Artıq dörd gündür pandemiya ilə bağlı dərslər distant və ənənəvi qaydada tədris olunur. Bu müddət ərzində valideyn və müəllimlər sosial şəbəkələrdə distant təhsilin problemlərindən şikayətlənirlər. Maraqlıdır, monitorinqlər aparılırmı? Problemlərlə bağlı tədbir görülürmü?
Təhsil Nazirliyindən Teleqraf.com-un sorğusuna cavabda bildirilib ki, nazirlik 4 müxtəlif situasiya üçün dərs cədvəli nümunəsi hazırlayıb. Dərs cədvəlləri həm məktəblərə göndərilib, həm də nazirliyin rəsmi saytında yerləşdirilib.
Bununla yanaşı, hər gün nazirliyin və yerli təhsili idarəetmə orqanlarının nümayəndələri məktəblərdə reydlər aparır, lazımi dəstək göstərirlər. Müəllimlərə distant (məsafədən) öyrətmə mövzusunda təlimlər keçilir, eyni zamanda yeni təlimlər planlaşdırılır.
Mövzu ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyir ki, hazırda qəbul olunan qərarlar situasiyaya uyğundur və müvəqqəti xarakter daşıyır: “İbtidai siniflərdə dərslər hibrid formada , yuxarı siniflərdə və ali təhsil müəssisələrində isə distant qaydada davam etdirilir. Əlbəttə, bu, bizim başqa çıxış yolumuzun olmadığını təsdiqləyir. Əgər hansısa imkan olsaydı, təbii ki, Təhsil Nazirliyi, ölkə rəhbərliyi başqa qərarlar qəbul edərdilər.
Vəziyyət ətraflı şəkildə araşdırılıb və situasiyaya uyğun addım atılıb. Qərar qəbul edilməzdən əvvəl müzakirələr apardıq, çoxsaylı tərəflər dinlənildi, dünya təcrübəsi öyrənilərək ən optimal variant kimi hazırkı qərar üzərində dayanıldı”.
Təhsil ekspertinin sözlərinə görə, qəbul edilən qərarlar nə qədər doğru və vəziyyətə adekvat sayılsa da, xeyli problemlər özünü göstərir: “Xüsusilə, internetlə, texniki vasitələrlə bağlı ciddi problemlər var. Nəinki şagirdlərimiz, müəllimlərimiz də distant təhsili tədris etmək üçün texniki vasitələrlə təminatda çətinlikıərlə qarşılaşırlar. Təhsil alanların internetə çıxışları olduqca zəifdir. Bu, xüsusilə aztəminatlı ailələrdə, dağ kəndlərində özünü büruzə verir. Hətta paytaxtda da bu problemlər mövcuddur.
Ümid edək ki, problem aradan qalxacaq, epidemioloji vəziyyət ölkədə kəskinləşməyəcək. Proses bütün hallarda izlənilir, vəziyyət yaxşılığa doğru gedəcəksə, təbii ki, qərarlar da dəyişəcək.
Məsafədən təhsil dedikdə yalnız internet üzərindən tədris nəzərdə tutulmur. Bu istiqamətdə dövlət nə lazımdırsa edir və edəcək. Məsələn, müəllimlərin əməkhaqqı olduğu kimi saxlanılır, heç bir problem yoxdur. Bütün müəllimlərimiz bu prosesdə aktiv iştirak edə bilməsə də, dövlət yenə də humanizm nümayiş etdirir”.
İlqar Orucov bildirib ki, hazırkı dönəmdə yaranan internet problemi ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şura təklif irəli sürüb: “Hesab edirik ki, internet tarifləri azaldılmalıdır. Mobil operatorlar bu ölkədə fəaliyyət göstərir, vəsait qazanırlar, sosial məsuliyyətlərini ortaya qoymalıdırlar. İnternet tariflərində ciddi güzəştlər edib, nəzərə almalıdırlar ki, bu, müvəqqəti çətinlikdir.
Fikrimcə, hazırkı zamanda hər şeyi dövlətin üzərinə atmaq yanlış addımdır. Bir insanın təhsil alması yalnız onun özünün uğur qazanması demək deyil, bu, həm də dövlətin gələcək inkişafı deməkdir.
Valideynlərimiz də məsuliyyətli davranmalıdırlar. Ümid edirəm ki, vəziyyət yaxşılaşacaq və bu gün bizi düşündürən problemlər aradan qalxacaq. Amma nə qədər ki, pandemiya dövrüdür, təhsilə dəstək olmaq hamımızın borcudur”.
Təhsil eksperti regionlardakı vəziyyətin ürəkaçan olmadığını deyib: “Regionlarda internet problemi paytaxtla müqayisədə daha ciddi, daha aktualdır. Bu baxımdan xüsusilə region məktəblərində çalışan müəllimlərin üzərinə böyük yük düşür. Region məktəblərində çalışan hər bir müəllim düşünməlidir ki, dövlət onun əmək haqqını saxlayır. Şagirdlərə dəstək versinlər, hətta onların evinə getmək lazımdırsa da, bunu da etsinlər. Bu çətin dönəmdə şagirdlərin təhsilsiz qalmaması üçün bütün alternativ mənbələri işə salsınlar.
Teledərslər layihəsi davam edir. Mən valideynlərimizə üz tuturam, övladlarına biganə olmasınlar. Teledərsləri izləməklə bağlı bu prosesdə övladlarına nəzarət etsinlər. Onların ev tapşırıqlarını yerinə yetirməsində kömək olsunlar. Əlbəttə, çatışmazlıqlar var, bunu gizlətməyə ehtiyac da yoxdur. Təhsildə var olan problemi gizlətmək gələcəkdə yeni problemlərin yaranması deməkdir. Bu baxımdan, mövcud çətinliklər deyilməli və onun həlli üçün alternativlər ortaya qoyulmalıdır”.