Erməni əsirliyində olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ailəsinə qarşı haqsızıq olunduğunu iddia edir.
Bu barədə Teleqraf.com-a Kürdoğlu Əsgərov özü məlumat verib.
O bildirib ki, atası 2001-2002-ci illərdə ailənin dolanışığı üçün Şəmkir və Daşkəsən rayon ərazisində Bələdiyyə mülkiyyətində olan 35 hektara yaxın bağ sahəsini uzun müddətə (15 illik) icarəyə götürüb:
“Həmin sahədə 70 qoz ağacı, 700-ə yaxın isə müxtəlif meyvə ağacları var idi. Bağ sahələri ilə yanaşı, bizim orada fermamız və qalacaq yerimiz də olub ki, onların hamısını Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin işçiləri traktorla dağıdıblar. Buna səbəb Şəmkir rayonda tikilən Seyfəli dəryaçası adlanan su anbarı layihəsinin bizim istifadəmizdə olan bağ sahəsinin ərazisinə düşməsi olub”.
İddiaçının sözlərinə görə, onlarla yanaşı ərazidə zərərçəkmiş digər şəxslər də var, amma onlara dəymiş zərər kompensasiya olunub:
“Mütəxəssislərin hesablamalarına görə, bizə dəyən zərərin miqdarı 1 549 860 (Bir milyon beş yüz qırx doqquz min səkkiz yüz altmış) manatdır. Bu məbləğ dövlət büdcəsindən ayrılsa da, həmin vəsait bizə ödənilməyib. Atam 2014-cü ildə Kəlbəcər rayonunda əsir düşməzdən əvvəl bu məsələlər həll edilmə mərhələsində idi.
Meliorasiya və Su Təsərrüfatının işçiləri atama söz vermişdirlər ki, tezliklə pulunuzu ödəyəcəklər. Hətta atama müxtəlif yerlərdə bank hesabları da açdırmışdılar ki, vəsait hesabınıza köçürüləcək. Atam əsir düşəndən sonra bu məsələni dayandırdıq. Ailəmizin başı atamı əsirlikdən azad etmək uğrunda işlərə qarışdı”.
Kürdoğlu Əsgərov deyir ki, sözügedən məsələni 7 il sonra ictimailəşdirməsinin yeganə səbəbi atasıdır:
“Bu məsələni heç vaxt ictimailəşdirmək istəmirdim ki, düşmənimiz olan erməni bundan istifadə etməsin. Amma atam özü də dəfələrlə bizə yazdığı məktublarda torpaq məsələsinin nə yerdə olduğunu və bununla bağlı aidiyyəti qrumlara müraciət etməyimi tövsiyyə edirdi. Sonda qərara gəldim ki, atam 7 ilə yaxındır erməni girovluğundadır, yenə də bizi düşünür. Mən də hər dəfə müxtəlif bəhanələr yazırdım, istəmirdim ki, atama alınmadığını deyəm”.
Kürdoğlu Əsgərov onu da vurğulayıb ki, əgər məsələ yaxın vaxtlarda həllini tapmasa, məhkəməyə müraciət edəcək:
“Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə bildirir ki, guya orada bizə aid bağ sahəsi, ağaclar, ferma olmayıb. Amma mən də deyirəm ki, 2001-2002-ci illərdə Şəmkir və Daşkəsən rayon ərazisində bağlanan icarə müqavilələrinin əsli bizim əlimizdədir. Məsələ ilə bağlı dövlət başçısına da müraciət etmişəm. Bizim haqqımız Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən kobud şəkildə pozulub.
Dövlət büdcəsindən 1 milyon 549 min 860 manat ayrılıb, əfsuslar olsun ki, bu vəsaitin kimlər tərəfindən mənimsənildiyi barədə məlumatımız yoxdur. Əgər məsələ yaxın vaxtlarda həllini tapmasa, şəxsən atam Dilqəm Əsgərov Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəni məhkəməyə verəcək. Atam getməmişdən öncə anama verdiyi etibarnamə əsasında Dilqəm Əsgərov iddia ərizəsi ilə məhkəməyə və aidiyyəti qurumlara müraciət edə bilər”.
Kürdoğlu Əsgərov deyir ki, atasının Kəlbəcər rayonunda girov düşməsində daxildən kimlərinsə əlinin olması yönündə müəyyən şübhələri var: “Atam dəfələrlə Kəlbəcər rayonuna gedib, öz doğmalarının məzarını ziyarət edib qayıdıb. Necə olur bu milyon yarım vəsaiti almaq ərəfəsində atam Kəlbəcər rayonuna gedir və ermənilərə girov düşür?! Bu, bizdə ciddi şübhələr yaradır. Bəlkə bu milyon yarıma görə kimlərsə Dilqəm Əsgərovu satıb?!”
Dilqəm Əsgərovun vəkili Əziz Qənbərov Teleqraf.com-a bildirib ki, hüquqlarını qoruduğu şəxsə ayrılmış kompensasiya mənimsənilib:
“Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssisləri tərəfindən hazırlanan hesabatada da Dilqəm Əsgərova dəyən zərərin məbləği 1 milyon 500 min manatdan yuxarı olduğu yazılır. Dəfələrlə ASC-yə müraciət olunsa da, cəmiyyət israrla Dilqəm Əsgərova aid torpaq sahəsinin olmadığını bildirir. Amma əslində, əlimizdə bunun əksini sübut edən icarə müqavilələri var. Bu icarə müqaviləsi əsasında da Dilqəm Əsgərovun ailəsinə dəyən zərər kompensasiya ödənməlidir.
Artıq iş üzrə sənədlər hazırlanıb, yaxın vaxtlarda aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunacaq. Məlumat var ki, Dilqəm Əsgərova vəsait ayrılıb, ancaq ona ödənilməyib. Bu vəsaitin kimlər tərəfindən mənimsənilməsinə dair hüquq-mühafizə orqanlarına və Respublika Prokurorluğuna müraciət olunacaq ki, bu müstəvidə də araşdırma aparılsın”.
Xatırladaq ki, 2014 cü ilin iyunun 11-də Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov yaxınlarının məzarını ziyarət etmək üçün Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna gediblər. Həmin gün Şaplar kəndində Ermənistan silahlı qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb. Həsən Həsənov isə güllələnərək öldürülüb.
Qeyd: Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.