8 Sentyabr 2020 14:02
1 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın baş infeksionisti, tibb elmləri namizədi Cəlal İsayev Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Doktor, artıq bu gündən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır. Sizcə, bu, yoluxma sayına necə təsir edəcək?

- Hesab edirəm ki, verilən tövsüyələrə əməl olunsa, ciddi təsiri olmayacaq. Çünki adətən rayona gedən adamlar yaxın qohum və ya bir ailə olur. Onlar gedib rayondakı evlərində bir həftə, 10 gün istirahət edib qayıdırlar. Hələlik şəhərlərarası və rayonlararası sərnişindaşıma bərpa olunmayıb. Təbii ki, həmin şəxslər öz avtomobilləri ilə gedəcəklər və öz evlərində qalacaqlar.

Onlara məsləhət görərdim ki, rayondakı qohum-əqrabalarından yaxın təmasdan çəkinsinlər. Təmasda olarkən qısamüddətli görüşsünlər, məsafəni gözləsinlər. Yaxşı olar ki, telefonla əlaqə saxlasınlar.

Xəstəliyin yayılması nöqteyi-nəzərindən bu dövür çox təhlükəlidir. Həm Bakıdan gedənlərin, həm də rayonda olanların bir-birini yoluxdurma ehtimalı var. Demirəm yoluxduracaqlar, sadəcə o ehtimalı nəzərə alıb insanlar verilən tövsüyələrə mütləq əməl etməlidirlər. Rayon yerlərində insanların çox olmaması müəyyən qədər bizə ümid verir ki, məhdudiyyətlərin aradan qalxması yoluxma hallarının artmasına təsir etməyəcək.

- İlk gündən rayonlara gediş-gəlişin tərəfdarı olmusuz. Sizcə, bundan sonra karantində olmayan rayonlarda vəziyyət necə dəyişəcək?

- Hər kəs öz fikrini söyləyə bilər. Müəyyən mexanizmlər işlənilib hazırlandıqdan sonra insanların rayona buraxılmasına tərəfdar olmuşam. İndi bu mexanizmlər işlənilib hazırlandı. Demək olar ki, hazırda yoluxma halları yüksək olaraq qalır. Yəni hələ də üç rəqəmli yoluxma hadisələri var. İnsanlarımız bunu mütləq nəzərə almalıdırlar. Həm özümüzün, həm də digər yaxınlarımızın sağlamlığı nöqteyi-nəzərindən heç vaxt arxayınlaşmaq olmaz.

Son dövrlər cavanlar arasında yoluxma halları artıb. Hazırda 40 yaşa qədər cavanlar arasında yoluxma halları 40 faizə qədər artıb. Cavanlar xüsusən diqqətli olmalıdırlar, çünki onlar daha fəaldırlar, dinamikdirlər və başqalarını yoluxdurma riski yüksəkdir. Elə rayonlar var ki, orada COVID-19 virusunun yayılma səviyyəsi çox aşağıdır. Bakıdan virusa yoluxmuş bir insanın xəstəliyi ora aparması neçə-neçə insanın, ailənin, qohumların yoluxmasına səbəb ola bilər.

- Rayonlara gediş-gəlişin bərpa olunması ilə bağlı hazırlanan mexanizmləri necə dəyərləndirirsiz?

- Hazırlanan mexanizmlərə əməl olunarsa, yolxuma ehtimalı o qədər də yüksək olmayacaq. Yəni Bakı şəhərində o ehtimal nə qədərdirsə, rayonlarda hətta ondan da aşağı olacaq. Çünki rayonlarda əhali Bakıdakı kimi sıx deyil, insanlar çıxıb parklara, əyləncə mərkəzlərinə getmirlər, hər kəsin öz həyəti var.

Təəssüf ki, bu il baş çəkə bilməsəm də, mən də hər il rayona gedirəm. Orada bağçada, həyətdə öz işlərimlə məşğul oluram. Kiminsə yanına getmək heç yadıma da düşmür. Bir də görürsən ki, qohumlar zəng vurub “brdasız, bəs bizə niyə gəlmirsiz?” deyir.

Bütün insanlar bu cür hərəkət etsələr həm öz təsərrüfatları ilə məşğul olarlar, həm başları qarışar, həm də havalarını dəyişərlər. Bu da yoluxmaya yox, insanların immun sisteminin müəyyən qədər möhkəmlənməsinə gətirib çıxarar.

- Sentyabr ayında bir sıra yumşalma olacaq. Belə ki, mərhələli şəkildə məktəblərin açılması planlaşdırılır. Sizcə, azyaşlı uşaqlar maska taxmalıdırmı, onlar risk qrupuna daxildirmi?

- Ümumiyyətlə, yoluxma nöqteyi-nəzərdən bütün insanlar risk qrupuna daxildir. Adətən 5 yaşa qədər uşaqlar hazırlığa, 6 yaşdan yuxarı uşaqlar birinci sinifə gedirlər. Yəni məktəb müəyyən yaş qrupunda olan insanların çox toplaşdığı məkandır. Çalışmaq lazımdır ki, təhsil müəssisələrində məsafə gözlənilsin.

Təhsil Nazirliyinin qərarına görə, siniflərdə uşaqların sayı çox olmayacaq və məsafə gözləniləcək. Bundan əlavə, maska taxmağı bacaran uşaqların maskadan istifadə etməsi yaxşı olardı. Adətən məktəb yaşda olan uşaqlar maskadan istifadə etməyi bacarmırlar. Bu isə yoluxmanın artmasına səbəb ola bilər. Buna görə də həm müəllimlərin, həm də valideynlərin üzərinə böyük məsuliyyət düşür.

Əlbəttə, çox kiçik yaşlı uşaqlar maska taxa bilməz. Amma nisbətən böyük uşaqlara maska taxmaq vərdişini aşılamaq lazımdır. Təhsil Nazirliyi bu barədə xüsusi qərar verib. Hesab edirəm ki, bu qərarlara əməl olunsa, məktəblərdə yoluxma halları o qədər də yüksəlməz.

Əgər uşaqlarda hər hansı narahatlıq olarsa, məktəbə buraxmaq olmaz. Onlar mütləq həkim nəzarətindən keçirilməlidir. Hər bir məktəbdə tibb işçisi var, amma əsas məsələ yenə də valideynlərin üzərinə düşür. Valideyin hiss etsə ki, axşamdan uşağının səhhətində nəsə narahatlıq var, onun məktəbə getməsinə yol vermək olmaz.

Məktəbin tibb işçisi uşağın səhhətindəki narahatlığı ortaya çıxarana qədər uşaq bir neçə məktəbli ilə təmasda olacaq. Bundan əlavə, əgər virusa yolxumuş uşaq varsa, tənəffüs vaxtı yoluxma hallarının artma ehtimalı var.

Vaxtaşırı dezinfeksiya işlərinin həyata keçirilməsi çox önəm daşıyır. Əgər bu mexanizmlər işlənib hazırlanmasaydı, çox güman ki, məktəblərin açılmasına icazə verilməzdi. Hesab edirəm ki, insanların birgə səyi nəticəsində bu xəstəliyin yayılma ehtimalı aşağı olacaq.

- Necə hesab edirsiz, məktəblərdə tibbi personalın sayının artırılmasına ehtiyac varmı?

- Deməzdim ki, artırmağa ehtiyac var, bir nəfər orta tibb işçisi kifayət edir. Bəzi böyük məktəblərdə həkimlər də işləyir. Müəyyən normativlər var, indi bütün siniflərdə dərs olmayacaq, yəni müəyyən fasilələrlə keçiriləcək. Bunların hamısı nəzərə alınıb .

- Sentyabrın 15-dən bağçaların mərhələli şəkildə işə başlaması gözlənilir. Buradakı uşaqlar risk qrupuna daxildirmi?

- Yox, bağçadakı uşaqlar risk qrupuna daxil deyil. Amma bağçada uşaqların da yoluxma ehtimalı var. Təbii ki, yoluxan uşaqlar arasında bu xəstəlik yüngül keçir və ağırlaşma ehtimalı demək olar ki, yox dərəcəsindədir. Amma bu uşaqlar evdə valideynlərini yoluxdura bilər. Əgər hər hansı bir körpədə virus varsa, evdə və ya olduğu yerdə digər bir körpənin yoluxma ehtimalını artırır. Ona görə bağçalara verilən təlimatlara da ciddi riayət etmək lazımdır.

- Doktor, bəzi ölkələr artıq peyvənd istehsalı ilə bağlı öz uğurlu təqdimatlarını edirlər. Hansı ölkənin vaksinini məqsəduyğun hesab etmək olar?

- Burada tələsmək yolverilməzdir. Təklif olunan vaksinlərə tam etimad yoxdur. Çünki onların nə qədər qoruyacağı, hansı yan təsirlərinin olub-olmayacağı haqqında məlumatısızıq. Doğrudur, bu vaksinlərin hamısının sınaqdan keçirildiyini və onları tətbiq etməyin mümkünlüyünü söyləyirlər. Amma hər halda tələsməyə o qədər də ehtiyacımız yoxdur. Bir neçə ölkənin vaksini tətbiq olunacaq, seçim bizim mütəxəssislərindir. Son nəticədə hansı vaksinin daha effektli və təhlükəsiz olması müəyyənləşəndən sonra prosesə start verilə bilər.

- Ölkənin hazırkı epidemioloji vəziyyətini necə dəyərləndirirsiz?

- Hazırda epidemioloji vəziyyət nəzarət olunandır. Çox vaxt gündəlik yoluxma sayı 3 rəqəmli ədədlə ifadə olunur. Buna baxmayaraq son dövrlər yoluxma hadisələrində sabitləşmə yaranıb. Yoluxma halları adətən 130, 140, 150, 160 rəqəmləri arasında dövr edir. Amma deyərdim ki, bu göstəricilər də yüksəkdir.

Vətəndaşlara bir daha müraciət edirəm, baxmayaraq ki, ölkəmizdə yoluxma sayında sabitləşmə var, bir sıra açılmalara gedilir, amma insanlarımız maskadan istifadə etsinlər, sosial məsafəni saxlasınlar. Buna əməl etməyən vətəndaşları da qaydalara riayət etməyə çağırıram. Qarşıdan payız gəlir, soyuq havalar başlayır. Yanaşı gedən xəstəliklərinin kəskinləşməsi, respirator virus infeksiyalarının yayılması bu xəstəliyin ağır gedişlərinə səbəb ola bilər. Hətta xəstəliyin yayılmasını daha da sürətləndirə bilər.

Məsələn, bəzi şəxslər virus daşıyıcısı olsa da, onda xəstəliyin heç bir əlaməti müşahidə edilmir, virusu isə yayır. Respirator virus infeksiyasına yoluxmuş adamın o virusun yayılmasını qat-qat sürətləndirə bilir. Bu nöqteyi-nəzərdən insanları daha diqqətli və məsuliyyətli olmağa dəvət edirəm.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər