Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi və orada iştirak edən şəxslərlə bağlı məsələ bütün mətbuat orqanlarında və cəmiyyətdə müzakirə predmetinə çevrilib. Hesab edirəm ki, cəmiyyətin bu mövqeyi haqlı yanaşmadır. Kimliyindən asılı olmayaraq, biz dövlətin qərar və qanunlarına tabe olmalıyıq.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Demokratiya və İnsan Hüquqları komitəsinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, baş verən hadisələrdə bir daha ölkə başçısının qətiyyətli mövqeyinin şahidi olduq:
“Hansı vəzifə tutmasından asılı olmayaraq, hər bir dövlət məmuru tutduğu vəzifə dövlətlə bağlıdırsa, ictimai-siyasi xadimdirsə, özünü ziyalı hesab edən kəsdirsə, indiki həssas zamanda, insanların emosiyasının gərgin olduğu pandemiya şəraitində belə ayrıseçkilik etməməlidir. Digər dövlət məmurları da bu tədbirdə iştirakdan imtina etməli idilər. Cəmiyyətdə bu zaman haqlı olaraq bu sual yaranır: niyə varlı, vəzifəli, imkanlı şəxslərə karantində toy etmək olar, yetim-yesirə, kasıblara olmaz? Bu sualın cavabını dövlətimiz bu gün toy təşkil edən qudalara məhkəmə orqanları tərəfindən verilən cəza ilə cavab verdi. Dövlətimiz bir daha göstərdi ki, Prezident İlham Əliyevin də dediyi kimi, qanun həmişə qanundur və heç kəs qanundan uca deyil".
O, toyda iştirak edən hər kəsin İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edildiyini vurğulayıb: "Siyasi məsuliyyət isə siyasi elitaya, hakim siyasi partiyaya mənsub şəxslərin belə həssas məqamda toy təşkil etməsi və burada iştirakıdır. Mənəvi cəhətdən isə insanlardan fərqlənmək olmaz. İnsanlardan fərqlənərək, özlərinin istək və arzularına uyğun tədbirlərin keçirilməsi və bununla da digər insanlara qarşı ayrıseçkiliyin təbliği hesab edirəm ki, mənəvi cəhətdən yolverilməzdir. Düşünürəm ki, bu proseslər davam etdikcə məsuliyyət məsələsi ilə əlaqədar başqa addımların atılmasının da şahidi olacağıq. Belə hesab edirəm ki, Ramiz Mehdiyev yaxın günlərdə könüllü şəkildə Akademiyanın prezidentliyi vəzifəsindən istifadə verib getməlidir. Hüququn aliliyinin tətbiqi ilə təşkilatçılara verilən inzibati cəza və orada iştirak etmiş iştirakçılara qarşı tətbiq edilmiş cəzalar artıq hər bir vətəndaşda belə fikir formalaşdırdı ki, dövlətimizdə qanun hər kəs üçün qanundur və heç kim qanundan uca deyil".
Çingiz Qənizadə İspaniya səfəri zamanı çaxır biznesi ilə gündəmə gələn Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhhərrəmov haqqında qısaca belə şərh verib: “Bu məsələ artıq keçmişdə qalıb. Bəli, məsələ ilə bağlı Prezident Administrasiyasında Ramiz Mehdiyevin yanında müzakirə olub, xüsusi xidmət orqanları baş verənləri araşdırıb. Orada baş verənlərlə bağlı öz fikirlərimi demişəm. İndi bir daha keçmişdə qalmış bu məsələni yenidən gündəmə gətirib hansısa fikirlər söyləmək istəmirəm. İndi bir şeyi deyə bilərəm ki, baş verənlərlə bağlı mənim haqlı mövqeyimi Ramiz Mehdiyev cənab Prezidentə düzgün və obyektiv çatdırmayıb”.
Siyavuş Novruzov və Abel Məhərrəmovla yaxın olduğu deyilən gənc yazar Kəramət Böyükçölün növbədənkənar parlament seçkilərində bilərəkdən onun mübarizə apardığı dairəyə göndərildiyi barədə fikirlərə münasibət bildirən Çingiz Qənizadə qeyd edib ki, Kəramət Böyükçöl parlament seçkiləri zamanı qanun pozuntularına yol verib: “Kəramət Böyükçöl bu günlərdə sosial şəbəkələrdə dövlət başçımıza və digər qurumların rəhbərlərinə söyüşlər söyüb və təhqirlər edib. Sonra həbs edilib. Hazırda xəstəxanada müalicə olunur. 2020-ci ilin növbədənkənar parlament seçkilərində Kəramət Böyükçöl çoxlu miqdarda pul xərcləyirdi. Dairədən yanlış və saxta məlumatları müvafiq yerlərə ötürür və seçkini pozmağa çalışırdı. Onun kimlər tərəfindən göndərilib-göndərilmədiyi barədə məlumatlı deyiləm. Hesab edirəm ki, dairəmdə nəticələrin ləğv edilməsi ilə bağlı mənə qarşı ədalətsizlik olub. Əgər lazımdırsa, xüsusi xidmət orqanları bunları araşdırıb dövlət başçısına məlumat verə bilər”.