Bu gün ürəyimiz Qarabağla döyünür, bu gün hər kəs özünü qarabağlı hesab edir. Müharibənin getdiyi 1 ay ərzində Azərbaycan dünyanın ən gözəl üç rənginə - bayrağımıza bürünüb. Bayraq kimliyimizi, mənliyimizi, şərəf və ləyaqətimizi ifadə etdiyi qədər birliyimizi də əks etdirir. Müharibə şəraitini nəzərə alaraq, dövlətimizin bu rəmzinə tələbat xeyli artıb.
Teleqraf.com-un əməkdaşları bayrağın hazırlanma prosesi ilə tanış olmaq üçün ölkənin aparıcı bayraq istehsalçısı olan “Azəratribut” MMC-yə yollanıb.
11 ildən artıqdır fəaliyyət göstərən müəssisə dövlət bayrağı ilə yanaşı, xüsusi təyinatlı bayraqların da istehsalı ilə məşğuldur.
Müəssisəyə daxil olanda dayanmadan, eyni zamanda öz işini sevərək icra edən insanları gördük. Bayrağa tələbatın artdığını nəzərə alaraq, fabrikin icraçı direktoru Məlahət Kəlbiyeva da iş başında idi.
On ildən çoxdur burada çalışan Məlahət xanım işindən qürur duyduğunu bildirir. Müəssisənin fəaliyyətindən danışan müsahibimiz deyir ki, bayraq istehsalı olduqca çətin və məsuliyyətlidir: “Hazırda öllkədə bayraq istehsalında üstünlük təşkil edən yeganə müəssisəyik. Bayraqdan başqa heç bir istehsal prosesi ilə məşğul deyilik. İşimizi həddən artıq çox sevirik. Müştərilərimiz dövlət müəssisələridir. Bayrağa ən çox önəm verən, ən keyfiyyətli bayrağı sifariş verən Müdafiə Nazirliyidir. Çünki həmin bayraqlar hər cür hava şəraitində - qarda, yağışda, küləkdə aşağı endirilmir. Bu bayraqlar cırılmaya, boyasının davamlılığına görə 4-5 bal dəyərində ölçülür”.
Məlahət Kəlbiyeva deyir ki, bayrağın istehsalında istifadə olunan xammal və texnologiyaya xüsusi diqqət yetirilir: “İstifadə etdiyimiz avadanlıqlar Yaponiyanın “Mimaki” şirkətinə aiddir. Bahalı avadanlıqlardır və onlarda istehsal edilən məhsul çox keyfiyyətli olur. Əsas işləri avadanlıqlar görür. Demək olar ki, hər il yeni avadanlıqlar alırıq. Bu il tələbat artdığı üçün əlavə avadanlıqlar sifariş vermişik. Yeni işçilər də işə götürəcəyik. Hazırda tikiş bölməsində işçiyə ehtiyacımız var. Hər adam bayraq tikə bilmir. Bu, böyük məsuliyyət və peşəkarlıq tələb edən işdir”.
Müsahibimiz deyir ki, sifariş qəbul edən zaman bayrağın asılacağı məkan barədə məlumatın alınması vacibdir: “Hər parçanın istifadə olunacağı məkana uyğun təyinatı var. Məsələn, dəniz kənarında nəmişlik çox olduğu üçün oranın parçası tamamilə fərqlidir. Bayraqların hazırlanmasında altı növ parçadan istifadə olunur. Nəzərə alaq ki, Bakı küləklər şəhəridir. Buna görə də, parçanın küləyə davamlı olmasına diqqət yetirilir. Əgər bayraq açıq havada asılacaqsa, onun tikişlərinə küləyə qarşı xüsusi gücləndiricilər verilir.
Əvvəllər xammalı Koreyadan, Rusiyadan alırdıq. Hazırda bütün təchizat sistemimizi Türkiyəyə köçürmüşük. Türkiyənin ən inkişaf etmiş şirkətləri ilə müqavilə bağlamışıq, alman istehsalı ilə toxunmuş parçalar xüsusi paketlərdə ölkəmizə gətirilir. Parçaların toxunuşu bizi qane edirsə, tələblərə uyğun parçalar sifariş edirik.
Əsasən ipək qarışıqlı atlas parçadan istifadə edirik. Onlar həm bahalı, həm də uzunömürlüdür. Yuyulmaya davamlıdır, küləkdə, yağışlı havalarda keyfiyyətini itirmir. Xüsusi toxutdurduğumuz ipək qarışığı olan sətin materialdan da istifadə edirik. Eyni zamanda, "raşel setka" deyilən, yaxud paraşüt materiallarından hazırlanan parçalar var ki, bunlar dağlıq ərazilərə yararlıdır”.
Söhbət əsnasında bayrağın hazırlanma prosesini görməyə səbrsizlənirdik. Bu səbəblə vaxt itirmədən bayrağın istehsal mərhələləri ilə tanış olmağa başladıq. Məlahət Kəlbiyeva bildirdi ki, bayraq beş mərhələdən keçərək ərsəyə gəlir: “İlkin mərhələdə bayraq kağız üzərinə həkk olunur. Bu kağızlar xüsusi hazılanan sublimasiya kağızıdır. Onlar rəngi özünə çəkir və boyanın parçaya ötürülməsinə köməklik göstərir.
Parçaların boyanı özünəçəkmə qabiliyyəti, tikişin özünü doğrultması, qırışlar vermədiyi müəyyən olunsun deyə, istifadədən öncə o, testdən keçirilir. Parça bütün standartlara cavab verdikdən sonra istehsal prosesinə göndərilir”.
Beləliklə, istehsal prosesinin ikinci mərhələsi başlayır. Parçalar təyinatı üzrə yoxlanışdan keçirildikdən sonra ütü və presləmə prosesi aparılır. Məlahət xanımın sözlərinə görə, bu proses parçanın davamlı olmasında xüsusi rol oynayır: “Parçalar 400 dərəcə istilikdə ütülənir. Parça bişməsə, məsamələr sıxılmasa, effekt alınmır.
Üçüncü mərhələ termopress çap adlanır. Bu mərhələdə bayraq təsviri 200 dərəcə istilikdə kağızdan parça üzərinə köçürülür. Hazırlanan bayraqlar kəsimə göndərilir. Sonuncu mərhələdə isə bayraqlar tikiş prosesinə başlanılır”.
Proseslərin gedişi ilə tanış olduğumuz zaman müəssisənin əməkdaşlarının üzündəki qürur və məğrurluq hissini görməmək mümkün deyildi. Onu da deməliyəm ki, müharibə şəraiti ilə əlaqədar bayraqlara tələbatın çoxalması onların iş saatının artmasına səbəb olub. Hazırda ordu üçün çalışdıqlarını deyən Məlahət Kəlbiyeva bildirir ki, müəssisədə Azərbaycan bayrağı ilə yanaşı, digər ölkələrin bayraqları da istehsal olunur: “İş saatımız səhər saat 9-dan axşam 18:00-a qədər olsa da, mövcud vəziyyətlə əlaqədar gecə saat 12-yə kimi çalışırıq. Müəssisə təyinat üzrə çalışdığına görə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Ölkədə fəaliyyət göstərən bütün bayraq muzeylərinə bayraq vermişik.
Bu gün Azərbaycan və Türkiyə bayrağına tələbat bərabər səviyyədədir. Yanaşı olaraq Pakistan və İsrail bayraqlarının da sifarişləri gəlir. 5 santimetrdən tutmuş, 25 metrə qədər hər növ və ölçüdə bayraq istehsal olunur. Böyük bayraqlara tələbat daha çoxdur. Parçaları kvadratmetrlə aldığımız üçün bayraq istehsalının həcmi də kvadratmetrlə hesablanır. Gün ərzində minimum 500 kvadratmetr bayraq istehsal edirik”.