Uşaqlar müəllimin ağzından çıxan hərfin şəklini görərək öyrənməlidir. Sinifdə müəllimin maska taxması doğru deyil. Dərs müddətində maskada danışmaq çox çətindir. Hipoksik vəziyyətdə olacaqlar. Müəllim niyə maska taxmalıdır? Özünü kimdən və ya kimi özündən qoruyur? Axı, sinifdə onun qarşısındakılar uşaqlardır. Uşaqlar isə risk qrupu deyil, yoluxsalar da çox yüngül keçirir, digər insanlar üçün yoluxma mənbəyi də sayılmırlar.
Teleqraf.com xəbər verir ki, bu fikirləri həkim-pediatr Aytən İsmayılzadə deyib.
O hesab edir ki, dərs müddətində müəllim maska taxmasa belə, özü, yaxud şagirdlərinin virusa yoluxması baş verməyəcək: “Xəstə müəllim məktəbə gəlməyəcək, yaxud gələndə hərarəti ölçüləcək. Hətta xəstəliyi simptomsuz keçirsə belə, deməli, yenə də yoluxma halı olmayacaq. Çünki sahibinə simptom verəcək dərəcədə xəstələndirə bilməyən virus yükü digər sağlam insanlar üçün təhlükə sayılmır.
Mən pediatram, uşaqlarla işləyirəm. Amma maska taxıram, çünki uşağın yanında valideyn, nənə-baba da gəlir”.
Aytən İsmayılzadənin sözlərinə görə, müəllim lövhə qarşısında uzaq məsafədə danışarsa, maskanı heç taxmamalıdır: “Qapalı məkandır deyib məsələni böyütməyək. Onsuz da muəllimlərin işi çətinləşib, üç növbə ilə dərs keçirlər. Hələ bir maska da tələb etmək doğru deyil.
Qapalı məkanda, iş yerində maska taxmaq başqa sahələrə şamil oluna bilər. Bu, uşaqlarla bir sinifdə olan müəllimə aid edilməli deyil.
Maskadan doğru istifadə zamanı nəzərə alsaq ki, o, iki saatdan bir dəyişilməli, virus yapışar deyə çənəyə salınmamalı, üzərinə əl vurulmamalı və sairə kimi qaydalar da var və heç kim buna əməl etməyəcək, deməli, müəllimlərin sinifdə maska taxmaq məsələsi formallıqdan başqa nəsə deyil.
Müəllimlərə mənim məsləhətim budur: çox nazik materialdan, havakeçirən çit parçadan maska taxın. Nəfəsiniz açıq olsun”.