29 Avqust 2020 08:25
3 797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtilə şəhid general Polad Həşimovla birgə hərbi xidmət keçmiş, Qarabağ müharibəsi veteranı, jurnalist İlham Tumas Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- İlham bəy, şəhid general Polad Həşimovun xatirəsinə “Poladın 7 anı” adlı ilk sənədli film çəkdiniz. Bu təşəbbüsünüzə görə əvvəla sizə təşəkkür düşür...

- Bu, general Polad Həşimov barəsində ilk sənədli film deyil. Polad haqqında ARB kanalında həmkarımız Yeganə Cansail də sənədli film çəkmişdi. Onun da filmə öz baxışı var. Mən rəhmətlik Polad Həşimovu yaxından tanıyırdım, zabit yoldaşı olmuşuq. Ona görə də bizim yanaşmamız fərqləndi. Təbii ki, filmdə Poladın adı var deyə hamı bizim qüsurumuzu görmədən keçə bilər. Bütün hallarda Poladın adı bizim üçün elə yüksəkdədir ki, “Yutub”da filmə qısa müddətdə 200 yüz minə yaxın baxış olub. Bu, rəhmətlik Poladın şəxsiyyətinə olan maraqla bağlıdır.

Zövqlər üst-üstə düşməyə bilər. Çox hörmət etdiyim dostlarım var ki, filmə baxandan sonra müəyyən nüansların əks olunmasını istəyirdilər. Mən onlarla razılaşıram.

Polad elə bir şəxsiyyətdir ki, onun haqqında neçə illər keçsə də, müxtəlif filmlər çəkiləcək, əsərlər yazılacaq. Çünki Polad qeyri-adi bir zabit və qeyri-adi bir insan idi. Qoy düşmən bunu eşidib sevinməsin, amma Azərbaycan ordusu Poladın itkisi ilə çox önəmli bir zabitini, cəmiyyətimiz də çox önəmli vətəndaşını itirdi. Belə bir misal var, biri ölər, onu gələr, onu ölər, yüzü gələr, yüzü ölər, mini gələr yerinə. Azərbaycan xalqı, anaları yüz illərdir bu cür şəhidlər verir. Amma Azərbaycan xalqı yenə də belə oğullar yetişdirəcək. Buna inanıram. Yaxından tanıdığım üçün bu sözü demədən də dayana bilmirəm: “Poladdan yoxdur...”.

- Filmdə istədiyinizi yarada bildinizmi?

- Film istehsalat məsələsidir. Burada yük tək ssenaristin üzərinə düşmür. Film birgə zəhmətin bəhrəsidir. Düşünürəm ki, daha yaxşı, daha gözəl edə bilərdik. Səmimi deyim ki, İctimai Televiziyanın rəhbərliyi də bizə hər şəraiti yaratmışdı. Amma həm karantin qaydaları məsələsi vardı, həm istəyirdik ki, filmi rəhmətliyin 40 mərasiminə qədər çatdıraq, üstəgəl, öz layihələrimlə bağlı əlavə işləri də görməli idim. Yəni, müxtəlif obyektiv və subyektiv səbəblər var idi.

Sağ olsun, İctimai Televiziyanın rəhbərliyi əvvəlcədən şərt qoydu ki, nə istəsən onu sənə verəcəyik. Məsələn, biz rəhmətlik Poladın Türkiyədən kursant yoldaşların tapmalıydıq və komandirləri ilə danışmalıydıq. Sadəcə, əlaqə nömrələri bizə bir az gec gəlib çatdı və biz onları filmə sala bilmədik.

Hesab etmirəm ki, bu film şedevrdir. Bizim işimiz rəhmətlik Poladın bir dırnağına da dəyməz. Bu film İlham Tumasın Polad Həşimova bir baxışı idi. Yəni mən onu necə görürəm. Filmin ərsəyə gəlməsində rejissorun, operatorun, ümumiyyətlə, bütün qrupun çox əziyyəti oldu. Günün istisində Xocasən çöllərində kütləvi səhnələr çəkdik.

Sağ olsun Müdafiə Nazirliyi, "N" saylı hərbi hissə silah-sursat baxımından bizə çox kömək etdilər. Texniki işlərlə bağlı problem olmadı. Bunların hamısı çox təhlükəli işlər idi. Çünki texnika, avadanlıqlar partlaya və orada kimsə xəsarət ala bilərdi. Ona görə də maksimum ehtiyatla işlədik ki, filmin adına zərər gəlməsin.

- Dediniz ki, film ərsəyə gələndən sonra Polad Həşimovun Türkiyədəki kursant yoldaşlarını və komandirləri ilə əlaqə yarada bildiniz. Yenidən bu istiqamətdə nəsə etməyi planlaşdırısızmı?

- Bilirsiz, Polad Həşimov haqqında nə qədər çəkilsə, nə qədər yazılsa, yenə azdır. Amma mən işimi bu qədər görə bildim. Bizim başqa dostlarımız, ssenaristlərimiz, rejissorlarımız var, onlar daha gözəl işlər görsünlər. Biz borcumuzu belə qaytarmalıyıq, başqa necə ola bilər?!

Bu vaxta qədər yüzdən çox sənədli filmin müəllifi olmuşam. Amma hesab edirəm ki, bu film mənim üçün daha doğmadır.

- Bu sənədli filmi çəkərkən Polad Həşimov haqqında daha nələri öyrəndiniz?

- Çox şeyləri öyrəndim. Poladın zabit yoldaşı olmuşam, amma onunla hansısa bir döyüşdə iştirak etmək mənə qismət olmayıb. Tam səmimiyyətimlə deyirəm, bu filmin çəkilişində hiss edirdim ki, işimiz ilan boğazından keçir. Hansısa bir qurum ya mane olmaq istəyir, ya laqeydlik edir, yaxud nəyəsə görə istəmir. İşimiz daralanda deyirdim ki, Polad köməyimizə gələcək. Elə məqam gəlirdi ki, artıq o daralan yollar açılırdı. Elə günlər olurdu ki, iş görə bilmirdik. Bu da təbii ki, çəkiliş günlərinə təsir edirdi.

Məlumdur ki, film çəkiləndə hazırlıq dövrü olur, ondan sonra çəkiliş vaxtı başlayır. Amma bizdə çəkiliş vaxtı tez-tez dəyişirdi. Çünki ciddi qurumların icazəsini almaq lazım idi.

Poladla bağlı filmin çəkilişi Azərbaycan-Türkiyə ordularının birgə genişmiqyaslı hərbi təlimləri günlərinə təsadüf etmişdi. Bu mənada bizim səlahiyyətlilərin də başı qarışıq idi. Çünki qızğın təlimlər gedir, biz də həmin vaxt çəkiliş aparırıq. Bu da ciddi təsir göstərirdi. Amma sağ olsun, İTV-nin rəhbərliyi sonuna qədər bu işin arxasında dayandı.

- Polad haqqında təəssüratlarınız bu filmdən sonra dəyişdimi?

- Poladı yaxşı tanıyırdım və onun necə bir insan olduğunu bilirdim. Danışılanların çoxunu ordan-burdan eşitmişdim, amma bəzi şeylər vardı ki, eşitməmişdim. Çünki Polad özü bunları gizlədirdi. Poladı ordu cameəsi, yaxın dostları və qohumları tanıyırdı. Onu geniş ictimaiyyət tanımırdı. Polad haqqında haradasa bir informasiya çıxanda tez sildirirdi. O, general-mayor rütbəsi alanda mən heç təbrik də etmədim. Çünki istəmədim kənar kimlərsə bilsin, düşmənlər baxır.

Bu film ərəfəsində başımıza gələn hadisələrdən sonra Allahın varlığına daha çox inanmağa başladım. Çünki Polad mənim üçün imanlı bir adam kimi təcəlla etdi yenidən. İş çətinə gedir, hətta ayağıma daş dəyirdi, deyirdim, düzələcək, Polad buralardadı, hər şeyi həll edəcək. Doğrudan da elə olurdu. Bəzən 5-6 saat sonra, bəzən bir gün sonra bağlı yollar açılırdı.

Ümumilikdə film çəkilişləri 10 gün sürdü. Bəzən çəkiliş etmək istəyirik, yağış başlayır, təxirə düşürdü. Ya bir də görürdünüz külək oldu və sair. Şükür, hamısını adladıq.

- Filmdə diqqətimi çəkən digər məqam sizin oxumağınız oldu...

- Mən müğənni deyiləm. Onu rejissorun təklifi ilə oxudum. Bu, ilk deyil, bir dəfə də İTV-də Şuşanın İcra hakimi mərhum Mikayıl Gözəlovla bağlı bir film çəkmişdik. Onun qətlindən bir neçə ay sonra Şuşa işğal olundu. Mikayıl Gözəlov çox böyük dövlət xadimi idi. Filmdə dostların və rejissorun təklifi ilə onun haqqında bir bayatı oxudum. Bayatı belə idi:

Əzizim Şuşa qala,

Yolları şüşə qala.

Mikayıl öldü getdi,

Çətin ki, Şuşa qala

Bu bayatını jurnalist araşdırmaçı Kərim Kərimli yazıb. Mikayıl Gözəlov qətlə yetirilən gün bütün şuşalılar o bayatı oxuyurmuşlar. Çətin ki, Şuşa qala... Bir də bu filmdə oxumuşam...

- Çox qeyri-adi səsiniz var...

- Bir tərəfim qarabağlıdır, olmalıdır.

- Yəni filmdə ifanız öncədən ssenariyə salınmamışdı?

- Yox, rejissor dedi ki, belə bir fikrim var, bəlkə oxuyasan? Mən də razılaşdım. Hərdən dost məclislərində də oxuyuram.

- Polad Həşimovun ailə üzvləri ilə görüşüb əlaqə saxlayırsızmı? Onların filmə münasibəti necə oldu?

- Poladın doğulduğu Qəbələ rayonuna getmişdim. Orada onun qaynı Babəklə tanış oldum, sonra qardaşı İlhamla danışdım. Poladın ailə üzvləri ilə elə də yaxınlığım olmayıb. Çünki biz ailə dostu olmamışıq. Polad özü də mühafizəkar adam idi. Xüsusi olaraq ailəsinə hər adamı buraxmaq kimi bir xasiyyəti yox idi. Sağ olsun, Babək bizə Vəndam kəndində film çəkilişində, yer seçimində çox kömək etdi. Poladın qardaşı da öz köməkliyini etdi.

Hazırda Silahlı Qüvvələrdə xidmətdə olan Yaşar Səfərovla Polad çox yaxın dost olublar, biz bir yerdə hərbi xidmət keçmişik. O da Poladla döyüşən adamların tapılmasında çox kömək etdi.

Hamı gedib Polad Həşimovun ailəsindən, qardaşından, anasından müsahibə almışdı. Düşündüm ki, daha bunları ediblər, təkrar etməyin mənası yoxdur. Təbii ki, çəkilən hər bir filmdə böyük əziyyət var, amma biz də belə film çəkmək istədik.

- Generalın dostları sizə informasiya verməkdə maraqlı idilərmi?

- Çox rahatlıqla informasiya verdilər, heç birində problem olmadı. Çünki Polad elə bir şəxsiyyətdir ki, kimə nə dedimsə, etdilər. Günün ən qızmar çağında Xocasən düzlərinə gəlirdilər və saatlarla gözləyirdilər. Poladın çox yaxın dostu var, ailə həkimi olub, özü adının çəkilməsinə icazə vermir. Onun bu işlərdə çox əziyyəti oldu. Atışma səhnələrində o şəxsən gəlib avtomatı açıb boşaldırdı ki, ehtiyatlı olsunlar, uşaqlar bir-birinə xətər yetirməsinlər.

Təbii ki, çəkilişdə təlimatçılar var idi, amma o da zabit olduğu üçün təlimatçılara kömək edirdi. Günün istisində bizə tərpənməyə imkan vermirdi, naharı, şam yeməyini özü hazırlayırdı. Poladı hətta onu tanımayanlar da sevir. Bu da Azərbaycan generalına, hərbiçisinə olan bir hörmətdir, sevgidir. Əvvəllər deyirdilər ki, rütbəsinə görə hörmət edirlər, amma Polada özü olduğuna görə hörmət edirlər. Hərbi hissə komandiri ola-ola özü əsgərlə posta çıxırdı, əsgərin gücü çatmadığı yükü özü götürürdü. Bu məqamları filmdə canlandırmağa çalışmışıq.

- Maraqlıdır, niyə Poladın 7 anı?

- Biz filmdə Poladın həyatını 7 ana bölmüşük. Onun uşaqlığı, orta məktəb dövrü və kursantlığı, sonra Murov döyüş bölgəsində hərbi xidməti. Daha sonra onun hərbi hissə komandiri kimi fəaliyyət dövrü gəlir. Digər anında 2016-cı ilin aprel ayına qədər Daşkəsəndə olan xidməti əhatə olunub. Poladın altıncı anı Tovuzda gedən son döyüşü əks olunub. Bütün film boyu poladdan bayraq dirəyi düzəlir. Poladın yeddinci anında isə oğlu Davud bayrağı yelləyərək torpağa sancır. Poladın 7 anını bu qısa filmdə çatdırmağa çalışdıq.

- Filmə baxanların reaksiyası necədir?

- Yenə deyirəm, çox hörmət etdiyim dostlar var, bəzi məqamları bəyənmir. Mən onlara haqq qazandırıram. Belə alındı. Amma geriyə dönsəm, filmə yenidən başlasam, bir az da başqa cür edərdim. Çünki hər görülən işə baxandan sonra görürsən ki, o şeyi daha yaxşı etmək olardı. Allah deyilik ki, yaratdığımıza ali varlıq deyək...

Foto: Ceyhun Rəhimov


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər