiq edilərsə, yəni, kimsə qoruyucu maskadan istifadə etməsə, ara məsafəsi saxlamasa böyük məbləğdə cərimələrlə vəziyyəti nəzarətdə saxlamaq olar. Məsələn, Dövlət İmtahan Mərkəzi 10 iyuldan 30 iyula qədər sərt karantin rejimi elan olunan şəhər və rayonlarda imtahanlar keçirdi. Bu imtahanlarda 200 min nəfər iştirak etdi və qaydalara riayət etdikləri üçün yoluxma halı baş vermədi.

Hesab edirəm ki, bu qaydalarla rahatlıqla dərslərin başlanması mümkündür. Təbii ki, şagird sıxlığını azaltmaq, risk qrupuna daxil olan müəllimlərin dərsə birbaşa təmasını azaltmaq, məktəblərin girişində dezinfeksiya aparatları quraşdırmaq, azyaşlı uşaqlar üçün xüsusi nano maskalarla yeni tədris ilini rahatlıqla başlamaq olar”.

Onun sözlərinə görə, dərslərin başlaması üçün ilk olaraq dövlətin öz yükünü azalrmaq lazımdır: “Hazırlıq kurslarının fəaliyyətinə icazə verilməlidir. İndiki halda dövlətin kifayət qədər yükü var və bu problem yaradır.

Düşünürəm ki, ən azından özəl sektorun fəaliyyətinə icazə verilsə, məktəblərin yükü azalacaq. 10-11-ci sinif şagirdlərinin məktəbə getməsinə ehtiyac yoxdur. Çünki onlar onsuz da hazırlıq kurslarına, repetitor yanına gedirlər. Onlara onlayn dərs keçmək olar. Amma birinci sinfə ilk dəfə gedəcək 165 min uşağa onlayn qaydada monitordan nəyisə öyrətmək mümkün deyil. Bu davranışlar birbaşa olaraq sinifdə formalaşır. Ona görə də ən azından ibtidai siniflərin dərsləri ənənəvi qaydada məktəblərdə başlamalıdır”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər