18 Sentyabr 2020 14:20
2 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alüminium falqalar mətbəxdə xanımların sevimli köməkçisinə çevrilib. Lakin onun haqqında demək olar ki, məlumatımız yoxdur.

Mövzu ilə bağlı Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov Teleqraf.com-un suallarını cavablandırıb.

- Usta, hansı hallarda alüminium falqalardan istifadə tövsiyə olunmur?

- Mətbəxlərdə alüminium falqadan tez-tez istifadə olunur. Amma nəzərə almaq lazımdır ki, sobanın istiliyi 200 dərəcədən artıqdırsa, nəyisə falqaya büküb bişirəndə bu, qidanın kirlənməsinə səbəb olacaq. Eyni zamanda turşuluq dərəcəsi yuxarı olan qida məhsulları var, məsələn, qatığınn ağzını falqa ilə bağlayıb sonra alüminium falqanı qaldıranda görürük ki, qida çirklənib.

Həmçinin, limon sıxılan ət, balıq məhsullarını, yaxud sulu yeməkləri falqaya büküb sobaya qoyanda, turşuluğu çox olan qida məhsullarında çirklənmə baş verir. Məsələn, şorbaları isidəndə üzərinə alüminium falqa vurulur. Bu da qidada alüminiumla çirklənməsinə səbəb olur. Ona görə də çalışmaq lazımdır ki, alüminium falqadan az istifadə olunsun. Məsələn, falqa kağızı tefal tavaya sərib, üzərində balıq bişirə bilərlər ki, tavanın zəhəri qidaya keçməsin.

- Alüminium falqalarla yanaşı, sobada ət məhsulları plastik torbalarda da bişirilir. Bunun qidalar üçün hansı təhlükəsi var?

- Plastik torbaların tərkiblərində bisfenol A maddəsi var. Bu maddənin əllə toxunan zaman ziyanı yoxdur. Lakin 200 dərəcə sobada bişirdiyimiz yeməyə artıq xərçəng hüceyrəsi bulaşdıra bilir. Bu səbəblə ən yaxşısı yağlı kağızdır. Bu torbalarda deşik olmur, qida bişən zaman şişir.

Əgər plastik torbada kimsə yemək bişirirsə, mütləq dəlik açmalıdır. Çünki bisfenol A maddəsi xərçəng hüceyrələrinin qidaya keçməsinə yardımçı olur. Reaksiyaya girdiyi zaman qidanın kimyəvi tərkibi dəyişir, həmin konserogn maddə qidaya keçir.

Bu torbalar eyni zamanda ekologiyaya zərər vurur. Torpaq bu məhsulları çürüdə bilmir, 100 illərlə qalır. Bu səbəblə yaxşı olar ki, ondan istifadə olunmasın. Ən yaxşısı yağlı kağızlardır.

- Qidaların bişirilməsi ilə yanaşı, saxlanması mövzusuna da toxundunuz. Bəzi insanlar ət və ət məhsullarını falqaya büküb dondurucuya qoyurlar. Bu doğrudurmu?

- Ümumiyyətlə, təkcə sobada deyil, sobadan kənarda da qatıq məhsulları, limon, asitli qidalar, ət məhsullarını falqaya bükmək tövsiyə edilmir. Dondurucudan çıxardıqda artıq qida məhsulu çirklənmiş olur. Buna görə də yaxşı olar ki, sobada yağlı kağızlardan istifadə olunsun. Çünki bişirmə kağızları zərərsizdir.

Dərin dondurucuda isə məhsulların politelin qablarda saxlanılması məqsədəuyğundur. Məsələn, alüminium qablar da var. Qatıq, limon suyuna batırılmış ət alüminium qabda saxlanılan zaman zəhərlənmə baş verə bilər. Alüminium qablar əvəzinə qida məhsullarını paslanmayan, zəhər buraxmayan qablarda saxlamaq tövsiyə olunur. Bunlar keramika, şüşə, politelin qablar ola bilər.

- Mətbəxdə alüminium tərkibli qablardan da çox istifadə olunur. Onun hansı zərərləri var?

- Araşdırmalara görə, alüminium qabların insan orqanizmi üçün başda sümük xəstəlikləri olmaqla, qan azlığı, sümük əriməsi, əqli cəhətdən geri qalmaq, xərçəng və sairə kimi zərərləri var. Təbii ki, bu proses tədricən baş verir. Yemək bişən zaman kirli buxar qalxır, buxar alüminiumla reaksiyaya girdiyi zaman, qidalara konserogen maddələr keçir. Bu da tədricən fəsadlara yol açır.


Müəllif: Aysel Azad