23 Sentyabr 2020 12:07
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya ilə əlaqədar mart ayından təhsil müəssisələrində dərslər onlayn tədris olunmağa başladı. Bu isə müəllim, şagird və valideynə çətinlik yaradır, narazılıqlara səbəb olur.

Tam orta məktəblərin birində Azərbaycan dili və ədəbiyyat müəllimi olan Həcər Paşayeva onlayn dərslər və təhsil sisteminin hazırkı vəziyyəti ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Həcər müəllim, onlayn dərslər necə gedir?

- Çox çətindir. Çünki "Microsoft Teams" proqramı ilə əlaqə yaratmaq problemlidir. Daim şagirdlər internetdəki problemlərdən şikayət edirlər. "Microsoft Teams" proqramı hazır olanadək bir neçə gün votsap üzərindən dərsləri tədris etdim.

- Gün ərzində onlayn dərslərə nə qədər vaxtınız gedir?

- Gün ərzində iki dərsim varsa, onu 2 yerə bölürəm. Yarım saat bir qrupa Azərbaycan dili keçirəm, yarım saat digər qrupa. Daha sonra 10 dəqiqə fasilə verib, 2 qrup şəklində ədəbiyyat fənnini tədris edirəm.

- Neçə şagirdiniz var? Dərslərdə iştirak edirlərmi?

- Hazırda iki sinif, beşinci və yeddinci sinifə dərs deyirəm. Qaçqın məktəbi olduğuna görə sinifdə uşaqların sayı çox deyil.

Uşaqlar eşidiblər ki, 5-11-ci siniflər 1 oktyabrdan dərsə gələcəklər. Ona görə də əksəriyyəti rayonlardadırlar, hələ geri qayıtmayıblar. Rayonlarda da internet olmadığına görə dərsi tədris etmək çox çətindir. Ümumiyyətlə, virtual dərslərin keyfiyyətini heç kim bəyənmir. Hansı məktəbdə ki, şagirdlər kompleks halda Bakıdadır, müəllim şagirdləri öz ətrafına yığa bilir. Sinifdə 30 şagird varsa, onların 20-nə müəllim dərs keçə bilir.

Mənim sinifimdə elə uşaqlar var ki, kirayə qalırlar, tez-tez yaşadıqları yerləri dəyişirlər, internet olmadığına görə də dərsə qoşula bilmirlər.

- Şagirdlərin dərslərə marağı necədir?

- Uşaqlar sinifdə necədilərsə, virtual dərslərdə də elədilər. Məsələn, mənim bir şagirdim çox aktivdir. Rayonda olmasına baxmayaraq, dərslərə daima qoşulur, gün ərzində daim dərs mövzuları barədə soruşur, digər fənlərlə maraqlanır. Sinifdə aktiv olmayan uşaqlar virtual dərslərdə də ya gizlənirlər, ya dərslərə qoşulmurlar, yaxud da valideyn işə gedir, uşaq vaxtında oyanıb dəsrə qatılmır. Virtual dərslərin keyfiyyətindən danışmağa dəyməz.

- Ötən tədris ilindəki onlayn dərslə hazırkı arasında fərq varmı?

- Bunu demək üçün tezdir. Ötən il mart ayında birdən-birə məktəblər bağlandı. "Microsoft Teams" proqramını yaradana qədər, uşaqları cəlb edənədək uzun müddət vaxt keçdi. Çox çətinlik çəkdik. Elə dərs mövzuları var ki, onları onlayn tədris etmək alınmır. Məsələn, ötən il dərs dediyim 6-cı sinifdə Azərbaycan dili fənnindən morfologiya mövzusunu keçə bilmirdim. Hətta məcbur qalıb, telefonla uşaqlara zəng vururdum. Bəzi uşaqlara votsapla izah edirdim, daha sonra "Microsoft Teams" proqramı ilə tədrisə başladıq.

- Valideynlə ünsiyyətdə olursunuz?

- Əlbəttə, uşaqların əksəriyyəti valideynin telefonu ilə dərsə qoşulur. Valideyn olmasa, bu dərsləri təşkil etmək ümumiyyətlə qeyri-mümkün olar, xüsusilə də aşağı siniflərdə. Yuxarı siniflərdə az-çox dərsləri təşkil etmək mümkündür. Valideynlər həm də çox narahatdırlar. Onlar üçün maraqlıdır ki, uşaq nəsə öyrənsin, əldə etsin.

- Dərslik problemi?..

- Dərs vəsaitləri var. Avqust ayından şagirdlərə elan verdik, hər birinə kitablar paylanıldı. Hər bir şagird dərsliklərlə təmin olundu. Rayonda olan şagirdlərin qohumu, valideyni dərslikləri təhvil aldı. Dərslik qismində çətinlik yoxdur.

- Bir müəllim kimi özünüzün təklifiniz varmı? Ənənəvi dərslər bərpa olunmalıdırmı?

- Bu, təkcə mənim yox, bütün müəllim ordusunun arzusudur. Sinifin aurası, şagirdlərlə canlı ünsiyyət çox vacibdir. Heç hiss etmirsən ki, 45 dəqiqə necə keçdi. Suallar, cavablar, müzakirələr, təkliflər - bunların həsrətindəyik. Virtual dərslər yarım saat keçir, mən sinifdə 45 dəqiqə keçdiyim dərsdə o qədər yorulmurdum, bu dərslərdə elə yoruluram.

- Artıq illərdir ki, dərslər kurikulum üsulunda keçirilir. Maraqlıdır, öyrəşə bilmisinizmi?

- Mən müəllimlərin 15-ci qurultayına nümayəndə idim. Müəllimlərlə müzakirə apardıq, bir müəllim belə kurikulum sistemindən razılıq etmədi. Azərbaycanda təhsilin geri düşməsinin başlıca səbəbi kurikulum sistemidir. Dərsliyi açırsan, məlumatlar səhv, çalışmalar az, o qədər cizgilər, diaqramlar var ki, qarışıq düşür. Yaradıcı müəllim bacarığını qabiliyyətini ortalığa qoyur, bütün cəhdləri şagirdi öyrətməyə yönəlir.

Müzakirələr, uşaqları qruplara bölmək onsuz da ənənəvi metodlarda da var idi. Mən uşaqlara azadlıq verməyi sevirəm. Tədris prosesində ilk işim fənnimi şagirdə sevdirmək olub. Şagird fənni sevməsə, oxumaz.

İkinci olaraq isə müəllim öz şəxsiyyətini uşağa sevdirməlidir. Şagird müəllimin həm şəxsiyyətini, həm də fənnini sevsə, o qədər gözəl nəticə əldə olunur ki... Fənni sevdirməyin, sevgini qazanmağın yolunu bilirik. Amma kurikulum sistemində summativləri yazdırmaq saxtadır, şagirdə məlumat vermir. 2 sətir yer verirlər ki, uşaq öz fikrini bildirsin.

Müəllimlərin əksəriyyəti saxta yolla qiyməti yazır ki, canını qurtarsın. Belə təhsil olmaz. Uşaq savad öyrənməlidir. Yeni metodda Azərbaycan dili dərsliklərinə nəzəri məlumatlarla bərabər uşaqların şəxsiyyət yönümlü inkişafı üçün hekayələr verirlər. Mətnlərə geniş yer verilib, amma nəzəri məlumatlar çox azdır. Şagird nəzəri məlumatı bilməlidir ki, sonra tətbiq edə bilsin. Şagird bunu bilməsə, gələcəkdə ondan nəsə gözləmək olmaz.

Metod kurikulum olsa da, mən dərsimi öz qaydamla keçməyə çalışıram. Məlumatlar az olsa da, ənənəvi metodda olduğu kimi tədris edirəm, bununla şagirdlər də dərsə maraqlı olur. Bədii mətnlər gətirir, müzakirələr aparıram.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər