15 Oktyabr 2020 12:12
2 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmiz 30 ilə yaxındır mənfur düşmən Ermənistanla müharibə şəraitindədir və hazırda münaqişənin gərgin günlərini yaşayırıq. Ötən ilin dekabr ayında Çində yayılan koronavirusla isə bir ilə yaxındır mübarizə gedir. Son günlər cəbhədən gələn şad xəbərlər virus təhlükəsini arxa plana keçirib.

Tibb professoru Ədalət Rüstəm Teleqraf.com-a müsahibəsində koronoviruslun yayılma səbəbləri, yoluxmada artan statistika haqqında danışıb.

Müsahibəni təqdim edirik.

- Doktor, ötən həftəyə qədər koronovirusda yoluxma statistikası ürəkaçan idi. Birdən-birə nə baş verdi?

- İlk səbəb budur ki, insanlar karantin qaydalarına, əks-epidemik tədbirlərə riayət etmirlər. İkinci səbəb payız mövsümüdür, üçüncü səbəb isə müharibə ilə əlaqədar bəzi ailələr sarsıdıcı xəbərlər alırlar, stresdədirlər, immunitetləri aşağı düşür. Bütün bunlar xüsusilə orta yaşlı insanlara mənfi təsir göstərir.

İnsanlar nə yediklərini bilmirlər, qidalarına diqqət yetirmirlər. Cəbhə xəttindən şad xəbərlərlə yanaşı, bəd xəbərlər də gəlir, pessimizm birbaşa orqanizmə mənfi təsir göstərir.

- Yəni demək istəyirsiniz ki, virusla mübarizədə müharibə işimizi çətinləşdirir?

- Müharibə dövründə virus infeksiyaları artır, somatik xəstəliklərsə azalır. Koronavirus müharibəyə mane olduğu qədər müharibə də koronavirusla mübarizəyə əngəl olur.

- Burada hansı faktor rol oynayır?

- Bu və ya digər yerlərdə, məsələn, hərbi komissarlıqların qarşısında qələbəlik müşahidə olunur. Sosial məsafə gözlənilmir, insanlar yaxın təmasda olur. İkinci səbəb, yaralı əsgərlərin yerləşdirildiyi hospitalların qarşısında sıxlıq olur. Əsgər yaxınları gəlir-gedir, əksəriyyəti də maskasızdır.

Üçüncüsü, Gəncədəki terror hadisəsini göstərmək olar, insanlar dağıntılar baş verən ərazilərə toplaşırlar. Bu şəraitdə pandemiya qaydaları ümumiyyətlə yada düşmür. Qeyd etdiyim faktorlar yoluxmanı artırır.

- Ermənistan iddia edir ki, fransız jurnalistlər Qarabağda koronavirusun yayılmasına səbəb olurlar. Bu iddia nə dərəcədə həqiqəti əks etdirir?

- Fransada koronavirus infeksiyası ilə mübarizə heç də ürəkaçan deyil, hər gün yoluxma artır. Məhz bu səbəblə virusun Fransadan yayılma ehtimalı yüksəkdir. Ancaq ona məsul tərəf Ermənistandır.

Cəbhə bölgəsinə daxil olan şəxsləri testdən keçirməlidirlər. Bu onların problemidir. Əslində buna sevinməliyik, virusun yayılması düşmən tərəfin döyüş qabiliyyətini aşağı salır.

- Peyvəndlə bağlı aparılan işlər nə yerdədir? Sevindirici xəbəri çox gözləyəcəyikmi?

- Peyvəndə ümid etmək olmaz. Fikrimcə, peyvəndin hazırlanmasına hələ iki il var. Hələlik ÜST-ün təsdiqlədiyi peyvənd yoxdur. Rusiya, Qazaxıstan, ABŞ və ya Yaponiyanın peyvəndini alıb, nəticə görən yoxdur.

Amma ölkələr ÜST-ə indidən peyvənd sifarişi edirlər ki, vaksin təsdiqləndiyi zaman arxa planda qalmasınlar. O cümlədən Azərbaycan peyvənd sifarişi verən ölkələr sırasındadır.

- Bəs virusun mutasiyası nə vaxta təsadüf edəcək?

- Peyvənd hazır olana qədər virus yox olacaq. Virus hər gün mutasiyaya uğrayır. İnsandan insana keçdikcə mutasiya edir. Mutasiya üç istiqamətdə gedir: COVID-19 bir variantda zəifləyir, bir variantda aqressivləşir, bir variantda isə olduğu kimi qalır.

Bu yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respblikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Evdə qal, ətrafını qoru” layhəsi çərçivəsində hazırlanıb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər